27 Noyabr 2024 10:07
828
ƏDƏBİYYAT

Qeyri-adi tədqiqat - Təranə Məmməd yazır

    hekayə.

 

Bu evə təzə köçmüşəm. Yarım il olar. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, günüzlər də özəl klinikada çalışıram. Həkiməm. Evlənmədim. Qadınlara, qızlara heç vaxt ayıra bilmirəm. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb.

Ev telefonuma zəng gəldi.

-Axşamınız xeyir

-Salam

-Sizinlə söhnət etməliyəm, doktor.

-Buyurun. Kimdir?

-Qonşunuz. Üzbəüz binada yaşayıram.

-Çox gözəl. Buyurun. Dinləyirəm sizi.

-Yox. Gəlin görüşək. Telefon söhbəti deyil.

-Görüşək. Harda? Nə vaxt?

-Sabah axşam saat yeddidə sizi həyətdəki kafedə gözləyirəm.

Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş masaların birinin arxasında əyləşib məni buraya çağıran adamı görməyə tələsirdim.

Arxadan gələn səsi tanıdım.

-Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız.

- Buyurun, mən sizi ilk dəfədir görürəm. Və...

- Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər.

- Bağışlayın. Anlamadım.

- Məsələ burasındadır ki, mən çox maraqlı bir tədqiqatla məşğulam.

Qarşımdaki cavan oğlanın psixikasında problem olduğunu dərhal hiss etdim və

- Mənim sizin tədqiqatda rolum nə?-deyə soruşdum.

- Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm.

- Siz dəlisiniz

- Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir.

- Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək belə istəmirəm.

Nə istəyirsiniz edin mənim burada nə işim var?

- Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm.

- Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm?

-Bilmirəm. Ancaq mənim tədqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz.

Mən əsəbi halda

-Sağ olun. Mən getməliyəm.Xahiş edirəm məni bir daha narahat etməyin!-deyib auağa qalxdım.

Deməzdim ki, bu söhbət məni düşündürmədi. Çox fikirləşdim və qərara gəldim ki, həqiqətən sərsəmin birinə rast gəlmişəm və maraqlısı da odur ki, o mənim qonşuluğumda yaşayır.

Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı qadın açdı. O, oğlunun halının qəfil pisləşdiyini dedi və bizi içəri dəvət etdi.

Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim.

- Salam doktor.

- Nə olub Avraam?

- Avraam deyil adı, ay doktor, - deyə ana ağlamağa başladı.

Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda onu Avraam deyə çağırırıq.

Qadın sakitləşib geri çəkildi.

- Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən...

- Siz sağlamsınız. Ağrayan yeriniz varmı?

- Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır.

Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim.

Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri isə qulağımda səslənirdi. "Məni siz öldürəcəksiniz".

Tibb bacısının əlindəki şpritsə baxıb

- Dayan! - dedim- Lazım deyil! Vurma!

- İsti su gətirin! Limon sıxın!

Bir neçə adi tədbirlərdən sonra oğlan özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı.

Mən tərimi silib ayağa qalxdım:

- Yaxşısınız artıq. Biz gedək.

- Doktor, mən səhv edə bilməzdim axı.

- Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz.

Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik.

Maşında siqaret çəkə- çəkə fikrə getdim:

"Birdən həqiqətən o iynədən ölsəydi?"

Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım.

Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni bir daha narahat etmədi.

Bir gün işdən qayıdanda qonşuların bir yerə toplandıqlarını görüb onlara yaxınlaşdım.

Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu həmin mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbi ilə maraqlandım.

Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib.

Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi.

Yorğun halda pilləkənləri qalxıb evə getdim və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti sonra onu necə xilas etdiyimi yada saldım.

Telefon zəng çaldı. Dostum idi.

- Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb.

- Hə.Bilirəm. Bilirsən kim vurub?

-Yox

- Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.