Qarabağda konsulluğa hazırlıq? Laçın MDB-nin mədəniyyət paytaxtı?: Əzrayılın bala paylaması
Hələ bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir:”Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”.
Görünən odur ki, Qarabağda konsulluq məsələsi, suveren prinsiplərimizə nə qədər zidd olsa da, Rusiya bu fikrindən qətiyyən geri addım atmağı düşünmür.
Düşünmədiyini də hər çıxışında qeyd edir.
Məsələn, dünən Rusiya prezidenti Vladimir Putin Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib ki, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq:”Biz hər il MDB-nin mədəniyyət paytaxtını seçirik və bu, bizim ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan yaradıcı və humanitar tədbirlər mərkəzinə çevrilir. İndi bu, Səmərqənddir və təsdiqimiz üçün təklif olunan layihə qərarına əsasən, estafeti Azərbaycanın Laçın şəhəri".
Oxuculara məlumat üçün bildirək ki, “Birliyin Mədəniyyət Paytaxtları” proqramına 2010-cu ildə start verilib və fəxri status hər il MDB şəhərlərindən birinə verilir. Ötən il MDB-nin mədəniyyət paytaxtı Sankt-Peterburq olub.
“Səmərqənd – 2024-cü ildə MDB –nin mədəniyyət paytaxtı” proqramı qəbul edilib Səmərqənd şəhərinin yeni statusunu təsdiq edən daimi sənədi şəhər rəhbərliyinə təqdim edilib.
Şəhərə paytaxt statusu Birliyin Dövlət Başçıları Şurasının qərarı ilə verilib.
Proqrama və statusa uyğun olaraq, 2024-cü ildə Səmərqənd MDB ölkələrinin mədəniyyət və incəsənət xadimlərinin yaradıcılıq görüşləri və qastrol səfərləri, elm və idmançıların çıxışları, vernisaj və sərgilərin keçirilməsi üçün əsas platformaya çevriləcək.
Belə baxanda, çox önəmli, vacib bir proqramdır.Alqışlanası təklifdir. Amma bu proqram indiyə qədər niyə Azərbaycanın heç bir qədim rayon və şəhərlərinə layiq görülməyib? Niyə qəflətən Qarabağ?Laçın?
P.S. Bir gün kəndə xəbər yayılır ki, Əzrayıl kəndə gəlir, bala paylayacaq. Kəndlilər xəbər gətirənə deyirlər ki, əzrayıla denən ki, gəlməsin! Bizim balamıza dəyməsin, onun balası da bizə lazım deyil...
Ürəyimiz , əzrayıldan o qədər yanıb ki, o qədər külə dönüb ki, xeyirxahlığı da başımıza bəla olacağına əminik...Nəsə , içimi bir qorxu hissi alıb...
Əntiqə Rəşid