Qarabağla bağlı filmi Azərbaycanlı rejissor çəkməlidir - Cəlil Cavanşir yazır

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Görüşdə müzakirə olunan əsas məsələlər Qarabağ zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi olub. Üstəlik nazirimiz Türkiyədə fəaliyyət göstərən film istehsalçıları ilə də görüşüb.
Təzəlikcə bu vəzifəyə təsdiq olunan nazirimiz ölkəmizin film istehsalçıları ilə geniş formatda görüş keçirmədən, Qarabağ mövzusunda filmlərin, serialların çəkilməsini yerli rejissorlarla, film istehsalçıları ilə müzakirə etmədən Türkiyədə bu məzmunda görüş keçirməsi heyrətamizdir.
Şübhəsiz ki, Türkiyə qardaş ölkədir. Türkiyəni çox sevirik. Hamımız yaxşı bilirik ki, "Vətən müharibəsi"ndə Türkiyə Azərbaycanı hərtərəfli dəstəkləyib. Və heç kəsə sirr deyil ki, bu savaşda Azərbaycanın qələbəsi Türkiyənin dövlət maraqlarına uyğun idi və dəstək təmənnasız deyildi. Ən azı, bunu post-müharibə dövründə bağlanan müqavilələrdə, yaxınlaşmalarda başa düşdük.
Qaldıki Qarabağ müharibəsi barədə film və serialların çəkilməsinə...
Düşünürəm ki, Qarabağla bağlı filmi Azərbaycanlı rejissor çəkməlidir. Buna potensialı və istedadı olan xeyli rejissorumuz var. Bəli, bizim kino sənayemizdə, kinoteatr məsələsində, texniki məsələlərdə, təbliğat və festivallar məsələsində ciddi boşluqlarımız var. Məncə nazirlik məhz Azərbaycan kinosunun inkişafını Azərbaycanlı rejissorara film verməklə başlatmalı idi. Yerli rejissorarımız televiziyalarda, serial setlərində itib-batır. Hətta pandemiyadan əvvəl dövlətin milyonlarla xərc çəkdiyi filmlərin istehsalatını nazirlik dayandırıb. Belə olan halda milli kinomuz necə və hansı şərtlər altında inkişaf edəcək? Ucuz teleseriallarla, az büdcəli tələmtələsik çəkilmiş filmlərlərlə?
Türkiyəli kino adamları ilə ortaq görülən işlərin keyfiyyətini kino sahəsində çalışanlar yaxşı bilir. "Mahmud və Məryəm" çəkilmişdi ha, yəqin xatirinizdədir...
Qarabağ haqqında filmi Azərbaycanlı rejissor çəkməlidir.
Qarabağ haqqında çəkilən filmdə azərbaycanlı aktyor oynamalıdır. Qarabağ haqqında filmin ssenarisini azərbaycanlı ssenarist yazmalıdır.
Çünki bu bizim ağrımızdır, bunu yaşamışıq, hiss etmişik. Minlərlə şəhid, qazi bizim yaxınlarımız, ailə üzvlərimiz, qohumlarımızdır. Biz bu ağrını illərdi yaşayırıq. Bizim nəsil bu ağrıyla böyüyüb.
Ən əsası, milli kinomuz naminə bu işi yerli sənət adamları görməlidir. Potensial isə var. Sadəcə dövlət dəstəyi və qayğısı, şəffaf sistem lazımdır.
"Böyük qayıdış" kimi tələsik layihələrlə təbii ki, nəyəsə nail olmaq mümkün deyil.
Azərbaycan kinosunun inkişafı üçün əvvəlcə yerli kino sənayesi, kino bazarı formalaşdırılmalıdır. Bütün bunlar olmadan Spilberqə də Qarabağ haqqında kino çəkdirsən, heç bir mənası yoxdur.
Görülən işlərə kölgə salmaq, öncəgörənlik etmək niyyətində deyiləm, - yaşayarıq, görərik. Təki arzulanan nəticə əldə edilsin. Bunu ən çox istəyənlərdən bəlkə də birincisi mənəm. Uğurlu bir iş görülsə vətəndaş kimi bəlkədə ən çox mən sevinərəm.
Sadəcə bilirəm ki, bir müddət sonra hamı görülən işdən narazılıq edəndə artıq gec olacaq.
Fikirlərimin prosesin gedişini dəyişməyəcəyini də bilirəm. Dövlət qərarını verib, bala-bala icra edir. Mənim etirazım yanğına dimdiyində su daşıyan qaranquşun etdiyidir...
Digər Xəbərlər

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alındı

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Vüsal Murtuzəliyev əməliyyat olundu

London Dizayn Biennalesi 2025-də Azərbaycan pavilyonunun rəsmi açılışı oldu
