adalet.az header logo
  • Bakı -°C
22 Mart 2026 15:23
78
SİYASƏT
A- A+

Bu müharibənin bizim regionumuza təsiri ola bilər? - Səxavət Məmməd yazır

ABŞ/İsrail-İran müharibəsi fərqli məcrada davam edir. Müharibənin ilk günlərində ABŞ/İsrail cütlüyü təkcə aviasiyadan deyil, həm də qanadlı raketlərlə (Tomahavk) hücum həyata keçirirdi. Ancaq müharibənin son 10 günüdür ABŞ/İsrail İranı raketlərlə vurmur, yaxud vura bilmir. Bunun əsas səbəbi gəmilərin artıq çox uzaqda olması ilə bağlıdır. Gəmilərin uzaqda olmasının səbəbi isə iddiaya görə, İranın "Abraham Lincoln" aviadaşıyıcısını vurub zədələməsi ilə bağlıdır. Heç aviadaşıyıcı vurulmadan da geri çəkilə bilər. Gəmilərin uzaqlaşması sadəcə bir qorxu deyil, hərbi zərurətdir. Əgər aviadaşıyıcı qrupunun (Carrier Strike Group) müdafiə perimetri İranın sahil raket sistemləri və "kamikadze" dronları tərəfindən deşilibsə, ABŞ komandanlığı milyardlarla dollar dəyəri olan bu "üzən qalaları" itirməmək üçün onları "təhlükəsiz məsafəyə" çəkməyə məcburdur. Bu isə o deməkdir ki, göyərtədəki qırıcıların hədəfə çatma müddəti uzanır və onların havada yanacaqdoldurma asılılığı artır. Yəni, bir zərbə təkcə gəmini zədələmir, həm də bütün əməliyyatın effektivliyini (Sortie rate) aşağı salır. Faktiki olaraq ABŞ/İsrail cütlüyü İranla müharibədə aviasiyanın ümidinə qalıb. İran tərəfi isə hücum tempini azaltmır. 21 mart tarixində isə müharibə başlayandan bəri İran İsraildə ən ağır tələfatlara yol açan zərbələr endirib.

Bəzən sual verirlər ki, müharibənin ilk günləri İran daha çox zərbələr endirirdi, ancaq sonra raket və dron hücumlarının sayı azalıb. Müharibələrin xarakteri belədir: ilk günlər əməliyyatlar kütləviliklə həyata keçirilir. Bu, özünü həm zərbələrin sayında, həm də itkilərin miqyasında göstərir. Müharibənin ilk günlərindəki kütləvi zərbə taktikasını sual edənlər, görünür, 44 günlük müharibənin və ya Ukraynadakı genişmiqyaslı əməliyyatların başlanğıc mərhələsinin hərbi xarakterini unudublar.

Müharibənin ilk günlərində də qeyd edirdim ki, ABŞ və İsrailin alternativ planları yoxdur. ABŞ və İsrailin "alternativ planı yoxdur" dedikdə, onların yalnız hava zərbələrinə (Air Power) güvənməsini nəzərdə tuturam. Lakin tarix sübut edir ki, hava zərbələri ordunu və infrastrukturu sarsıda bilsə də, quruya girmədən və xalqın müqavimətini qırmadan rejim dəyişikliyi mümkün deyil. İranın geniş coğrafiyası və dağlıq relyefi isə bu hava zərbələrinin effektini minimuma endirir. İlk günlər qarşılarına qoyulan əsas tapşırıqları yerinə yetirdilər: həm dini lideri, həm ordunun generallarını aradan götürdülər. İran ərazisində bütün strateji obyektləri vurdular. Nəticə nə oldu? Rejim dəyişmədi, ordu heç nə olmamış kimi döyüşləri davam etdirir. Artıq ABŞ-da həm Trampın komandasında olanlar, həm də ona müxalif olanlar bildirir ki, rejimin dəyişməsi qeyri-mümkündür. Sual yaranır: bu müharibənin başlamasında məqsəd nə idi və nəyə nail olunur?

Tramp da bildirdi ki, İranın Körfəz ölkələrinə zərbə endirəcəyini gözləməyiblər. 12 günlük müharibədən sonra o müharibə ilə bağlı yazılarımda qeyd edirdim ki, əgər yenidən müharibə olacaqsa, İran Körfəz ölkələrini vuracaq və Hörmüz boğazını bağlayacaq. Təsəvvür edin, ABŞ/İsrail İrana hücum edir, İran isə ancaq İsrailə və ABŞ-nin hücumda iştirak edən hərbi gəmilərinə zərbələr endirir – İran bu müharibədən heç cür qazanclı çıxa bilməzdi. Müharibə başlar-başlamaz yazırdım ki, İran müharibənin coğrafiyasını, miqyasını genişləndirəcək. İran bunu etməsəydi, ağ bayraq qaldırmaq məcburiyyətində qalacaqdı.

İran bu müharibə bitmədən artıq bir neçə nəticə əldə edib. İranın ən uğurlu nəticəsi İraqla bağlıdır. İraq ərazisindəki İtaliya, İngiltərə, Polşa, İspaniya və ən sonda isə NATO hərbi bazaları boşaldıldı və onlar İraqı tərk etdilər. İran əslində İraq istiqamətindəki birinci eşalonu tamamilə dağıdıb desək, yanılmarıq. Körfəz ölkələrinin vurulmasına gəldikdə isə, İran orada da birinci eşalonu sıradan çıxara bilib. Körfəz ölkələri təkcə ABŞ hərbi bazalarına görə yox, oradakı radarlara, ballistik raketlərin izlənilməsi sistemlərinə görə önəmli idi. Yəni, İran Körfəz ölkələrini vurmasaydı, İranın İsrailə və ABŞ hərbi gəmilərinə endirəcəyi zərbələr effektiv olmayacaqdı.

Ərəb ölkələri bildirir ki, İran müsəlman ölkələrinə hücum edir. Sual yaranır: o müsəlman ölkələri indiyənə qədər hansı müsəlman ölkəsinə dəstək verib? Fələstinlilər canlı yayımda qırılanda o müsəlman ölkələrinin səsi çıxırdı? Yoxsa İraqda ərəblər qırılanda, Suriyada ərəblər qırılanda qapılarını nə əcəb suriyalılar üçün açmamışdılar? Ona görə də, "İran müsəlmanları vurur" söhbəti boşdur, mənasızdır. İranın Körfəz ölkələrindəki infrastrukturu hədəf alması həm də ABŞ-ın logistik mərkəzlərini iflic etməkdir. Bu günün şərtləri daxilində Dubay və ya Bəhreynin vurulması təkcə yerli krallıqların deyil, həm də orada yerləşən ABŞ-ın 5-ci Donanmasının (5th Fleet) təminat yollarının kəsilməsi deməkdir. İran faktiki olaraq ölüm-dirim savaşına girib. Bu tip savaşda təhdid, təhlükə qardaşından da gəlirsə, vurulur. Tarixdə bunun yüzlərlə örnəyi var.

Tramp Avropa ölkələrini, xüsusilə NATO-nu hədəf alıb. Hətta NATO-nu ABŞ-sız kardondan düzəldilmiş şirə bənzədib. Əslində NATO-nun ABŞ-lı, yaxud ABŞ-sız kardondan şir olması Rusiya-Ukrayna müharibəsi ilə aydın olmuşdu. Tramp NATO-nu və Avropa ölkələrini onlara dəstək verməməklə ittiham edir. Trampdan öncəki ABŞ prezidentləri bütün təcavüzlərdə öncə koalisiya qururdu, ardından işğala başlayırdı. Tramp və Netanyahu özlərinə o qədər arxayın idilər ki, düşünürdülər bir neçə günə məsələni həll edəcəkdilər və qazancı da yalnız özlərinə qalacaqdı.

Müharibə başlayan zaman YouTube kanalımda qeyd etmişdim ki, əgər görülsə İran məğlub olur, hətta Lüksemburq belə müharibəyə qoşulacaqdı. NATO da, Avropa ölkələri də öz potensialını yaxşı bilir. Ona görə də, görəndə ki, İran şiddətli müqavimət göstərir, açıq şəkildə bildirdilər ki, "bu bizim müharibə deyil, bizimlə məsləhətləşdirilməyib". Bəzən bu tip şeylər yazanda kimlərsə girib yazır ki, "ABŞ-da birinin ağlına gəlmədi bunlar? ABŞ-da o qədər institutlar var, onlar bilmirdilər bunu?". Aşağılayıcı tərzinizə görə mən də kobud yazıram: korsunuz, görmürsünüz ki, Tramp ölkədəki nəinki institutlar, heç kəşfiyyat orqanlarının məlumatlarına belə baxmadan müharibəyə başlayıb?

Körfəz ölkələrinin müharibəyə qoşulmaq iddiası var. Körfəz ölkələri buna hazırdır? Bəli, onlar böyük pullar verib ən müasir silahlar alıblar. Amma onlar Dubayın, Palmanın dağıdılmasını göz önünə alacaqlar? İran şəhərlərə, infrastruktura, əsas da neft, qaz və su qaynaqlarına zərbələr endirsə, o ölkələr kimə və nəyə lazım olacaq? Hesab edirəm ki, xüsusilə Bəhreynə bir qədər də təzyiq olunsa, ölkədə vətəndaş müharibəsi baş verə bilər və qondarma kral ölkəni qoyub qaçacaq.

İddialar var ki, quru əməliyyatları başlaya bilər. Bütün hərbi nəzəriyyələr hücumda olan tərəfin müdafiədə olan tərəfdən ən azı 4 dəfə çox olmasını deyir. ABŞ İranda quru əməliyyatları keçirmək üçün nə qədər qüvvə cəmləşdirməlidir regiona? Təminat necə təşkil olunacaq? Bunlar çox sadə şeylərdir, oturub hesablamaq lazımdır. ABŞ və İsrail İranın raket buraxılış qurğularını, hava hücumundan müdafiə sistemlərini məhv etdiklərini dəfələrlə bəyan edib. Ancaq hər gün ABŞ-a məxsus bir döyüş təyyarəsi vurulur, İsrailin şəhərlərinə daha güclü zərbələr endirilir.

Bu müharibənin bizim regionumuza təsiri ola bilər? Şübhəsiz ki, olacaq. Əvvəl şimal qonşumuz müharibə içərisində idi, cənub qonşumuz ona dəstək verirdi. İndi isə cənub qonşumuz müharibədədir, şimal ona dəstək verir. Necə bir dəstəkdən söhbət gedir? Bu günün reallığında İran tək döyüşmür. Rusiyanın kəşfiyyat peykləri və bəzi iddialara görə, elektron mübarizə (REB) sistemlərinin koordinasiyası ABŞ təyyarələrinin vurulma tezliyini artırır. Bu, müharibənin artıq lokal deyil, qlobal bir qarşıdurmanın cəbhəsi olduğunu göstərir. Faktiki olaraq iki böyük qonşumuz müharibə içərisindədir. Bunun regionumuza təsiri olmayacaq demək sadəlövhlük olar. Açıq şəkildə görünür ki, manevr imkanları azalıb. Hesab edirəm ki, Trampın adına qoyulmuş TRİPP layihəsi ilə bağlı məsələ də gündəmdən çıxacaq. Çox maraqlıdır ki, bu layihə ilə bağlı söz deyəndə ermənilər qalır kənarda, birinci azərbaycanlılar adamın üzərinə hücum çəkir. Ay bala, ay uşaq, o layihənin səninlə heç bir əlaqəsi yoxdur. O layihədə keçəcək yol Ermənistanın suveren ərazisi kimi tanınıb. Ermənistanda keçiriləcək seçkilərdə əgər Paşinyan yox, Köçəryan qalib gələrsə, regionda yenidən gərginlik yaşanacaq.