adalet.az header logo
  • Bakı 13°C
15 Noyabr 2022 12:07
2044
MÜSAHİBƏ

Publisist  Məmməd Mərzilinin professor Misir Rəhimov haqqında XATİRƏSİ 

Yəqin ki, bir çoxunuzun yadında olar. Araşdırmaçı jurnalist Orxan Zakiroğlu ilə bir müsahibəm Adalet.az saytında işıq üzü görmüşdü.
 

Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Rəhimov haqqında saytımızda gedən “ Azərbaycan elminin fəxri, professor Misir Rəhimovun xatirəsinə adlı həmin müsahibə Ağdam elinin , xüsusilə Mərzili obasının ziyalıları arasında rəğbətlə qarşılandı və redaksiyamıza bu münasibətlə təşəkkür zəngləri gəldi.

Hər bir ziyalının da səsləndirdiyi fikir bu oldu ki, Misir Rəhimov kimi elm adamlarından, vətənpərvər soydaşlarımızdan, nümunə pedaqoqlardan yazılar, məqalələr çox az yazılır, televiziya və yazılı mətbuatda üstünlük daha çox şou əhlinə verilir. və s...
Redaksiyamıza zəng edənlərdən biri Mərzili elinin ağsaqqallarından olan, publisist-yazar Məmməd Mərzili söhbətimiz zamanı bildirdi ki, kimsə, hansısa yazar Misir müəllim kimi insanlar haqqında bir cümləlik fikir də bildirsə, onun ictimaiyyət üçün, xalqın gələcəyi üçün göstərdiyi xidmətdən, fəaliyyətdən danışarsa, mütləq o bir cümləlik fikri də mediada yaymaq lazımdır. Məmməd müəllimə söz verdim ki, siz tanıdığınız alimlərdən, pedaqoqlardan, vətənpərvərlərdən yazın, onu çapa vermək bizim borcumuzdur.
Müsahibim sağollaşmadan öncə dedi ki, mənim “ Payızın qəmli notları” kitabımda Misir müəllim haqqında xatirəm var, onu sizə göndərə bilərəmmi?
Mən də “əlbəttə, məmnuniyyətlə, işıqlandırmağa hazırıq” dedim.
Əziz oxucularım, gəlin, bu gün sizinlə birgə, yazar Məmməd Mərzilinin “ Payızın qəmli notları” kitabında Misir Rəhimov haqqında yazılmış həmin xatirəni Adalet.az-ın təqdimatında oxuyaq:




“Həm işdə, həm də dərsdə Rəhim çox çalışırdı. O, çalışırdı ki, kiməsə möhtac olmasın. Ancaq buna baxmayaraq, bəzən gücü çatmayan işlər də olurdu. Bu da təbii haldı. Yüyürən yıxılmalıdı da. Bu həyatın qanunlarıdı.
Texniki İnstitutda oxuyanların ən çox əziyyət çəkdikləri hörümçək toruna "oxşayan" çertiyojlar olur. Büküm-büküm olmuş "Aleksandrovka"ya çəkilmiş çertiyojlar bir mm səhvə görə tələbələrin qoltuqlarında qalırdı. Sovet müəllim İnşaat Mühəndisləri İnstitutunun "Əzrayıl" müəllimlərindən biriydi. Nə rüşvət götürürdü, nə də oxumayana güzəştə gedirdi.
Rəhim bir fəndən qiymət ala bilməmişdi. Bu səbəbdən, Mərzili Babakişinin oğlu, fızika-riyaziyyat elmləri namizədi (indi riyaziyyat elmləri doktoru, professordu) dosent Misir Rəhimovun yanına gedir. Salamlaşıb görüşəndən sonra deyir:
-Misir müəllim, sizə bir işim düşüb.
-Ə, bir de görüm güjüm çatandı, çatmayandı?
-Mənim bir kəsirim var. Gedək o müəllimə denən, bu dəfə qiymət yazsın, gələn dəfə onun dərsin hamısından yaxşı hazırlayacam.
-Ə, tay gəlmisən dayna, gedək görək nə deyir.
Misir müəllimin adətiydi, üstünə gələn mərzilili tələbələrin nə qədər kəsiri olsaydı gedib düzəltdirməsə əl çəkməzdi. Hər gün neçəsinin dalınca getməsinə baxmayaraq, o bundan inciməzdi.
Onlar evdən söhbət edə-edə gəldilər. Bir də baxırlar ki, institutu keçiblər. Rəhim Misir müəllimə:
-Müəllim, biz hara gedirik?
-Ə, mən nə bilim, başımı söhbətə qatmısan hələ bir soruşursan da...
Onlar instituta qayıdırlar. Rəhim həmin müəllimi Misir müəllimə göstərir. O, Misir müəllimin ən yaxın dostlarından biriymiş. O, Rəhimi ona tapşırır. Həmin müəllim Rəhimin kəsrini düzəldir və o gündən dostlaşırlar. Bu çətinliyi də beləcə aradan qalxır.
Bakının şıltaq küləkləri kimi, şıltaq da ali məktəb müəllimləri vardı. Onlar tələbələrin "görüm-baxımı"na gözlərini dikib qiymətlərini kəsirdiblər. Ancaq bunlardan fərqli olaraq, imtahanı verə bilməyən tələbələrə qiymət verməyib kəsən vicdanlı müəllimlər də var idi. Belələri çalışırdılar ki tələbə elm örgənsin,savadlı olsun. Onlar tələbələrin gələcəyini düşünürdülər. Axı, bugünkü tələbələr sabahın mütəxəssisləriydi. Bu gün ölkəmizdə müxtəlif sahələrini idarə edən savadlı mütəxəssislərə görə həmin müəllimlərə minnətdar olmalıyıq.
Rəhim diplom işlərini, çertiyojlarını hazırlayıb buraxılış imtahanlarını verdi. Nəticədə yaxşı qiymətlər alıb institutu başa vurdu. Bütün çətiıilikləri geridə qoyub 1979-cu ildə İnşaat Mühəndisləri Institutunun tikinti və yol maşınları və avadanlığı fakültəsini bitirib mühəndis diplomunu aldı. Təyinatla DQMV-nin Xankəndi (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Stepanakert şəhəri) şəhərindəki Nəqliyyat Nazirliyinin avtomobil dəstəsinə göndərildi. Orada ona baş dispeçer vəzifəsi verdilər. Rəhim orada ilk azərbaycanh mühəndis kimi çalışmağa başladı.
Ermənilər nə bu müəssisədə, nə də vilayətin başqa müəssisələrində, təşkilatlarında azərbaycanlı mütəxəssislərə rəhbər vəzifədə çalışmağa şərait yaratmırdılar. Bu ermənilərin gələcək planlarının tərkib hissəsi idi.
Tarix sübut edir ki, ermənilər yaşadıqları hər yerdə, o cümlədən Azərbaycanda və Türkiyədə türklərə qarşı öz çirkin əməllərindən əl çəkmirlər. Lakin harada güclü hakimiyyət varsa, orada planlarını həyata keçirə bilmirlər. Məqamı çatdıqca bunun özümüz də şahidi oluruq”.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor Misir RəhimovMərzili kəndində 1 avqust 1934-cu ildə dünyaya gəlib. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirib, 1958-1963 illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirib, 1958-1963 illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. Elmimizə böyük xidməti olmuş Bakı Dövlət Universitetinin professoru Misir Rəhimov 5 noyabr 2016 –cı ildə uzun sürən xəstəlikdən vəfat edib.

 Əntiqə Rəşid