21 Iyun 2024 13:27
573
SİYASƏT

Qonşuda "Tiqranaşen" təlaşı:"Niyə siyahıda yoxdur, Nikol oranı da verəcək?"

Xəbər verdiyimiz kimi, aprel ayında Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndi -Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Ermənistan işğalından azad olundu . Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin- Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin azad edilməsi məsələsi də həll olunacaq.

Maraqlıdır ki,ermənilər bu tip məlumatları həyəcan və hiddətlə qarşılayır. Anlamaq istəmirlər ki, gün işğal etdikləri özgəyə məxsus əraziləri sahibləri bir gün geri istəyəcək.
Xüsusən, adını dəyişib Tiqranaşen qoyduqları Kərki kəndnin sahibinə geri qaytarılması xəbəri onları “cin atına mindirir”.
“Hraparak” nəşrinin müxbiri bu xəbərlərlə bağlı həyəcanla yazır:”Nikol Paşinyan artıq Bakının bəzi tələblərini yerinə yetirib. Bəziləri deyir ki, Tiqranaşen təslim edilən növbəti ərazi olacaq və hakimiyyət bu qəsəbəni də təslim etmək niyyətindədir. “Həyat üçün ölkə” partiyasının təsisçisi Mesrop Arakelyan da eyni fikirdədir.

Onun sözlərinə görə, hakimiyyətin Tiqranaşendə nə abadlıq, nə də mənzil tikmək planı yoxdur. “Hökumətin iclasında Qarabağdan köç edən sakinlərə verilən mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi qərara alınıb. Təkcə Tiqranaşen təsdiq edilmiş kənd və qəsəbələr siyahısında yoxdur. Bütün digər sərhəd kəndləri daxildir”.
Məqalədə daha sonra deyilir: "Xatırladaq ki, Nikol Paşinyan 2023-cü il mayın 22-də mətbuat konfransı zamanı bildirmişdi ki, Tiqranaşen və Tavuşun 6 kəndi 29 min 800 kvadrat kilometr Ermənistan ərazisinə daxil deyil”.

Qeyd edək ki, ermənilərin işğalçılıq siyasətinin ilk hədəfi olan Kərki kəndi 19 yanvar 1990-cı ildə işğal olunub. Kəndin azərbaycanlı əhalisi 2019-cu ilin siyahıya alınmasına əsasən 986 nəfərdir. Sədərəkdən 8–10 kilometr məsafədə yerləşən bu kəndin 960 hektara yaxın ərazisi var. İşğaldan sonra kəndə ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər. 2011-ci ildə kənddə 151 erməni yaşayırdı.

Ermənilər nə qədər yalandan bağırsalar da, Kərkinin qədim türk yurdu olduğu dünyaya məlumdur. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Alma yokkuşu”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlərin mövcudluğu Kərkinin qədim türk yurdu olduğunu qəti surətdə sübut edir.

Çox adam elə bilir ki, Kərki Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Amma Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli əsassız qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadratkilo¬metr və ya 65,7 min hektar torpaq sahəsi Ermənistana verilib. Məlumatlarda deyilir ki, 9 kəndin - Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi Ermənistan ərazisinə qatılıb.

Hazırda bu səböəbə görə Kərki eksklav (ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır. Red-Ə.R.) hesab edilir.
Yeri gəlmişkən kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.Ümid edirik ki, tezliklə Kərki Öz sahiblərini qoynuna alacaq.

 Əntiqə Rəşid