30 Mart 2023 10:08
529
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Məni aldadıb görüşə çağırdı və...”

Adalet.az “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Könülün (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. O, gənc qız vaxtı necə aldandığından və sonradan sevmədiyi şəxslə ailə qurmasından danışıb:

“Ailədə bir qardaş və bir bacıyıq. Kənddə böyümüşəm. Bizdə bildiyiniz kimi kənd toylarında oğlanlar qızları görüb istəyir və elçi göndərir. Məni də toyların birində kəndimizdən olan bir oğlan istəməyə başladı. Məndən xoşu gəldiyini və ailə qurmaq istədiyini deyirdi. Tez-tez mənə xəbər göndərirdi. Zaman keçdikcə məndə də ona qarşı istək yarandı. Toyda bir-birimizə baxmağa və daha sonra görüşməyə qərar verdik”. 

“Bir dəfə evimizdə görüşəndə qardaşım bizi bir yerdə...”

“Həmişə kənddə toy olanda məclis dağılandan sonra bizim evimizdə onunla görüşürdük. Yəni bu görüşün başqa bir mənası yox idi, sadəcə sevgili kimi danışırdıq. Bizim münasibətimizdən artıq anam və qardaşım da xəbər tutmuşdu. Atam isə illər öncə rəhmətə gedib. Bir dəfə evimizdə görüşəndə qardaşım bizi bir yerdə tutdu. Onda oğlana dedi ki, ya qızı qaçırt, ya da səni vurub öldürəcəm. Oğlan da məcbur olub məni qaçırdı”. 

“Ondan sonra aradan bir il ötdü və məni...”

“Gecə məni evlərinə gətirdi. Amma anası yiyə durmadı. Dedi ki, görüşə çıxdığın qızla tutulub onu evə niyə gətirmisən? Lazım deyil, qaytar qızı. Mən də qaldım ortalıqda. Oğlan təzədən məni götürüb evimizə gətirdi. Ondan sonra böyük dava düşdü və qardaşım polisə də şikayət etdi. Amma bir mənası olmadı. Sadəcə kənddə biabır olduq, vəssalam. Aldandığımı dərk elədim. Ondan sonra aradan bir il ötdü və məni qonşumuzda bir oğlana verdilər. Yəni adıma bu söz çıxmasaydı, o oğlana ərə gedəsi deyildim, amma məcbur qaldım. 

Ailə qurduq, övladlarımız var. Amma heç ürəyimcə olmayan bir adamla yaşayıram. Amma onu qınamıram, günahkar özüməm. Məni aldadan adam da ailə qurdu və indi başqa ölkədə yaşayır. Onu demək istəyirəm ki, gərək oğlanların səmimiyyətinə inanmayasınız. Hər adamın fikri ciddi olmur”. 

Vasif Əlihüseyn