“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Adalet.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Buraxılan qoldan sonra hücuma çıxan Ağdam klubu 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Leandro Andrade topu tora qovuşdurub. “Qarabağ” 39-cu dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə da qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda matçda vurulmuş sonuncu qol olub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.


Bakı -°C

