adalet.az header logo
  • Bakı -°C
09 Noyabr 2026 17:23
73
SİYASƏT
A- A+

“Ukraynanın bu tələblə razılaşması inandırıcı deyil...”

“Abu-Dabi danışıqlarında Fransa iştirak edir. Abu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək. Danışıqlarda Fransanın da iştirak edəcək. Avropa İttifaqının bütövlükdə bu danışıqlar prosesində təmsil olunmaması, təbii ki, Ukraynanın mövqeyini müəyyən qədər zəiflədər. Görünür, bu prosesdə Avropa İttifaqını məhz Fransa təmsil edir. Danışıqlarda əsas mübahisəli məsələlərdən biri yenə də ərazi güzəştləri olacaq. Donald Tramp Ukraynanın ərazi güzəştlərinə getməli olduğunu vurğulayır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, görünür, Donbasın işğal altında olan ərazilərinin Rusiyaya verilməsi məsələsi Vaşinqton və Moskvanın Kiyevə qarşı təzyiq vasitələrindən birinə çevriləcək:

“Xüsusilə ABŞ-nin bu istiqamətdə Ukraynaya təzyiqləri arta bilər. Lakin Volodimir Zelenskinin belə bir güzəştə getməsi real görünmür. Əgər Vladimir Putin hərbi yolla Donbasın Ukraynanın nəzarətində qalan hissəsini ələ keçirə bilməyibsə, indi diplomatik danışıqlar vasitəsilə buna nail olmaq istəyirsə, Ukraynanın bu tələblə razılaşması inandırıcı deyil. Ukrayna müharibənin ən ağır və zəif dövründə belə Rusiyaya təslim olmadı və ərazi güzəştinə getmədi. İndiki şəraitdə isə Kiyevin belə bir addım atacağı mümkün deyil. Fransa və ümumilikdə Avropa İttifaqının da bu məsələdə Ukraynanın mövqeyini dəstəkləyir. Ümumiyyətlə, Abu-Dabi danışıqlarının müsbət nəticə verməsi üçün ilk növbədə atəşkəsin təmin olunması vacibdir”. 

M.Əsədullazadə bildirib ki, tərəflər hazırkı təmas xətti əsasında atəşkəsə nail ola, hərbi əməliyyatların qarşısını almaq üçün silahsızlaşdırılmış zona yarada və paralel olaraq iqtisadi əməkdaşlıq formatının formalaşdırılması istiqamətində addımlar ata bilərlər:

“Bununla yanaşı, tərəflərin hərbi qüvvələrinin güzgü prinsipi əsasında qarşılıqlı şəkildə geri çəkilməsi də mümkün razılaşması ən optimal variantdır.Əgər Rusiya bu şərtlərlə razılaşmasa, müharibənin davam etməsi qaçılmaz olacaq. Çünki proseslərin ümumi dinamikası Moskvanın maraqlarına zidd istiqamətdə inkişaf edir. ABŞ Konqresində demokratların qalibi olması, Avropa İttifaqında Ukraynaya dəstək məsələsində koordinasiyanın güclənməsi Rusiya üçün əlavə çətinliklər yaradır. Eyni zamanda, Rusiyanın cəbhədə hər ay təxminən 50 min hərbçi itkisi verdiyinə dair səsləndirilən rəqəmlər Moskvanın müharibənin davam etdirilməsi ilə bağlı imkanlarının və siyasi hesablamalarının nə qədər mürəkkəbləşdiyini göstərir. Məhz bu amillər Rusiyanı yenidən danışıqlar masasına qayıtmağa sövq edən əsas səbəblərdən biridir. Əbu-Dabi danışıqların müsbət nəticələnməsi gözlənilmir”.

Vasif ƏLİHÜSEYN