16 Oktyabr 2024 10:32
514
ELM VƏ TƏHSİL

"Qırmızı Planet"də tapılan qara obyektlər Marsın sirrini açacaqmı? - FOTOLAR

İnsanın əli çatmadığı amma ilgi hədəfi olan obyektlərdən biri də Mars planetidir. İnsanlar adətən haqqında miflər yaratdığı obyektlərin gerçəklikləri ilə tanış olarkən, bilgi əldə edərkən həyəcanla bu bilgilərin kökünü bilməyə çalışır.

Xatırlayırsınızsa, 2 il əvvəl ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Curiosity” kosmik aparatı tərəfindən Marsda çəkdiyi fotoda əks olunan qapıya bənzər boşluq müzakirə mövzusuna çevrilmişdi. Planet sakinləri “qapı”nın Marsda yadplanetlilər tərəfindən tikilən infrastruktura aid olduğu iddia edirdi.
Keçidə açıldığı iddia edilən qapının Mars sakinlərinin yeraltı sığınacağına və ya başqa bir kainata açıldığı da iddialar arasındaydı. Hazırda bu kimi Mars tapıntıları insanların bu sahəyə marağını daha da artırıb.



Adalet.az xəbər verir ki, bu günlərdə alimlər Marsın cənub qütbündə əriyən buzların altından çıxan sirli qara obyektlər aşkar ediblər.
Bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.

“Mars Ekspress” aparatı tərəfindən Marsda çəkilmiş fotoların tədqiqi zamanı məlum olub ki, qara obyektlərin tərkibində çoxbucaqlı naxışlarla örtülmüş qalın buz və toz qarışığı təbəqələri var. Güman edilir ki, bu nümunələr onilliklər, bəlkə də əsrlər boyu bir-birini izləyən buzların əriməsi və sonra dondurulmasının ardıcıl dövrləri zamanı formalaşmışdır.

Bu yaxınlarda çəkilmiş fotoşəkillər də ölçüləri bir neçə on metrdən bir neçə yüz metrə qədər olan yelçəkən formalı çöküntüləri göstərirdi. Mütəxəssislər qeyd edirlər ki, Marsda bir çox buz birləşmələrinin tədqiqi "Qırmızı Planet"in iqliminin xüsusiyyətlərini daha yaxşı təsəvvür etməyə kömək edə bilər.

Qeyd edək ki, bəzi elm adamları Marsın 4 milyard il əvvəl həyat üçün uyğun bir planet olduğunu iddia edirlər.
Alimlər uzun illər baş sındırdıqları “Marsda su varmı” sualına cavabı hələ 2008-ci ildə tapmışdılar. Həmin il NASA-nın “Phoenix” zondu Marsa endi və torpağın altında buzlu su tapdı, amma bu, yalnız başlanğıc idi. NASA-nın ard-arda göndərdiyi zondlar qırmızı planetdə əvvəllər okeanlar, dənizlər və çayların olduğunu göstərən çoxlu dəlillər tapdı.

Suyun olması Marsda həyatın olması demək deyil. Hələlik elm adamları bu planetdə bircə canlı və ya əvvəllər mövcud olmuş canlılara dair bir iz belə tapa bilməyiblər. Alimlər atmosferi incə olan Marsın həyat üçün əlverişli olmadığı qənaətindədir. Amma Yerin atmosferinin əsasən karbon və karbonmonoksid qazlarından ibarət olduğu zamanlarda Mars oksigenlə zəngin idi. Dörd milyard il əvvəl Yerdə həyat olmazkən, Mars artıq yaşayış üçün əlverişli bir planetdi.
Vaxtilə “yaşıl” olan Marsın bu gün “qırmızı planet” adlandırılmasının səbəbi onun dəmir oksidi tozu, yəni pasla örtülməsidir.


Əntiqə Rəşid