adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2025 15:54
58
SİYASƏT
A- A+

"Ermənistanda Rusiyanın siyasi sistemi sıradan çıxarılır" 

"Azərbaycanın təşəbbüsü ilə Ermənistanın iqtisadi blokadadan çıxması Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoyub. Hazırda həm Rusiya, həm də Qazaxıstan istiqamətindən Ermənistana yüklərin Azərbaycan üzərindən daşınması regionun iqtisadi əlaqələrinin bərpası baxımından mühüm hadisədir. Bu proses Ermənistan Baş naziri Nikol Paşinyan üçün seçkilər ərəfəsində sülh gündəliyini gücləndirmək və ölkə daxilindəki revanşist qüvvələri – xüsusilə Robert Koçaryan, Serj Sarkisyan və Kilsə institutunu – siyasi arenada küncə sıxışdırmaq üçün unikal şans yaradır". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, Növbəti mərhələdə Türkiyə-Ermənistan sərhədlərinin açılması da istisna edilmir: 

"Beləliklə, Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlığa əsaslanan yeni geosiyasi-iqtisadi nizam formalaşır. Azərbaycan regionun təhlükəsizliyinin və sabitliyinin uzunmüddətli strateji xəttini müəyyənləşdirərək aparıcı aktora çevrilib. 

Son 30 il ərzində Ermənistan Rusiyanın təsiri altında regional əməkdaşlıq proseslərindən kənarda qalıb. Moskvanın dəstəklədiyi siyasi elita və Kilsə institutları Ermənistanın müstəqil qərar vermə imkanlarını məhdudlaşdırıb. Bu qüvvələr bu gün də müxalifətdə qalaraq, Rusiyanın təsir narrativlərini davam etdirir, sülh gündəliyinə qarşı çıxır və köhnə ərazi iddialarını diriltməklə regionda gərginlik yaratmağa çalışırlar". 

Politoloqun sözlərinə görə, hazırda gedən proseslər göstərir ki, Ermənistanda uzun illər formalaşmış, Rusiyadan asılı siyasi sistem dərin şəkildə sarsılıb: 

"Moskva uzun müddət Ermənistanda yerləşmiş siyasi və dini elita vasitəsilə Cənubi Qafqazda öz mövqelərini qoruyurdu. Lakin Paşinyanın islahatçı və siyasi reallıqları qəbulu  bu sistemi tədricən sıradan çıxarır. 

Baş nazir Paşinyan daxildə sülhə qarşı olan qüvvələri – Kilsə rəhbərliyini və revanşist müxalifəti – neytrallaşdırmaq istiqamətində ardıcıl addımlar atır. Qeyd edim ki,  qarşıdakı seçkilərdə Paşinyanın qalib gəlməsi real görünür. Bu isə Ermənistanın yeni mərhələyə – Rusiyadan asılı olmayan, sülh və regional əməkdaşlıq yönümlü siyasi sistemə keçidini sürətləndirəcək. Nəticədə, Ermənistan Azərbaycanla əməkdaşlığa əsaslanan, sabit və müstəqil siyasi-iqtisadi model formalaşdırmaq imkanı əldə edəcək". 

Vasif ƏLİHÜSEYN