Qədim türk yurdunun sakinləri: Altaylar - (VII yazı)
Cənubi Sibirdə yerləşən Altay Respublikası qərbdə Qazaxıstan, şimalda Rusiya Federasiyası, şərqdə Tuva və Xakas Türk Respublikaları, cənubda Monqolustan və Şərqi Türküstan ilə qonşudu. Paytaxtı Qorno-Altaysk şəhəri olan Altay Muxtar Respublikası Rusiya Federasiyasına daxildi.
Altay dağları təkcə Sibirin coğrafi möcüzəsi deyil, bura həm də türk xalqlarının ən qədim beşiyi sayılır. Bu sərt, amma səxavətli təbiətin qoynunda yaşayan altaylar bu gün sayca az olsalar da, mədəni və tarixi baxımdan türk dünyasının ən dəyərli xalqlarından biri hesab olunurlar.
Türk kimliyi
Altaylar mənşəcə türk xalqlarına mənsubdu. Tədqiqatçılar Altay bölgəsini həm də qədim türklərin ilkin yurdlarından biri kimi qəbul edirlər. Altay dili türk dilləri ailəsinə daxil olub, leksik, fonetik xüsusiyyətlərinə görə qıpçaq və oğuz qruplarına aiddi. Altay dili Azərbaycan türkcəsinə də çox yaxındı.
Tarixi mənbələrdə bu torpaqlar hunların, göytürklərin və digər qədim türk birliklərinin formalaşdığı məkan kimi xatırlanır. Bu səbəbdən altayların mədəni yaddaşı yalnız regional deyil, ümumtürk tarixinin də ayrılmaz hissəsidir.
Təbiətlə harmoniya
Altayların ən qədim dini dünyagörüşü şamanizmdir. Şamanizm altaylar üçün təkcə inanclar sistemi yox, həm də həyatın özüdür. Bütün qədim türklərdə olduğu kimi altaylarda da təbiət: dağ, çay, ağac, od canlı və müqəddəs hesab olunur. Onların inancına görə insan təbiətlə harmoniyada yaşamalıdır.
Altay şamanları kama adlanır. Kamalar qutsal ruhlarla insanlar arasında vasitəçi rolunu oynayırlar. Onların missiyası xəstələri sağaltmaq, icmanı qorumaq və təbiətlə tarazlığı saxlamaqdı.
XX əsrin əvvəllərindən etibarən Altayda “burhanizm” adlı dini cərəyan yayılıb. Bu inanc şamanizmin əsaslarını qoruyaraq, onun üzərində buddizm və xristianlıq elementlərini özündə birləşdirir. Burhanistlər zorakılığa qarşı savaşı, səbri və mənəvi təmizliyi ön plana çəkirlər. Altaylar arasında dini dözümlülük və qarşılıqlı hörmət mühüm dəyər sayılır.
Altay ailəsi
Altay cəmiyətində ailə əsas sosial dayaqdır. Ənənəvi ailə modelində qadın ocağın qoruyucusu, kişi isə ailənin təminatçısı və müdafiəçisidir. Yaşlılara sevgi və sayğı altayların dəyişməz əxlaqi prinsiplərindəndir.
Milli mərasimlərdə təbiətə təşəkkür, at kultu, odun müqəddəsliyi kimi qədim türk inancları aydın şəkildə görünür.
Bayramlarda qurbanlar kəsilir, dualar edilir və icma bir araya gələrək birlik ruhunu möhkəmləndirir.
Altayların ənənəvi yaşayış evi “aul” adlanan yurtadır. Aulun dairəvi quruluşu altay dünyagörüşündə kainatın bütövlüyünü simvolizə edir.
Milli adların qorunması
Altayların ad sistemi də onların kimliyini əks etdirir. Xristianlığın və rəsmi idarələrin təsiri ilə rus adları geniş yayılsa da altay ailəsində valideyinlər uşaqlarına ikinci, milli ad verirlər. Ailədə uşaqları məcburi qoyulan rus adları ilə yox, öz milli altay adıyla çağırırlar. Bu da altayların assimilyasiyaya qarşı dirənişini, həm də mühitə uyğunlaşma bacarığını göstərir. Yad mədəniyyətin dominant olduğu bir coğrafiyada onlar öz kimliklərini qoruyub saxlamağa çalışırlar.
Həyat tərzi
Altay Respublikası iqtisadi baxımdan zəif bölgələrdən biri sayılsa da, yerli əhali bunu faciə kimi qəbul etmir. Onlar üçün əsas zənginlik torpaq, təbiət və azadlıqdır. Altaylar əsasən kəndlərdə yaşayır, maldarlıq, ovçuluq və əkinçiliklə məşğul olurlar.
Son illərdə turizmin inkişafı Altay torpaqlarına yeni nəfəs gətirib. Bir çox ailə turistlərə kirayə yurta verir, milli yeməklər təqdim edir, əl işləri və suvenirlər hazırlayırlar.
Altaylar bu gün say baxımından qismən məhdud etnos kimi görünsələr də, onların mədəni və özünəməxsus kimliyi son dərəcə güclüdü. Bu toplum zamanın axarı içində yaşayaraq öz varlığını qoruyub saxlayır.
Altay xalqı eynilə Altay dağları kimi təmkinli və sakit təbiətə malikdi. Lakin bu sakitliyin arxasında minilliklərin yaddaşı, türk mədəniyyətinin dərin kökləri və nəsildən-nəslə ötürülən böyük mənəvi irs dayanır.
Murad Köhnəqala
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

