09 Avqust 2023 11:37
523
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Bacımın keçmiş sevgilisinə ərə gedəndə...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının ağrılı həyat hekayəsini təqdim edir. Bu dəfə Aysun (adı şərtidir) bacısının sevgilisiylə necə ailə qurmasını bizə nəql edəcək. Heç yatıb yuxusuna girməyən oğlanla ailə quran Aysun indi necə yaşayır onu öyrənək:

“İmkanlı bir oğlan ona elçi düşəndə...”

“Ailədə bir qardaş və iki bacıyıq. Qardaşım bizdən böyükdü, ailə qurub. Ortancıl mənəm, bacım isə kiçikdir. Bacımın görüşüb danışdığı bir oğlan var idi, bir-birilərini istəyirdilər və oğlanın da fikri ciddi idi. Amma bir gün bacım özü sözünə dönük çıxdı. İmkanlı bir oğlan ona elçi düşəndə sevgilisini qoyub ona ərə getdi. Bunu etmə deyəndə mənə də qulaq asmadı”. 

“Bu təklifə məəttəl qaldım, axı bacımı istəyən oğlan...”

“Bacımın sevgilisi isə küsüb ölkədən Rusiyaya getdi. Bir neçə il orda yaşadı. Elə oldu ki, bir gün kəndimizə qayıtdı. Ailə qurmaq üçün qız axtarırdı və anası bizə gəlmişdi. Mənə dedilər ki, oğlan səninlə ailə qurmaq istəyir. Bu təklifə məəttəl qaldım, axı bacımı istəyən oğlan necə mənimlə ailə qura bilərdi. Bir neçə gün fikirləşdim və elə bilirdim ki, o məndən bacımın qisasını almaq istəyir. Amma onunla evlənməyə qərar verdim”.

“Çünki onu aldadan bacım özü olmuşdu...”

“Bu evliliyə bacım da qarşı çıxdı, amma qulaq asmadım. Ailə qurub biz də Rusiyaya qayıtdıq. Firavan yaşadıq, övladlarımız dünyaya gəldi. Amma olanları o bir dəfə də üzümə vurmadı. Çünki onu aldadan bacım özü olmuşdu. Bu evliliyimiz qohum-əqrəba arasında da birmənalı qarşılanmadı.  Amma indi bu gün bizim belə mehriban yaşadığımıza hamısı təəccüblə baxır. Allah adama elə qismət yazır ki, heç bir dəfə də olsun ağlına gəlmir”.

Vasif Əlihüseyn