05 Iyul 2024 13:35
491
GÜNDƏM

Qoynunda "ilan bəsləyən" Türkiyə, yaxud, ölkədəki erməni dilli KİV-in həyasızlığı

1813-1828-ci illərdə böyük Azərbaycan İran və Rusiya arasında doğranıb bölüşdürüləndən, “şimal”a, cənub”a paralandıqdan ta bu günə qədər oradakı soydaşlarımızın səsi də hüququ da, azadlığı da, dili də, mədəniyyəti də, təhsili də qadağan olundu. Hətta bu günə qədər 40 milyonluq Azərbaycan türkünün dini qardaşı olan hakim farslar onlara öz diilərdə media orqanı açmağı belə izn verməyib. Zarafat deyil, 200 ildən çoxdur 40 milyonluq xalq İran dövlətindən heç olmasa türk dilli bir qəzetin açılmasına nail ola bilməyib.

Deməli 2021-ci ildə Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşr olunması məsələsini gündəmə gətirdi. Millət vəkili bu barədə irşad və mədəniyyət naziri Abbas Salehiyə “Ölkə üzrə yayımlanan türk dilində qəzetin nəşrinə lisenziya verilməməsinin səbəbi nədir?” başlığı ilə ünvanlanan sual ünvanlayaraq, parlamentin rəyasət heyətinə təqdim etdi.
Azərbaycanlı deputatlardan Urmiyənin millət vəkili Hadi Bahaduri də İran üzrə yayımlanan türk dilində televiziya kanalının açılması ilə bağlı tələb irəli sürmüşdü.



İran rejimi ölkədə xarici dillərin tədrisinə külli miqdarda vəsait xərclədiyi halda, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir. Türklərin bütün İranda yayımlanan televiziya və qəzeti də yoxdur.
Amma bu müsəlman ölkədə xaçpərəst ermənilərə göstərilən qayğıya baxanda adamın ürəyi sancır.
Bu ilin mayında bir xəbər diqqətimi çəkdi. Deməli, İranda yaşayan ermənilər erməni dili və məktəblərinə qarşı göstərilən qayğıya görə İranın Təhsil Nazirliyinə təşəkkür edib.
Bəli, İran Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı, digər yerli dillərin məktəblərdə tədrisini nəzərdə tutsa da, 45 il ərzində Azərbaycan türkcəsinin tədrisi ilə bağlı heç bir iş görülməyib. Əvəzində 200 min erməninin öz məktəbləri, mətbu orqanları və s. var.
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru, milliyyətcə erməni olan Eliz Sanasariyan erməniləri İranın ən yaxşı münasibət göstərilən milli azlıqlarından biri adlandırır.

Haqlıdır Sanasariyan, İranda yaşayan bütün etnik və dini azlıqlar arasında, demək olar ki, yalnız ermənilərin öz məktəbləri var. 60-cı illərində İran paytaxtının 16 erməni məktəbində təxminən 5000 erməni şagird təhsil alıb. Hazırda isə paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Məlumatlarda deyilir ki, erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Bundan əlavə, Qriqoryan kilsəsinin İran üzrə yeparxiyaları Cənubi Azərbaycandakı kilsələrin təmirini də öz üzərinə götürüb.
İranın ən böyük idman komplekslərindən olan “Ararat” da ermənilərə məxsusdur. Tehranda bundan əlavə ermənilərə məxsus 30 assosiasiya, təşkilat və digər ictimai birliklər də fəaliyyət göstərir.Son olaraq İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Derenik Melikyandır.

Türkiyədə yaşayan erməniləri də şanslı adlandırmaq olar

Ötən gün erməni mediasında bir xəbər qarşıma çıxdı. Ermənilər şikayət edirlər ki, türklər radiomuzun işini haqsızcasına dayandırıb.
Əslində isə haqsız deyil. Türkiyənin “Radio və Televiziya Üst Şurası” (RTÜK) İstanbuldan yayımlanan “Açık Radyo”nun lisenziyasının qüvvəsini dayandırıb.

“RTÜK” belə bir qərarın əvvəlki qərarlara əməl edilməməsi və təlimatlara zidd təcrübələrin davam etdirilməsi səbəbindən verildiyini bildirib. Yəni, müvafiq qərara radionun cəmiyyəti nifrət və düşmənçiliyə təhrik etdiyinə görə RTÜK tərəfindən verilmiş beş günlük proqramı dayandırma cəzasına əməl etməyərək yayımı davam etdirməsi səbəb olub.

.

Qeyd edək ki, bundan əvvəl radionun fəaliyyəti “Erməni, yəni Osmanlı torpaqlarında soyqırım, qırğın, soyqırım adı altında həyata keçirilən qırğınların 109-cu ildönümüdür” ifadəsi ilə 5 gün müddətinə dayandırılmışdı. Radio 1995-ci ildən yayına başlayıb.
Xəbəri oxuyan kimi də ağlımdan ilk keçən fikri dilimə gətirirəm.Axı, ermənilərin bu qədər həyasız, namərd olduğunu bilə-bilə Türkiyədə erməni radiosu açmaq çoxmu vacib idi?
Erməni yalanlarının ən uğurlu təbliğat maşınlarından sayılan və ən populyar “Aqos” qəzeti ( “Aqos” bitki əkmək üçün qazılan çuxur, çala mənasına gəlir)1996-cı il aprelin 5-dən çap edilir.Bu qəzetin baş redaktoru, "Türkdən boşaldılacaq o zəhərli qanın yerini dolduracaq təmiz qan erməninin Ermənistanla quracağı damarlarda axır " " deyən Hrant Dink olub.

“Aqos”u oxuyarkən düşünürəm ki, bu qəzet Türkiyədə çap edilə bilməz: ya   RTUK bu yazıları, məqalələri görmür, ya da səlahiyyətli orqanlar ermənilərin himayədarı rolundadır. Onlayın formada da fəaliyyət göstərən qəzet rəsmən gəmidə oturub, gəmiçi ilə dava edir.

Gündəlik qəzet "Nor Marmara" (Yeni Mərmərə) nəşridir ki, 1940-cı il 31 avqustdan nəşr olunur. Bundan da ”qədim” olan qəzet "Jamanak" isə İstanbulda gündəlik nəşr olunur 28 oktyabr 1908-ci ildə Sarkis və Misak Koçunyan qardaşları tərəfindən təsis edilib.
Bundan başqa "Sogagat" jurnalı,  Ermeni haber ajansı, "Surp Pirgic" xəstəxana jurnalı, "Jibid" uşaq jurnalı,  "Paros" aylıq jurnal, "Lyus Aktüel" əyləncə qəzeti və s…

Bu azmış kimi, Ermənilərin təsis etdiyi "Luys TV" ("İşıq") də Türkiyədə 2019-cu ildə fəaliyyətə başladı.
Yeri gəlmişkən, Türkiyədə fəaliyyət göstərən ermənilərə məxsus dərgilərin bir çoxu ilə tanışam, radiolarını dinləmişəm, TV-lərini izləmişəm. Siz də bunu edin. O zaman anlayacaqsınız ki, niyə dünyanın 50 faizi, xüsusən Avropa və ABŞ qondarma erməni soyqırımını rəsmi şəkildə tanıyırlar. Çünki, erməni yazarlar əllərindəki media resursları ilə dünyaya “soyqırımçı Türkiyə”, “ vəhşi türklər” siqnallarını istədikləri rahatlıqla çatdıra bilirlər.
Bu hal isə dədədən- babadan belə adlandırılıb: “Qoynunda ilan bəsləmək”

Əntiqə Rəşid