Türklər hücum etsələr, güclənməyə vaxtımız olmayacaq - Simonyan
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb.
Adalet.az erməni mətbuatına istinadla xəbər verir ki, o, ölkəsinin təhlükəsizlik siyasətində Rusiyadan asılılığın davam etdirilməsini tənqid edib və Türkiyə ilə mümkün müharibə ehtimalı üzərindən siyasət qurulmasına qarşı çıxıb.
Simonyan bildirib ki, Türkiyə hücum etmək istəsə, Ermənistanın hərbi cəhətdən güclənməsini gözləməyəcək:
"Türklər hücum etmək istəsələr, güclənməyə vaxtımız olmayacaq, heç nə edə bilməyəcəyik. 70 il ərzində bizə aşılanan "Rusiyadan yapışaq, yoxsa türklər bizi məhv edər" düşüncəsinin reallıqla heç bir əlaqəsi yoxdur".
O, Türkiyənin NATO-nun ən böyük ordularından birinə malik olduğunu xatırladaraq, Ermənistanın Türkiyə sərhədindən 60 kilometr məsafədə yerləşdiyini deyib. Bildirib ki, mümkün hücum qarşısında Rusiyanın hərbi bazası belə Ermənistanı qoruya bilməz.
Erməni rəsmisi ölkəsinin əsas təhlükəsizlik təminatının müharibəyə səbəb ola biləcək şərait yaratmamaq olduğunu vurğulayıb.
Simonyan Fransa və İngiltərənin uzun illər müharibə aparmasına baxmayaraq, sonradan müttəfiqə çevrildiyini xatırladıb. O, Türkiyə və Azərbaycanla münasibətlərdə də oxşar dəyişikliklərin mümkünlüyünə diqqət çəkib.
"İstəyirəm ki, biz də övladlarımıza intiqam deyil, sülh miras qoyaq", – deyə o bildirib.
Simonyan Ermənistanın keçmiş siyasətini də tənqid edərək, Sovet İttifaqının dağılmasından sonra ölkə əhalisinin artmadığını, Azərbaycanın əhalisinin isə təxminən 10 milyona çatdığını qeyd edib. O, yaranmış vəziyyətin səbəblərindən birinin Ermənistanın düşüncə tərzi olduğunu söyləyib.


Bakı -°C

