28 Avqust 2024 15:50
425
İDMAN

"Qarabağ" "Dinamo"nu keçsə, futbolçular bu qədər mükafat alacaqlar - ŞOK MƏBLƏĞ

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab oyununa çıxacaq. Xorvatiya təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 20:45-də səsləndiriləcək. Tərəflər arasında Zaqrebdə baş tutan ilk görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aydın məsələdir ki, Azərbaycan çempionunu bu axşam gərgin duel gözləyir. "Köhlən atlar"ın qrup mərhələsinə vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilmir. Amma bu ehtimal var. Necə deyərlər, ümid sonda ölür.

Ağdam təmsilçisinin güclü rəqibindən revanş almaq istəyəcəyi şübhə doğurmur. Bunun üçün əllərindən və ayaqlarından gələni meydanda sərgiləməyə çalışacaqlar.

Adalet.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçuları sensasiya sayıla biləcək tapşırığı yerinə yetirə bilsələr, klub rəhbərliyi tərəfindən mükafatlandırılacaqlar.

Klubun tarixində ikinci dəfə ÇL-in qrup mərhələsinə yüksəlsələr, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında pul qazanacaq.

Onu da deyək ki, "Qarabağ"ın keçmişində hələ bu qədər mükafat olmayıb. Komanda ən yüksək "ənam"ı 2017-ci ildə əldə edib. Həmin il pley-off mərhələsində "Kopenhagen"i 1:0 və 1:1-lə üstələyən ağdamlılar ilk dəfə Çempionlar Liqasında qruplara qalıb və oyunçular buna görə 50 min manat alıblar.