28 May 2024 23:28
601
GÜNDƏM

Prezidentlə birinci xanım Xocalıya köçən sakinlərlə görüşdü - FOTOLAR + VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə sakinlərlə söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz. Qədəmləriniz mübarək. Allah Sizi qorusun.

Mehriban xanım Əliyeva: Sizi təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Salam. Siz də xoş gəlmisiniz.

Sakin: Allah Sizi qorusun. Allah Sizə cansağlığı versin. Sizinlə fəxr edirik. Nə yaxşı ki, varsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Xocalı necə gözəlləşib.

Sakin: Gözəldir, Sizin sayənizdə, hamımız minnətdarıq. Bütün xocalılılar Sizə minnətdardır, cənab Prezident. Nə yaxşı ki, bizim belə Prezidentimiz var. Vallah, Sizinlə fəxr edirik. Sevincimizin həddi-hüdudu yoxdur.

Prezident İlham Əliyev: Sağ olun. Bu gün bayram günüdür, Müstəqillik Günüdür. İlk növbədə, Sizi Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sakin: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Bu gözəl gündə xocalılılar artıq qayıdırlar.

Sakin: Bəli, görüşdük.

Prezident İlham Əliyev: Həm görüşürük, həm də ki, birinci 20 ailə Xocalıya qayıdır. Bu münasibətlə də sizi ürəkdən təbrik etmək istəyirəm.

Sakinlər: Çox sağ olun, Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur.

Sakinlər: Bəli, gözəlləşib. Çox sağ olun.

Prezident İlham Əliyev: Əvvəlkindən də daha gözəl şəhərdir və daha da gözəl olacaq. Bu gün sadəcə olaraq, birinci mərhələdir. Bu gün, əslində, Böyük Qayıdış proqramının Xocalı səhifəsi yazılır. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar, əminəm ki, böyük həvəslə.

Sakin: Siz onsuz da qədəmlərinizi haraya qoyursunuzsa, orada gül-çiçək canlanır, bütün torpaqlar çiçəklənir.

Prezident İlham Əliyev: Sağ olun. Xocalılılar müxtəlif yerlərdə məskunlaşmışdılar və müstəqillik illərini Xocalıdan ayrı keçirməli oldular. Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular, o cümlədən Ağcakənd kəndində. Bildiyiniz kimi, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndərin iştirakı ilə salınmışdır.

Sakin: Qisasımızı aldınız, qurban Sizə.

Prezident İlham Əliyev: Mən də, Mehriban xanım da o vaxt orada idik və o vaxtdan bu günədək, görün, nə qədər gözəl tarix yazdıq, Qarabağı tam azad etdik. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.

Sakinlər: Bəli, Sizə inanırdıq.

Prezident İlham Əliyev: Mən də bilirdim, şübhə etmirdim, sadəcə olaraq, onun vaxtı var idi. Onu da təxmin edirəm, xocalılılar bəlkə də gözləmirdilər ki, bu, bu qədər tez baş verəcək.

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Çünki müxtəlif fikirlər var idi, o cümlədən Ermənistanda müxtəlif gözləntilər var idi. Burada - Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sakinlər: Amin!

Prezident İlham Əliyev: Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.

Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.

Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.

Sakinlər: Çox gözəldir, cənab Prezident, Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Həm abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi. Sizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

Sakinlər: Çox sağ olun, minnətdarıq. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: İndi də açarları sizə təqdim edək.

*** 14:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar.