“Lavrovun mesajı bu dövlətləri qorxutmaq mesajı daşıyır...”
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: "Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır:
“Sergey Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimilərin açıqlamaları vasitəsilə bunun tərsini “sübut” edirlər. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Xəzərə sahili olan Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı qorxutmaq məqsədi daşıyır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Burada həqiqət payı var”.
Politoloq deyib ki, Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun:
“Məsələ burasındadır ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib. Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” dənizə sahil ölkələrin müxtəlif mövzular üzrə əməkdalığını ehtiva edir. Bu siyasi və ya hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı “Xəzər beşliyinin” birliyinə zərər vuran varsa, bu elə ilk növbədə Rusiyadır”.
E.Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin ağırlaşdığı barədə dəfələrlə açıqlama verib:
“Xəzər dənizinin su səviyyəsi ildən ilə azalır. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə su səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun “Qərb Xəzər beşliyini parçalamağa çalışır” açıqlaması ikrah doğurur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Yanvar 2026 19:16
Rəşad Nəbiyev BP rəhbərliyi ilə strateji əməkdaşlıq məsələlərini müzakirə etdi - FOTO
30 Yanvar 2026 18:50
Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi
30 Yanvar 2026 18:43
Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi
30 Yanvar 2026 18:34
"Rusiya -Ukrayna enerji obyektləri ilə bağlı razılaşma əldə etdi"
30 Yanvar 2026 18:13
Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi
30 Yanvar 2026 18:08
“Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır...”
30 Yanvar 2026 17:00
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü
29 Yanvar 2026 18:00


Bakı -°C

