adalet.az header logo
  • Bakı -°C
08 Dekabr 2025 12:23
58
DÜNYA
A- A+

“Tramp hər dəfə Zelenskini aşağılamaqdan həzz alır...” – Politoloq 

“ABŞ Prezidenti Donald Tramp deyib ki, guya Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun hazırladığı sülh planının məzmununu oxumayıb. Deyəsən, Tramp hər dəfə Zelenskini aşağılamaqdan həzz alır. Müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısı ona təqdim olunan sülh planını necə oxumaya bilər? Əgər həmin planı müharibəyə dəxli olmayan siyasətçilər və ekspertlər az qala lupa ilə oxuyublarsa, necə ola bilər ki, Zelenski ölkəsinin və bəlkə də özünün siyasi taleyini həll edə biləcək planı oxumasın? Trampın digər iddiasına görə, guya Zelenkisinin komandası sülh planından məmnun qalıb, Ukrayna Prezidenti isə məmnun qalmayıb”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, bu cümlədə də iki ziddiyyətli məqam var: 

“Birincisi, Tramp bir tərəfdən deyir ki, Zelenski planı oxumayıb, o biri tərəfdən də vurğlayır ki, Ukrayna Prezidenti plandan məmnun qalmayıb. Demək, Zelenski planı oxuyub ki, sənəddən məmnun qalmayıb. İkincisi, Zelenski ilə yanaşı onun komanda üzvləri də Vaşinqtonun planından məmnun deyillər. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Sky News” kanalına müsahibəsində Ukraynanın hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər. Bu Sırskinin hamıya, o cümlədən Prezidenti Volodimir Zelenskiyə də mesajıdır ki, işğalçı Rusiyaya güzəştə getməsin. Donald Trampın Zelenskini niyə hədəf seçməsi onun açıqlamasının sonrakı hissəsindən aydın olur. Ağ Ev sahibi Rusiyanın Vaşinqtonun planından razı qaldığını iddia edib. Halbuki, Rusiya Prezidenti Vladimir Putin Hindistan nəşrinə verdiyi müsahibədə Trampın Moskvaya göndərdiyi nümayəndələrlə 5 saatlıq görüşü mənasız və vaxt itkisi kimi qiymətləndirib”.

Vasif ƏLİHÜSEYN