"Türkiyənin Trampın təklifiylə Rusiya ilə ticarəti dayandıracağı çətindir" - Politoloq

"ABŞ və Türkiyə Prezidentəri Donald Trampla Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşünün jurnalistlər üçün açıq hissəsi normal keçdi, qeyri-adi heç nə baş vermədi. Tramp Ağ Evdəki görüşlərində adətən qonaqlarını acılayır, nəzakətdən kənar ifadələr işlədir. Ağ Ev sahibi Ərdoğanla görüşdə son dərəcə diqqətli idi, hər fürsətdə Türkiyə Cumhurbaşqanını tərifləyir və onun siyasətindən məmnun qaldığını söyləyirdi".
Bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, buna baxmayaraq, Tramp bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmasını istədiyini səsləndirdi:
"Tramp sanki bununla demək istədi ki, Ərdoğanla bir çox, o cümlədən F-35, F-18 hərbi təyyarələrinin satışı məsələsində razılıq Türkiyənin Rusiyadan neft və qazın alışının dayandırılmasından asılıdır. Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və bu ölkədən neft və qaz alır. Öz növbəsində Türkiyə Rusiyaya müxtəlif məhsullar, o cümlədən kənd təssərrüfatı məhsulları ixrac edir. Yəni Türkiyənin Trampın istəyi ilə Rusiya ilə enerji sahəsindəki əməkdaşlığı və ticarəti dayandıracağı çətindir".
Politoloq bildirib ki, Ərdoğanla Tramp arasında Qəzza mövzusunda dərin fikir ayrılığı var:
"Türkiyə Cumhurbaşqanı İsrailin Qəzza əhalisinə qarşı qətliamı dayandırmasını, Ağ Ev sahibi isə HƏMAS qruplaşmasının israilli girovların, o cümlədən meyitlərin İsrailə təhvil verilməsini tələb edir. Yəni Tramp İsrailin Qəzzadakı hərbi əməliyyatını qətliam kimi qiymətləndirmir. Halbuki, mülki insanlar arasında ölənlərin sayı 65 mini keçib. Trampın fikrincə, baş verənlərdə əsas günahkar HƏMAS-dır və nə qədər ki, bu qruplaşma İsrailin tələblərini yerinə yetirməyib və tərksilah olunmayıb, müharibə davam edəcək. Ərdoğan əks mövqedədir. Ancaq Tramp və Ərdoğan bu məsələdə aralarında fikir ayrılığının mövcud olduğunu söyləmək istəmirlər".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

"Rusiyanın iqtisadiyyatı cəhənnəmə gedəcək" - ABŞ lideri

Tramp-Ərdoğan görüşü dünya mediasının diqqətində

"Artıq dayanmağın vaxtıdır" - Tramp

Trampdan türk nümayəndələrinə: "Kaş, o qədər də ağıllı olmasayadınız" - VİDEO

Trampdan Ərdoğana nəzakətli davranış

Ərdoğanla Tramp arasında görüş BAŞA ÇATDI - VİDEO + YENİLƏNİB

Tramp: Qəzzada nizamlanmaya dair razılaşmalar tezliklə əldə olunacaq
