adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 11:30
87
SİYASƏT
A- A+

“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”

“İran qalib gəldi. ABŞ İranın 10 maddəlik təklifini qəbul etdi. Bundan sonra nə olacaq? Bundan sonra neft kəskin ucuzlaşmağa başlayacaq. Sanksiyaların ləğv edilməsi nəticəsində İran sürətlə inkişaf etməyə başlayacaq. Bundan sonra İranda teokratik dini rejim zəifləyəcək. Əvəzində İranda mühafizəkarlar sıradan çıxmaqla, bu ölkədə ciddi elmi, texnoloji inkişaf başlayacaq. Körfəz dövlətləri ilə münasibətlərin yenidən qurulması, regionda balansın yaranmasına gətirib çıxaracaq”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı eksper Razi Abasbəyli deyib. 

Onun sözlərinə görə, İranda mühafizəkarların mövqelərinin zəifləməsi nəticəsində Azərbaycanla da münasibətlər daha sağlam müstəviyə keçəcək:

“İlk növbədə ABŞ-İran anlaşması əlbəttə ki, ABŞ-nin də maraqlarının təmin edilməsinə səbəb olacaq. ABŞ uranın zənginləşdirilməsinə müəyyən həddə qədər razılıq verəcək. Bununla belə şərtlərini də diqtə edəcək. Məsələn, regionda proksi qüvvələrin ləğvi. Məsələn, HƏMAS zəifləyəcək. Bu birmənalıdır. İran öz qılıfına çəkilib daha müasir və sağlam bir formada inkişaf edəcək. Sanksiyaların ləğvindən sonra neft sənayesi inkişaf edəcək. Regionda güclü aqrar sektoru, bütün sanksiyalara ramən inkişaf edən sənayesi, elm və təhsil istiqamətləri daha da inkişaf edəcək. Tarix dəfələrlə sübut edib ki, savaşlarla, silahlarla heç bir xalqı məğlub etmək mümkün deyil. Savaşla, silahla qazandıqlarını sevgiylə, mərhəmətlə, himayə etməklə pərçimləmək lazımdır”. 

R.Abasbəyli deyib ki, ABŞ nə İraqda, nə Əfqanıstanda bunu edə bilmədi:

“Başarmadı və geri çəkildi. İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar. Aylar əvvəl yazmışdım ki, heç bir ölkə İrana quru qoşunu ilə hücum edə bilməz. Quru qoşunları olmadan da 100 il də İrana bombalasalar nəticəsi olmayacaq.Sonuc ortadadır.Bu sonucu mütləq Rusiya da yaşayacaq. Kreml nəhayət anlamalıdır ki, Ukraynada bundan sonra heç vaxt qalib ola bilməyəcək.ABŞ vaxtında anladı. Rusiya da gec-tez anlamasa bu onun sonu olacaq.Regionda dəngələr dəyişəcək. Və dəyişən şərtlər İsraili zəiflədəcək.Türkiyə ilə İran yaxınlaşmasının sürətlənəcəyi qaçılmazdır. Çin, Hindistan, Türkiyə və İran arasında inkişaf edən iqtisadi əlaqələr nəticə etibarilə Avropanın da iqtisadi olaraq böyüməsinə səbəb olacaq. Çünki ABŞ və İsrailin İrana hücumları zamanı Avropa və Britaniya konkret olaraq mövqe ortaya qoydu - "Bu bizim savaşımız deyil"!ABŞ Ukraynaya dəstəkdən imtina etməklə, Avropa ilə yollarını ayırdı. Bu yolda ABŞ özünə həm də güclü rəqiblər qazandı. ABŞ Avropa ilə yanaşı Çin, Hindistan kimi nəhəng bazarları sürətlə itirməyə başlayacaq. Orta Asiya ölkələrində (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) başlayan iqtisadi inkişafın da əsas səbəbi Çindir.Beləliklə yeni dünya düzənində iki h..ayasız ölkənin (Rusiya və ABŞ) hər ikisinin hegemonluğu başa çatmaq üzrrədir. Artıq dünya yeni qaydalarla idarə edilir. Hər bir dövlət özü qərar verərək öz yolunu, müttəfiqlərini seçəcək. Yalnız bir istisna var - körfəzdəki ərəb ölkələri. Onlar hələ də hansısa ölkənin arxa baxçası olaraq qalır. Və yəqin ki, elə neft emalı zavodu anlayışından o yana keçməyəcək bu ölkələrin statusu”. 

Vasif ƏLİHÜSEYN