“Bu halda heç bir müəllimin maaşı azalmır...” – İqtisadçı
“Müəllimlərin əmək haqqına yeni mexanizmin mümkün təsirləri Müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçidi ilə bağlı cavabsız qalan ən vacib sual budur: - Bu dəyişiklikdən sonra təxminən 146 min müəllimin əmək haqqı fondu üçün ayrılan ümumi vəsaitin həcmi nə qədər artacaq? Bütün məsələlərin həllinin arxasında iqtisadi faktor (pul!) dayandığı üçün bu məsələyə də ən vacib baxış iqtisadi baxışdır”.
Adalet.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, odur ki, bu sual çox önəmlidir:
“Tutaq ki, hazırda ümumi təhsil müəssisələrində çalışan 146 min müəllimin əmək haqqı fondu üçün ŞƏRTİ olaraq ildə 1 milyard manat nəzərdə tutulur. Bəs, 8 saatlıq iş saatına keçiddən sonra bu məbləğ 1,2 milyard və ya 1,3 milyard (və ya daha çox) olacaqmı? Yoxsa dəyişiklik ümumi həcmdə ciddi fərq yaratmayacaq? 8 saatlıq iş prosesinin mahiyyəti əslində iki mümkün maliyyə modelinə söykənə bilər: Birinci model əmək haqqı fondunun real genişlənməsi modeldir. Bu halda heç bir müəllimin maaşı azalmır, 8 saatlıq iş rejiminə keçənlərin maaşı isə əlavə büdcə vəsaiti hesabına artır. Nəticədə təhsil sisteminin maliyyə öhdəliyi böyüyür və bu iqtisadi məntiqlə həqiqi maaş artımı deməkdir. İkinci modeldə isə fondun həcmi dəyişmir, sadəcə daxili bölgü yenilənir. Yəni bu halda əmək haqqı fondu əvvəlki kimi qalır, amma bölgü dəyişir. 8 saatlıq rejimə keçməyən müəllimlərin maaşı müəyyən qədər azalır, həmin vəsaitin hesabına 8 saat işləyənlərin maaşı isə artır. Bu, mahiyyətcə statistik artım effektidir, real artım deyil. Maliyyə baxımından bu, mühasibat balansının bir maddədən digərinə keçirilməsindən ibarətdir. Xüsusilə qeyd edim ki, hazırkı dövrdə kiminsə əmək haqqının azaldılmasına gediləcəyini də gözləmirəm. İkinci modelin tətbiq edilməsi ağlabatan deyil. Odur ki, kiminsə narahatlıq keçirməsinə ehtiyac yoxdur. Bu sadəcə nəzəri baxımdan mümkün modellərdən biridir. Beləliklə, birinci modeldə sistem güclənir, real inkişaf baş verir. Əgər məqsəd bu modeldirsə və Azərbaycan müəllimin əmək haqqını Azərbaycanda orta aylıq əməkhaqqı səviyyəsindən yüksəyə qaldıracaqsa, o zaman bu alqışlanacaq addımdır.
İndi məsələnin ən vacib tərəfinə gələk. Əgər birinci maliyyə modeli tətbiq ediləcəksə onda deməli, bu modelin tətbiq ediləcəyi ilin dövlət büdcəsi ilə bağlı kontekst də nəzərə alınmalıdır. Məsələn, gələn ilin dövlət büdcəsinin ümumi xərcləri cəmi 0,3 faiz artıb. Təhsil xərcləri isə 1,6 faiz artıb. Bu hazırkı iqtisadi mərhələnin xüsusiyyətlərini əks etdirir və fiskal siyasətin daha ehtiyatlı, balanslaşdırılmış çərçivədə həyata keçirildiyini göstərir. Təbii ki, belə bir şəraitdə müəllimlərin əməkhaqqı fondunun ümumi yükünü əhəmiyyətli dərəcədə artırmaq çətin olacaq. Çünki mövcud fiskal çərçivədə bu praktik baxımdan çətin icra olunan bir öhdəlikdir. Deməli, bütün bu məqamlar nəzərə alındıqda, ideya kimi, model kimi, konseptual səviyyədə bu məsələnin müzakirə olunması tamamilə mümkündür və müəyyən istiqamətlər üzrə təhsil sistemi üçün üstünlüklər də yarada bilər. Lakin mövcud fiskal imkanların hazırkı konfiqurasiyası fonunda “8 saatlıq iş” mexanizminin məhz indiki mərhələdə gündəmə gətirilməsi optimal zamanlama hesab edilmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Noyabr 2025 10:40
Birol Akgün: Türk dünyası sahibkarlarının geniş əməkdaşlığı qurulub
18 Noyabr 2025 20:51
"Baku Electronics", "Kontakt Home"la bağlı TƏDBİR GÖRÜLDÜ
18 Noyabr 2025 09:48
Gələn ildən vətəndaşlara daha çox ƏDV ödəniləcək
17 Noyabr 2025 17:14
Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edildi - YENİLƏNİB
17 Noyabr 2025 12:43
"AzerGold" Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqat işləri aparır
17 Noyabr 2025 11:17
Azərbaycanda 10 ayda büdcədən 280 milyon manat vəsait geri qaytarılıb
17 Noyabr 2025 10:42
“Azərbaycanın bu marşrutda əsas logistika mərkəzi kimi rolu danılmazdır”
17 Noyabr 2025 09:15


Bakı -°C

