01 Oktyabr 2025 14:27
95
MARAQLI

“Sosial şəbəkələrdə şər - böhtan, şantaj kimi çirkin əməllərə yol verənlər dindarlardır”

“Sosial şəbəkələrin olmaması çox adamın ayıbını örtürdü. Yolda - izdə görəndə hamını adam zənn edirdik. Bu şəbəkələr kimin içində nə varsa güzgü kimi, rentgen aparatı kimi göstərir. Məsələn, istedadlı adamın istedadını, savadını ortaya qoyur. Kim evdə, ailəsində hansı söyüşləri işlədirsə, burada da onu işlədir, bilib tanıyırıq. Bura olmasa elə zənn edərdik ki, filankəs ən əxlaqlı adamdır”. 

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, burada əsas rol dindarların üstünə düşür:

“Çünki sosial şəbəkələrdə ən çox söyüş söyən, ən murdar hərəkətlər edən, şər - böhtan, şantaj kimi çirkin əməllərə yol verənlər dindarlardır. Bu, təkzibedilməz, danılmaz faktdır, reallıqdır. Cəmiyyət hamını tanımalıdır. Bir tərəfi də yaxşıdır ki, sosial şəbəkələr məhək daşı kimi yaxşını pisdən ayırır. Burada adamların içini tanımasan, yolda, toyda, yasda görəndə aldanarsan, elə bilərsən həqiqətən adamdır, dindardı, mömindi. İnsanların içində hansı hisslər, hansı düşüncələr, hansı niyyətlər varsa burada üzə çıxır. Bir balaca qurdalayan kimi püskürürlər. Üzdən mömin görünüb içində ilanlar, əqrəblər yatan buqələmunları tanıdır bu şəbəkələr. Təəssüf olsun ki, bu nemətdən əxlaq, mənəviyyat, tərbiyə, elm təbliğ etmək əvəzinə dindar zümrə əxlaqsızlıq, pozğunluq, fəsad, xurafat, cəhalət, nifrət yayırlar. 

Özünü sağlam göstərib, "Yeddi oğul istərəm" filmindəki "mən sizin səyasətə qarışmıram" deyib eşşəyin belində gedən molla kimiləri də söyənləri, əxlaqsızlıq yayanları görüb göz yumurlar. Deyir, neynirəm kiminsə xətrinə dəyib, bəlkə sabah anası öləndə məni dəfnə çağırdı, 100 manat verdi. Filan söyəni neynirəm tənbeh edib, birdən xətrinə dəyər inciyər, bəlkə birisi gün oğluna kəbin kəsdirib 50 manat verdi... Beləcə hamının iç üzünü açır bu şəbəkələr məhək daşı kimi”.

Vasif ƏLİHÜSEYN