23 Avqust 2024 12:20
10147
MÜSAHİBƏ

"Qərb 510 il əvvəl türkçülüyü parçaladı:Sultan niyə Təbrizdən qaçdı? " - MÜSAHİBƏ

510 il əvvəlin avqust ayının 23-də türk dünyası üçün sözün həqiqi mənasında ən qaranlıq bir dönəm, ən dəhşətli bir ay idi. 30 avqust isə o mənasız savaşın nəticələrinin iflasını göstərirdi. Bəli, söhbət Səfəvilər və Osmanlılar arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş vermiş Çaldıran savaşından gedir.


Həmin ilin 30 avqustda nələr baş verdiyini oxucularımıza çatdırmamışdan əvvəl savaşın bəzi məqamlarını siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə müzakirə edəcəyik.


- Zaur müəllim , tarixçilər, elm adamları, filosoflar deyirlər ki, tarixin ən qanlı qardaş qırğını Çaldıran döyüşü Yavuz Səlim üçün böyük zəfər sayılsa da, əslində Türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsi olub. Siz necə düşünürsünüz?

 

- Əslində mən də əksini düşünmürəm. Bəli, türk dünyasının məğlub-Vatikan Britaniya sisteminin qalib olduğu Çaldıran döyüşü Türk dünyasınn ən acı günü sayılan 23 avqustda iki nəhəng dövlət döyüş meydanında üz-üzə gəldi. Məhz bu tarixdən etibarən Vatikan-Britaniya sistemi türk dünyasını və coğrafiyasına qarşı planlarını həyata keçirməyə başladılar. Çünki bu gün Sultan və Şahın yan-yana deyil, üz-üzə gəldiyi Çaldıran savaşı baş verib. Bu döyüş olmaya bilərdimi- sualına hər iki tərəfin dini yox milli kimlik üzərində münasibəti olsa idi, bəli.


-Sözünüzdən belə çıxır ki, hər iki hökmüdar türkçülükdən daha çox məzhəbçilik yolunu tutublar?


- Nə Şah İsmayılın, nə də ki, Sultan Səlimin inamı özününkü deyildi: onları birləşdirən vahid türk inamı yox idi. İslama tapınırdılar və bir-birlərini də elə ən çox bu yöndən qəbul etmirdilər. Şah İsmayıl şiəliyi, Sultan Səlim isə sünniliyi qoruyur, yayırdı. Hər ikisinin türklüyün yayılması ilə bağlı gözəl istəkləri də vardı.


- Məzhəbi dəyərli bilmək hara, türklüyü yaymaq hara... ?


- Bəli məhz belə hər iki hökmüdar türkçü idi. Şah İsmayıl yeni Turan yaratmaq, Sultan Səlim isə Avropanı türkləşdirmək istəyirdi. Amma çox heyf ki, sünni-şiə söhbəti bir milləti dünyaya hakim edə bilmədi.
Osmanlının ən üstün ordusu sayılan yeniçəriləri Anadoluda yaşayan qızılbaşlar (Azərbaycan Tayfaları) yetişdirirdi. Belə ki, onların bağlı olduğu sufi təkkəsi bektaşi idi.. Buna görə də, Sultan Səlim Şah İsmayılın üstünə gələndə minlərlə yeniçəri bundan imtina etmişdi
Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Sultan Səlimin təhqiredici və döyüşə çağıran məktubuna şeirlə belə bir cavab yazır (Şahın Yavuzdan fərqlərindən biri o idi ki, xəttat olduğu üçün məktubları, şair olduğu üçünsə şeirləri özü yazırdı)

Mən pirimi haqq bilirəm,
Yoluna qurban oluram,
Dün doğuldum bu gün ölləm,
Ölən gəlsin, budur meydan.

Və Səlimə sanki deyir ki, Mən ölümə belə hazıram bəs sən ,Səlim, hazırsanmı ? Çox keçmir ki sualın cavabı gəlir belə ki Səlim döyüşə girmir yəni ölümü gözə almır baxmayaraq ki əyər ölsə ondan sonra şahzadəsi vardı.

- Zaur müəllim, bəzi fars mənbələr yazır ki, Şah İsmayıl Xətai döyüşdən bir gün əvvəl qoşun –ləşkəri ilə ova çıxıb, yorğun düşüb deyə uduzub. Sabah qanlı bir döyüş olacaq və hökmüdar ova çıxır… Bu nə qədər doğru məlumatdı?

- 1514-cü il avqust ayının 22-də Çaldıran düzündə hər iki tərəfin döyüşqabağı hazırlıqları başa çatdırıldı. Bu döyüşün mərkəzinin Çaldıran düzünün hansı məkanında qərar tutması dəqiqliklə təsbit edilməmişdir. Amma ehtimal edilir ki, bu döyüş Çaldıran düzündən keçən çayların arasında baş vermişdir. Çünki çayların yaxında olması hər iki tərəfin içməli suya olan ehtiyacını aradan qaldıra bilərdi. İkinci tarix elmində Osmanl və fars “qaynaqlarına” istinad edənlər guya Şahın döyüşdən bir gün öncə, 22 avqust 1514-cü ildə ov etdiyi deyilir. Əzizlərim “Aləmara-yi Şah İsmayıl”da Səfəvi qoşunlarının Çaldıran düzünə Osmanlı qoşunlarından gec çatdığı bildirilir. Məlumdur ki, Osmanlı qoşunları istirahətə dayanmadan səhəri gün döyüşə başladılar. Səfəvi qoşunları isə Çaldıran düzünə daha gec çatandan sonra qoşun başçılarının və əmirlərinin toplantısı keçirildi və buna yəqin ki, xeyli vaxt ayrıldı. Bundan sonra isə qoşunların döyüşqabağı qruplaşdırılması aparıldı. Əslində, Şah İsmayılın həmin gün ovla məşğul olması üçün heç vaxt qalmırdı. Xeyli sayda adamın iştirakı ilə həyata keçiriləcək ov isə yəqin ki, beş-on dəqiqəlik bir tədbir olmazdı. Bu mənada ov söhbətinin ortaya atılması mümkün deyildi. Şahla birlikdə olan min nəfərin iştirakı ilə olan ov, 100 min nəfərlik düşmən qoşunu yaxınlığında kifayət qədər təhlükəli bir iş ola bilərdi.

- Demək olar ki, bütün mənbələrdə məhz Sultan təhrikedici hərəkətləri, məktubarı, atmacaları haqqında məlumatlar var. O, Şah İsmayılı savaşa təhrik edən 4 məktub göndərmişdi.

- Döyüşdən bir gün öncə Sultan Səlim öz elçisi vasitəsilə Şah İsmayıla bu sözləri çatdırdı: “Belə güman edirdim ki, mən hələ bu torpaqlara daxil olmamışdan əvvəl sən İraqa tərəf qaçacaqsan. Bərəkallah. Mərhəba olsun ki, qarşımızda dayanmısan. İndi buyurun ki, biz sizinlə hansı üsulla müharibə edək. Hansı üsulla desən elə də müharibə edək”
1514-cü il avqust ayının 23-ü, çərşənbə günü səhər saat 09.30. Şah İsmayıl Səfəvi döyüş günü önə çıxıb onun məktubunu xatırladaraq Sultan Səlimi tək-bətək kişi kimi döyüşməyə çağırdı. Şah ucadan qışıqıraraq- “Səlim aləmin mərdliyindən səndə bir nişanə varsa toplardan istifadə olunmasına qadağa qoy və bundan sonra döyüş meydanında mərd də namərddən fərqlənə bilsin” deyir. Səlim isə buna cavab vermir. Eyni zamanda özü döyüşə girmək istəmir, verdiyi sözü danır və döyüşə Osmanlının ən güclü döyüşçüsü və sərkərdəsi Malkoçoğlu Tur Əli bəyi göndərir.Şah isə şahzadəsinin olmamasına rəğmən doğurdan da dediyin edib ölümü gözə alaraq döyüşə girir.O döyüşə girəndə hər iki tərəfin ordusu mat qalır.Şahın ordusu arasında belə bir söz çox yayılır
"Anda ki şah mindi ata
yezid(Osmanlı)döndü mata"
Hər iki tərəfin əsgərləri hətta Sultann özü də Şahın qılınc oynatmağına mətəl qalır.

 


- Amma Sultan Səlim açıq döyüşə girməyə ürək eləməyib…

- Osmanl tarixində əvəzolunmaz qəhramanlarından biri olub: Malkoçoğlu. Avropada onun adı bütün saraylarda qorxu ilə çəkilirdi. Osmanlı ordusunun da qəhraman saydıqları Malkoçoğlu bir döyüş ruhu idi. Malkoçoğlu zirehlənib Şahla görüşə getməzdən öncə Səlimin önündə diz çökür və döyüşdə qalib gələcəyini deyir və ordunun içərisindən keçəndə bütün hər kəs qılncın göyə qaldırıb onu alqışlayır.
Sultan Səlim 1200 yeniçərinin (xüsusi mühafizə) arasında, çadrının yanında böyük bir top qoydurub və uca bir taxtdan döyüşü izləməyə başlayır. Şah İsmayılın ətrafı onunla döyüşə getməyə razı olmur: “Şaha bir sərkərdə ilə vuruşmaq yaraşmaz” dedi. O isə cavab verdi – “İstəmirəm sonra döyüşə qorxub çıxmadı desinlər”.
Şah Babamızla üz-üzə gələndə Malquçoğlundan Şahımız soruşur:
-Səlim hardadır, niyə mənimlə qarşılşamaqdan çəkinir
Malkoçoğlu özündən razı halda qılınc çəkərək deyir ki, “ilk həmləni sən et”. Şahımız deyir ki, “Siz hücuma gəlmisiniz, ilk zərbə vurmaq haqqı da sənə verirəm”.
Şah İsmayıl ilə Malkoçoğlu əvvəlcə nizəyə əl atdılar. Hər iki tərəfin qoşunları və əmirləri tərəfindən müşahidə olunun bu döyüş zamanı Şah İsmayıl nizəsi ilə Malkoçoğlunun nizəsini vurub parçaladı. Bu zərbədən vahiməyə düşən Malkoçoğlu tez əlini qılıncına atdı və döyüşü qılıncla davam etdirdi. Şah İsmayıl da əlini qılınca atdı və Malkoçoğlunun başına güclü bir zərbə endirdi. Mənbədəki məlumata görə, Şah İsmayılın qılıncının zərbəsi elə güclü idi ki, Malkoçoğlunun başından qurşaq yerinə qədər bədəni iki yerə bölündü.
Sultan Səlim dərhal ayağa qalxır və qəzəblə 500 nəfər atlını mərkəzə hücuma keçərək Şahı öldürməsini əmr edir. Lakin Şah bir az da Səlimə tərəf atını sürərək qılıncın göydə oynadır və geri çəkilir. Ardnca düşən 500 atlı isə Səvəvi qızılbaşları tərəfindən geri qaytarılır. 1783-cü ildə Paris şəhərində nəşr edilən "Osmanlı İmperatorluğu Tarixi" kitabında yazılır: “Şah İsmayıl Türklərin əfsanəvi qəhramanı Malkoçoğlunu döyüşdə məğlub edəndən sonra 500-ə yaxın tüfəngli türk əsgəri onun ardınca atəş açsalar da güllələrin heç biri onu tutmadı. Bundan təsirlənən Osmanlı əsgərlərindən bəziləri gecə ikən Səfəvilərin ordugahına gedərək Şah İsmayıl tərəfindən vuruşmağı istədiklərini bildirdilər!"


- Zaur müəllim, deyilənə görə, savaşın taleyini toplar həll edib… Bəs elə bir qüdrətli şah niyə top alıb cəbbəxanasını zənginləşdirməmişdi?

- Çaldıran döyüşü zamanı Səfəvilərin də topları var idi və Osmanlılara qarşı istifadə edə bilmədilər. Məlumdur ki, Çaldıran düzündə döyüşdən bir neçə gün qabaq ordular strategiya qururdular. Səfəvi topları yaxınlıqda yerləşən təpələrdə qoyulmuşdur. 8 top olaraq bir neçə təpədə istehkam qurulmuş idi. Lakin döyüşdən bir gün öncə Osmanlı kəşfiyyatı gecə ikən Səfəvi ordusuna hücum edərək topçuları qətl etmişdilər. Buna görə də döyüş zamanı Səfəvi topları istifadə edilə bilinmədi. Düzdü döyüş zamanı az sayda olmalarına baxmayaraq Səfəvi döyüşçüləri Osmanlıların müdafiə xəttini qıra bilsələr də, 300-ə yaxın Osmanlı topları döyüşün taleyini həll elədilər. Çaldıran döyüşü odlu silah üstünlüyü sayəsində qazanıldı və ələ keçirilən qənimətlər arasında 20-dən çox Səfəvi topu və 100-dən çox tüfəngi ələ keçmiş idi.
Riçard Knoles özünün “Osmanlı Tarixi” kitabında belə yazır:
Bu arada yaralanmış Səfəvi Şahı İsmail döyüşdə mərdlik göstərməsinə baxmayaraq Fransız topları son sözü Çaldıran savaşında bildirdi.” Lakin çoxları bu döyüşün Səfəvilərin məğlubiyyəti kimi qəbul edirlər. Hazırda Türkiyədə Osmanlı tarixi muzeyində Şahın Sultana məktubu var. Orda yazılır: “qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”. Heç məğlub oldum da demir, deyir ki, geri çəkildim.
Çaldıran döyüşü Səfəvilərin məğlubiyyəti deyil, bu döyüşdən sonra qızılbaşlar müvəqqəti olaraq geri çəkiliblər. Məğlubiyyət olsaydı, Səfəvilər dövləti süqut edərdi. Ən azından hakimiyyət dəyişikliyi baş verərdi. Bu müvəqqəti məğlubiyyət olmasaydı, Sultan Səlim elə Təbrizdə qalardı, möhkəmlənərdi.


- Osmanlı ordusunun Çaldıran döyüşündən sonra Təbrizdə qala bilməməsi də buna sübutdur. Osmanlılar Təbrizdə cəmi bir həftə qala bildi.Yəni, 1514-cü ilin bu günü Sultan Səlim Təbrizdən çıxır. Bunun iki səbəbi vardı, birincisi Təbriz əhalisi müqavimət göstərirdi, ikincisi Sultan Səlim Osmanlı ordusunda bəktaşilərin qiyamından qorxmuşdu. Ona görə tələm-tələsik Təbrizdən qaçdı.


- Sultan Səlimin Təbrizi tələm-tələsik tərk etməsinin bir səbəbi də bu idi, Şah İsmayılın daha böyük qüvvə ilə gəlib onu mühasirəyə sala bilərdi. Ona görə Sultan Səlim geri çəkildi. Geri çəkiləndə Qarahisar istiqamətində də, Qoçhisar istiqamətində də qızılbaşlarla döyüş olur. Ondan sonra Sultan Səlim çəkildi, Misir istiqamətində yürüşə başladı. Və İsmayıl Təbrizə qayıtdı, Təbrizdə yenə eyni təntənə ilə qarşılandı. Bundan sonra Şah İsmayıl ona xəyanət etmiş keçmiş müttəfiqlərini cəzalandırır. Şirvan, Şəki hakimliyi və Kaxetiya, Kartli hakimliyi üzərinə yeriyir. Və onları özünə tabe etdirir. Şah İsmayılın bu yürüşləri 1518-24-cü illəri əhatə edir. 23 may 1524-cü ildə Şahın qəfil ölümü onun Sultandan intiqam almasına şərait yaratmır.


- Oxucularımız da bildi ki, bu döyüşdə həqiqətən də nə məğlub var, nə qalib. Məğlub olan türkçülüyümüz, qalib olan isə Avropa diplomatiyasıdır. Zaur müəllim maraqlı araşdırma və müsahibə görə oxucularımız adından sizə təşəkkür edirik!

Söhbərləşdi Əntiqə Rəşid