adalet.az header logo
  • Bakı -°C
19 Yanvar 2026 12:13
106
SİYASƏT
A- A+

“Suriyada YPG-PKK terror təşkilatının varlığına son qoyulur...”

“Suriyanın şimal-şərqində YPG terror təşkilatı möhkəmlənərək növbəti mərhələdə muxtariyyət statusu əldə etməyi planlaşdırırdı. On ildən artıqdır ki, bu ərazilərə nəzarət edən YPG–PKK strukturu ABŞ-dən geniş lojistik və hərbi dəstək alıb. Suriya silahlı qüvvələrinə inteqrasiya olunmaqdan imtina edən YPG rəhbərliyi – Məzlum Abdi və Saleh Müslüm – artıq nəzarət etdikləri ərazilərdən sıxışdırılıb çıxarılır və bu silahlı qurumun sonu yaxınlaşır”.

Adalet.az xəbər verir ki,  bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Türkiyənin dəfələrlə irəli sürdüyü tələblərə baxmayaraq, YPG inteqrasiyanı rədd etdi, silahı yerə qoymadı və separatçı planlarını reallaşdırmağa çalışdı:

“Bu təşkilat Suriyanın şimal-şərqində Türkiyənin suverenliyi və milli təhlükəsizliyi üçün birbaşa təhdidə çevrilmişdi. Kürd separatçıların nəzarətində olan neft-qaz yataqları və əkin üçün münbit torpaqlar Suriya hökumətinin nəzarətinə keçir. Məhz Türkiyənin strateji planı çərçivəsində Suriya ordusu YPG-yə qarşı hərbi əməliyyatlara başlayıb və region kürd separatçı silahlı qruplarından təmizlənir. Qeyd etmək lazımdır ki, ABŞ-nin etirazlarına baxmayaraq, Türkiyə bu prosesi ardıcıl və uğurla həyata keçirir. PKK terror təşkilatını ölkə daxilində sıradan çıxaran, ardınca Suriyada YPG-ni məğlubiyyətə uğradan Türkiyə regionda geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Ankara Suriyanın parçalanmasına, federativ model adı altında faktiki bölünməsinə imkan vermədi və bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirdi”.

Vasif ƏLİHÜSEYN