adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 09:41
52
GÜNDƏM
A- A+

“Yas evini qonaqlıq məkanına, yemək ünvanına çevirmək olmaz...”

Son illər ölkəmizdə keçirilən yas mərasimlərinin 7 gün yox, bundan sonra 3 gün keçirilməsi təklif edilir. Artıq müəyyən qədər insanlar yas mərasimlərində bunu həyata keçirirlər. Amma elə adamlar da var ki, yas mərasimini 7 gün yox, 3 gün etməyə utanır. Düşünür ki, el-oba onu qınayar ki, cavan adamı ölüb, amma 3 gün yas verdi. 

Məsələylə bağlı Adalet.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, yas məclislərində dəbdəbəli və israfçı süfrələrin ləğv edilməsi davam edir. 
Onun sözlərinə görə, insanlar artıq yükdən, israfdan, borca - xərcə, kreditə düşməkdən xilas olur:

“Eyni zamanda bu məclislər dinimizə uyğun hala salınır. Ancaq hələ bir çox yerlərdə 3 günlükdən əlavə 7 məclisi də verirlər. Bu da əlavə çətinlik yaradır. Ələlxüsus bu ənənə dinimizə ziddir. Həzrət Muhəmməd Peyğəmbər buyurub ki, yas üç gündür. 3 gün yas saxlamaq dinə uyğundur, başsağlığı üçün gələnləri yola salmaq və mərasimi yekunlaşdırmaq lazımdır. 7, 40, 52, cümə axşamları, il məclisləri təşkil etmək əsla İslam ənənələrinə uyğun deyil. Nə Həzrət Muhəmməd üçün, nə onun yaxınları üçün, nə də İmamlar üçün bu rəqəmlərə uyğun yas, ehsan məclisi qurulmayıb. Nə də onların buyuruqlarında belə məsələlərə göstəriş yoxdur. Ona görə əsasən rayonlarımızda davam edən 7 məclisi keçirmək adəti ləğv edilməlidir. Adətən dəfn mərasimi baş tutan gün mərhumun 1 günlüyü hesab olunur ki, yaxınların iştirakı ilə baş tutur. Daha sonda təzə eşidənlər, uzaqdan gələnlər üçün 3 günlük təşkil olunur”. 

O, deyib ki, burada da əlavə israfa, təmtəraqlı süfrəyə ehtiyac yoxdur:

“Yığcam şəkildə çay süfrəsi ola bilər. Mərhumun ailəsinə yardım, dəstək göstərmək istəyənlər pul, ərzaq apara bilərlər. Çünki dinimizə uyğun olanı budur. Həzrət Muhəmməd Peyğəmbərin hədislərində qeyd olunur ki, 3 gündən sonra hətta ölü sahibinə baş sağlığı vermək onun dərdini təzələyərsə, verməyin. Çünki yas 3 gündür. 3 günlükdən sonra məclis qurmağa, yemək yaxud çay süfrəsi açmağa ehtiyac yoxdur. Lakin hər bir halda gec xəbər tutub başsağlığına gələnlər olarsa adi qaydada mərhumun yaxınlarına səbr diləyib gedə bilərlər. Yəni, yas evini qonaqlıq məkanına, yemək ünvanına çevirmək olmaz. İslam dininin tələbinə görə israf etmək və yeni dini qaydalar meydana gətirmək, adətə çevirmək bidət sayılır. Bidət dində olmayan şeyi dinə əlavə etməkdir ki, bunun da cəzası cəhənnəm əzabıdır. Bu da Peyğəmbərin hədislərində öz əksini tapıb. Mərhum üçün 3 gün yas kifayət edir”.

Vasif ƏLİHÜSEYN