QONAQ GƏLMƏYƏN EVƏ ƏZRAYIL GƏLƏR
Qədim və tarixi keçmişə malik olan xalqlardan söz düşəndə heç şübhəsiz, Azərbaycan öndə gedir. Ən azından ona görə ki, türkçülüyün, azərbaycançılığın çox zəngin və tarixi bir kökləri vardır. Keçmişi və tarixi kökü olmayan xalqın milli-mənəvi dəyərləri, mədəniyyəti, əxlaqı və bir sözlə, dəyərləri də olmur. Ona görə də Azərbaycan xalqı qədim və zəngin millətdir ki, onun dünya boyda bir ürəyi var. Bəlkə də yer üzündə Azərbaycan xalqı qədər mərd, sədaqətli, duz-çörəyə hörmət edən və kəsdiyi çörəyi yaddan çıxarmayan xalq yoxdur. Üstəlik də bu xalqın başqa millətlərə, başqa dövlətlərə və hətta başqa irqlərə qarşı çox böyük məhəbbəti, istəyi və sevgisi var. Elə buna görə də dünyadan çox vaxt bizə böyük dövlətlər və onların əlaltıları qısqanclıq hissi ilə baxıblar. Bilməyiblər qibtə eləsinlər, yoxsa şər-böhtan deyib bu milləti, bu xalqı dünyanın gözündən salsınlar.
Amma dünya da kar, kor, lal deyil. Çünki bütün sərhədlər də açılıb, Azərbaycan da demokratik, sivil, hüquqi və beynəlxalq qanunlara hörmətlə yanaşan bir ölkədir. Ona görə də hər gün məmləkətimizə minlərlə xarici ölkə vətəndaşları, rəsmi şəxslər, turistlər gəlirlər. Onlar gəlib Azərbaycanın görməli, gəzməli, istirahət etməli yerlərini gəzirlər və görürlər ki, düşmənlərimizin apardığı əks təbliğatla gördükləri bir-birinin tam əksidir. Yəni Azərbaycanda irqindən, dinindən və millətindən asılı olmayaraq, bütün xalqlara və millətlərə hörmətlə yanaşılır. Amma hansı ki inkişaf etmiş Avropa ölkələrində belə bir çox xalqlara, xüsusən də İslamı qəbul edənlərə qarşı və o cümlədən türkçülüyə, azərbaycançılığa çox qısqanclıqla yanaşılır. Hətta Almaniya kimi, Fransa kimi dünyəvi və demokratik ölkələrdə qara irqə məxsus olan və o cümlədən müsəlmanlara qarşı münasibət bəzi hallarda ürəkaçan deyildir.
Hələ biz Azərbaycan Dövlət Universitetində oxuduğumuz illərdə bizim böyük müəllimlərimiz olan Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Pənah Xəlilov, Şamil Qurbanov, Firudin Hüseynov, Kamil Vəliyev, Cahangir Məmmədli və digər professorlar bizə azərbaycançılıq ideyalarını təbliğ edirdilər. Xalqımızın ən nəcib, ən incə və ən yaddaqalan cizgilərini bizə öyrədirdilər. Onlar deyirdilər ki, Azərbaycan xalqı dünyanın ən kinsiz, ən düşmənsiz millətidir. Çünki biz heç kimin paxıllığını çəkmirik və heç kimin ərazisində gözümüz yoxdur.
Bəli, illər keçdikcə Azərbaycan müstəqil dövlət oldu. İşğal olunmuş 20 faiz torpaqlarımız Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində və Prezident İlham Əliyevin həyata keçirdiyi möhtəşəm 44 günlük İkinci Qarabağ müharibəsindən sonra azad edildi. Artıq dünya gördü ki, Azərbaycan kiçik dövlət olsa da, böyük dövlətlərin eləyə bilmədiyi böyük işləri həyata keçirdi, öz ərazi bütövlüyünü bərpa elədi, müstəqilliyini qoruyub saxlaya bildi. Heç kimə sirr deyil ki, bütün bunlar dünyada uzun müddət aparılmış Azərbaycançılıq ideologiyasının həyata keçirilməsi nəticəsində mümkün oldu.
Azərbaycanın İslam Dövlətləri Birliyində təmsil olunması və bu mötəbər qurumda sədr seçilməsi onu göstərdi ki, artıq dünyanın hər yerində Azərbaycanı yaxşı tanıyırlar, onu sevirlər və ona hörmətlə yanaşırlar. Ermənilərin və onların uzun illər dünyanın hər yerində apardığı anti-azərbaycan təbliğatı darmadağın edildi. 30 il onların yalanlarına inananlar da sonradan gördülər ki, əsl ədalət və haqq Azərbaycanın tərəfindədir. Çünki Azərbaycançılıq ideyasında başqa millətə və xalqa düşmən gözlə baxmaq, onları alçatmaq, torpağını əlindən almaq, əxlaqını ləkələmək ideyası yoxdur. Əksinə, Azərbaycançılıq o deməkdir ki, bəşəri hisslərin tərənnümü və sevgisi burda öz əksini tapır.
Burda bütün dinlərə - yəhudilərə, xristianlara və digər dinlərə mənsub insanlara çox böyük hörmət, çox böyük diqqət, çox böyük sevgi var. Və onların ən bariz nümunəsi kimi Azərbaycanda həmin dinlərə məxsus olan kilsələrin, monastırların, sinaqoqların, eləcə də digər dini abidələrin İslam dini qədər qorunub saxlanması və hörmət edilməsidir.
Təbii ki, ölkəmizə səfər edən, müxtəlif dinlərə mənsub olan həm siyasi xadimlər, həm də turistlər öz gözləri ilə həmin yerləri ziyarət edərkən görür və əsl həqiqətin necə olduğunu bir daha yəqin edirlər. Başqa millətin xətrinə dəyməsin, hətta ən inkişaf etmiş Avropa dövlətlərində belə dostluq elədiyin adam, çörək kəsdiyin insan onun qonağı olanda səni evinə aparmır. Ən yaxşı halda hotelə aparır, hotelin də pulunu o adam yox, sənin özün ödəyirsən. Amma bizdə görün necədir? Bizdə isə tam başqa mənzərədir. Biz özümüz də o əcnəbi dostlarımızdan soruşmuşuq: sizdə qonaq otağı varmı? Onlarsa deyiblər ki, bizdə yaxşı otaqlar çoxdur, amma yaxşı və gözəl otaqlarda özümüz istirahət edir, yemək yeyir və yatıb dincəlirik. Ancaq Azərbaycanda isə ən yaxşı otaqları qonaq üçün hazırlayırıq, ən yaxşı yorğanı, ən yaxşı divanı və ən yaxşı yeməyi onlar gələndə bişiririk.
Bir dəfə İsmayıllıya gəzməyə gedirdik. Taksidə bizdən başqa iki başqa şəxs də vardı. Onlardan biri İsmayıllının kəndində düşdü və bizə dedi ki, gəlin qonağımız olun. Biz də «çox sağ ol» dedik. Dedi elə şey yoxdu ey, bizim evə düşüb bir tikə çörək kəsəcəyik. Onun təkidindən sonra yerə düşdük, gördük qapı açıldı, oğlanları, qızları bizi elə qarşıladı ki, elə bil doğmalarıyıq. Yarım saatın içində bizə bir süfrə açdılar ki, gözümüz kəlləmizə çıxdı. Belə bir kasıb adamın süfrəsində hər şey vardı. Doyunca yedik, pürrəngi çay içdik və ona dua etdik. Dedi ki, sizdən bir həftə qabaq bir əcnəbi qonaq vardı, onu da zorla qapımıza gətirdik, bir quzu kəsdim kabab bişirdim. Dedi ki, dünyanın heç bir yerində mən belə xalq görməmişəm. Ki, tanımadığı adamı, özü də əcnəbi adamı evinə aparsın, quzu kəssin, kabab çəksin. Hələ indiyə kimi belə kabab görməmişdim. Mən də dedim ki, halal xoşunuz olsun. Qonağın ruzusunu Allah özü gəlməmişdən əvvəl yetirər. Bir də qonaq gəlməyən qapıya Əzrayıl gələr!
Səməndər MƏMMƏDOV
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.