23 Oktyabr 2024 12:28
545
İQTİSADİYYAT

Qazaxıstandan alınan 20 dəvə və Azərbaycandakı dəvəçilik təsərrüfatları

Hazırda Azərbaycanda dəvəçiliyin inkişaf etdirilməsi təqdir olunan haldır. Tibb mütəxəsisləri bildirir ki, dəvə əti aztapılan qida maddələri kompleksini özündə cəmləşdirməklə yanaşı, immun sisteminin möhkəmlənməsində, vitamin çatışmazlığının və müxtəlif etiologiyalı anemiyaların aradan qaldırılmasında, həmçinin ürək-damar xəstəliklərinin və iltihabi proseslərin qarşısının alınmasında faydalı hesab olunur.

Odur ki, dəvə ətindən maksimum faydalanmaq üçün onun baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblər çərçivəsində tədarük və istehlak olunması tövsiyə edilir.
Dəvə əti tərkibində olan maddələrə görə, daha zəngindir. Qocaldıqda belə dəvənin əti yumşaq olur. Südü faydalı, yağlı vitaminlərlə zəngindir. Sümüyündən zərgərlik məmulatı, təsbeh, qadın boyunbağısı və digər bəzək əşyaları hazırlanır. Bu baxımdan dəvəçiliyin inkişafı məqsədəuyğundur.

Ərəblərdən gələn Dəvə...

Əslində dəvə Azərbaycan təbiətində kənardan gələrək uyğunlaşıb. Tarixçi alimlərimizin araşdırmasına görə, dəvəçilik qədimdən Azərbaycan ərazilərində geniş yayılıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent,Əziz Ələkbərli bildirir ki, qədim İpək yolunun Cənubi Qafqazdan keçməsi, Azərbaycanın da bu karvan yolunun üstündə yerləşməsi buranın qədim sakinləri olan Azərbaycan türklərinin xalq mədəniyyətində, o cümlədən folklorunda dərin izlər buraxıb:” Keçmişdə bu ticari əlaqələr dəvə karvanları vasitəsi ilə həyata keçirildiyindən nəinki dəvə və dəvəçilik Azərbaycanda geniş yayılıb”.

Bildiyim qədəri ilə son 15-20 ildə dəvəçiliyə Azərbaycan sahibkarları da diqqət ayırır. Xüsusən, Azərbaycanın aran zonalarında bu faydalı heyvanın artırılması ilə bağlı xeyli işlər görülüb. Məsələn, Biləsuvar rayonunda məskunlaşmış Cəbrayılın Böyük Mərcanlı kəndindən olan Bəyişovlar ailəsi dəvəçilik təsərrüfatı ilə məşğul olur. Mediadan oxudum ki, təsərrüfatın başçısı Siyavuş Bəyişov deyib ki, icazə olarsa, 70 başa yaxın dəvəni Cəbrayıla aparıb, təsərrüfatımızı daha da böyütmək istəyirik:" Orada məskunlaşandan sonra dəvələri Laçın-Kəlbəcər yaylağına da aparmaq fikrimiz var”.
Xırda bir araşdırmadan sonra Azərbaycanda bu sahənin nə qədər inkişaf etdiyini rəqəmlərdən öyrənməyə çalışdıq. Deməli, mediamızdan götürdüyüm məlumatlarda deyilir ki, bu ilin mart ayında Azərbaycanda ötən ilkinə nisbətən  dəvələrin sayında artım qeydə alınıb və 2022-ci ildə 357 olan dəvə sayı ötən il 361 başa yüksəlib:”Ölkəmizdə dəvələrin çox hissəsi fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında saxlanılır. Bu təsərrüfat sahələrində ümumilikdə 262 dəvə var və onların sayı bir ildə 13 baş artıb.

Azərbaycanda ən çox dəvə Hacıqabul rayonunda saxlanılır. Bu rayonda 137 dəvə (ötən il dəvə təsərrüfatının rəhbəri Fed.az -a açıqlamasında 160-a yaxın dəvə olduğunu demişdi –)var. Abşeronda 84, Cəbrayıl rayonunda 69, Bərdə rayonunda 30, Sabirabadda 15, Bakıda 15, Kürdəmirdə 7, Ordubadda 3, Füzuli rayonunda 1 dəvə var. 2019-cu ildə Xıdırlıda (Salyanın kəndi) 60-a qədər iki hürgüclü dəvə olduğu deyilirdi.

Bu günki məlumatlarda deyilir ki, bu ilin ilk 8 ayı ərzində Qazaxıstandan Azərbaycana 20 baş dəvə gətirilib.İdxal olunan bir baş dəvənin orta gömrük dəyəri 1,8 min dollar (3 min 50 manat) olub.
Əvvəlki, ixtisasım kənd təsərrüfatı ilə bağlı olduğu üçün bir neçə fikir bildirməyi özümə borc bildim. Qazaxıstandan gətirilən dəvələrə verilən 60 min manatı istənilən dəvə təsərrüfatı ilə məşğul olan 2-3 sahibkar arasında bölüb onların qarşısında öhdəlik qoymaq lazım idi. Gələn il üçün dəvə sayının artırılması təsərrüfatın genişləndirilməsi planı sahibkarların bu sahədə qarşılarındakı çətinliyi aradan qaldırar, məhsuldarlığın artırmasına köməklik etmiş olardı.
Yəni, dəvə təsərrüfatını və dəvənin inkişafını genişləndirmək üçün əvvəlcə yerli dəvə təsərrüfatı başçılarına kömək etmək lazım idi. Azərbaycan təbiəti çox zəngindir və bu tip təsərrüfatın yüksək sürətlə inkişafı mümkündür. Bunun üçün təsərrüfatlara sərmayə qoymaq daha məqsədəuyğun olardı.

Düzdür, dəvələrin boğazlıq müddəti 13 aydır, amma mütəxəssislərin fikrincə dəvələr ev heyvanları içində ən az zəhmət tələb edən heyvandır. Dəvələr demək olar ki, xərc tələb eləmir, kollarla tikanla qidalanırlar, yalnız qış aylarında onlara 1-2 ay yem verilir, qalan vaxtlarda özləri qidalanır. Dəvələrin çəkisi 650 700 kiloqrama qədər çata bilir.

Məlumatlarda bildirilir ki, təsərrüfatda alıcıların sifarişi ilə dəvə kəsimi ilin oktyabr ayından mart ayına qədər davam edir. 1 kiloqram dəvə ətinin qiyməti 16-17 manatdır. Diri çəkidə isə yaşından və çəkisindən asılı olaraq məbləğ 3500 manatdan 5-6 min manata qədər dəyişir. Ən bahalı dəvələr isə ağ rəngli dəvələr sayılır.

Əntiqə Rəşid