adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Aprel 2024 07:34
150
ANALİZ

Qoşulmama Hərəkatı çərçivəsində uğurlu siyasətin bariz nümunəsi  

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər etməsi və səfər çərçivəsində qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Konqo Qərbi Afrikada yerləşməsinə baxmayaraq zəngin təbii ehtiyatlara malikdir. Uzun zaman Fransanın müstəmləkəsi olan Konqo müstəqillik əldə edəndən sonra həm öz regionunda həm də Avrasiyada bir sıra dövlətlərlə sıx münasibət qurmuş və bunun nəticəsində ölkə iqtisadiyyatı durmadan artmaqdadır. Neft-qaz yataqları, zəngin yeraltı sərvətləri olmasına baxmayaraq bu sərvətlərdən Fransanın yürütdüyü siyasət nəticəsində düzgün və səmərəli yararlana bilməyən konqolular əkinçilik yolu ilə şəkər qamışı, qəhvə və digər məhsulların ixracını həyata keçirirlər.

İndiki məqamda belə bir əməkdaşlıq təbii ki, Konqonun xarici borcunun azalması, vətəndaşların yoxsulluq səviyyəsinin azalması istiqamətində mühüm addım kimi dəyərləndirilir. Bir məsələni diqqətdə saxlamaq lazımdır ki, Fransanın Azərbaycana qarşı həyata keçiridiyi qərəzli siyasətin fonunda Azərbaycanın Konqo ilə əməkdaşlıq Bəyannaməsi imzalaması bir növ özünü demokratik adlandıran, ancaq həyata keçirdiyi siyasətlə öz məkirli planını yürüdən Fransa üçün ciddi siqnaldır. Eyni zamanda bu əməkdaşlıq Qoşulmama Hərəkatı çərçivəsində uğurlu siyasətin bariz nümunəsidir.

Onu da bildirək ki, mətbuata birgə açıqlama verən dövlət başçıları qarşılıqlı əməkdaşlıqla bağlı önəmli fikirlər səsləndiriblər. Dövlət başçısı İlham Əliyev bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində: “Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”.

Dövlət başçısı həmçinin onu da bildirib ki, Azərbaycan və Konqo bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək. Xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində: “Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər dörd il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini verib və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilib”.

Prezident Deni Sassu-Nqesso isə bəyanatında bildirib ki, ölkələrimiz arasında qurulmuş əlaqələr bundan sonra da inkişaf edəcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı