10 Iyun 2024 13:08
857
ƏDƏBİYYAT

Rafiq Ələkbərin ŞEİRLƏRİ

Ruhum bağ salıbdır obir Allaha

 

 

 

Oddan yaranmaqla öyünmə çox da,

Mən də Od yurdunun oğluyam, şeytan.

Səni Tanrı göydən yerə düşürdü,

Mən isə göylərə bağlıyam şeytan.

 

Artıq qəzəbindən özün yan,kül ol,

Bəs edər insana bəslədiyin kin.

Deyən vaxtı çatıb,məndən uzaqlaş,

Sən odlar yurdunun oğlundan çəkin.

 

Özünü sayırsan bəşərdən üstün,

Toruna düşübdür  bilmədən çoxu.

Bütün mələkləri Tanrı yaradıb,

Sən də mələklərin birisən axı.

 

Yurdumun odudur gözünə girən

Harada  varamsa  burun soxursan.

Elə addım-addım izləməklə də,

Həm mən,həm yurdumdan əvəz çıxırsan.

 

Məni eşq yandırdı  güclü oduyla,

Cəhənnəm odundan uzağam daha.

Sən məni yandıra bilmərsən şeytan,

Ruhum bağ salıbdır obir Allaha

 

Tanrım, bağışla

 

Düşündüm,özümü dərk edim bir az,

Ayaq tutan yerdən heç qaçmamışam.

Yerdəyəm,göydəyəm, bilmədim bunu,

Mən özüm-özümdən baş açmamışam.

 

O qədər yazdım ki,bir cümlə cıxdı,

O,Böyük  Mütləqdir, O, böyük cümlə.

Tapındım,sığındım,pənah apardım,

Şeytandan,İblisdən görəndə həmlə.

 

Bizim kitabımız göydən gəlibdir,

Bir hikmət axtardım hər ayəsində.

Dərin  zülmətləri yarıb keçmişəm,

Tanrıdan aldığım nur sayəsində.

 

Kim deyir mən elə hamı kimiyəm,

Hamı mənim kimi seçilə bilməz.

Bütün sevdaların əhdi,peymanı,

Tanrı sevgisiylə ölçülə bilməz.

 

Bu çay dağları da tən yarı bölür,

Bu çay ayrı salıb sal qayaları.

Çayın bu tayında quzu mələşir,

Obiri tayında ot tayaları.

 

Bir duası vardır hər çiçəyində,

Qucağını açar çiçəklər mənə.

Bura elə yerdir,elə məkandır,

Gülməyi tapşırdı mələklər mənə.

 

Havaya heç zaman söz buraxmadım,

Heş kəs inciməsin mənim sözümdən.

Yerin günahını mən də daşıdım,

Şikayət edirəm özüm-özümdən.

 

Bir göz qırpımında günah yuyulmaz,

Günahlar yuyular qarla,yağışla.

Təzədən o qıza gözüm sataşdı,

Dedim, günahımı, Tanrım, bağışla.

 

 

 

 

Bəlkə həyatımdan çıxıb gedirsən

 

Bunun özü necə vurulmaqdır ki,

Sadəcə gözücu baxıb gedirsən

Özümə gəlməmiş səni görəndə,

Bir göz tətiyini sıxıb gedirsən.

 

Dedim ki,özümə bir güc  gələrəm,

O incə qəlbində eşq incələrəm.

Nədən  boşa gedir düşüncələrim,

Hər şeyi bir anda yıxıb gedirsən.

 

Gün vurub sübh çağı oyananda da,

Görmürsən yanında dayananda da.

Hər dəfə gözümdən yayınanda da,

Bəlkə  həyatımdan çıxıb gedirsən.

 

 

 

 

Yarımçıq bəndimi tamamlamadım

 

Baxırsan zamana cürətlidir ki,

Hər gün bir dərd qoyur yaşımın üstə.

Dalğalar o qədər sürətlidir ki,

Sahilə tullanır başımın üstdən.

 

Bəzən gil,palçıqdan məzar tikirəm,

Görən nə olacaq məzar dibində?

Eh, gör mən də nəyin dərdin çəkirəm,

Ağlım başımdadır, pulum cibimdə.

 

Sözü öz dilimdə bişirməmişdən,

Yüz dəfə keçirdim onu ələkdən.

Bu gülü dərirəm, keçib iş-işdən,

Güllər də bezibdi bakirəlikdən.

 

Eh,kiməm, tənhayam, bəlkə adayam,

Onunçün insan tək ölə bilmirəm.

Ona xəbər verin mən buradayam,

Körpü istündəyəm,gələ bilmirəm.

 

Deyəsən bu yerdə tükənir sözüm,

Bir uşaqlıq cağım düşür yadıma.

Yerdə ulduz olmaq nəyimə lazım,

Göydə bir ulduza verin adımı.

 

Oqız salam verir gözləri ilə,

Oqızı mən indi tamam anladım,

Nə qədər sabahlar ötüşsə belə,

Yarımçıq bəndimi tamamlamadım.

 

Boylandım sola da,baxdım sağa da,

Qalmışam məsum tək ortada hələ.

Vaxt tapa bilmədim qocalmağa da,

Necə oturmuşam partada hələ.

 

Dünyanın həm özü,həm dərdi ağır,

Onu gəzdirirəm  bir qolum üstə.

Hamı danışsa da kim-kimə baxır,

Zaman davam edir öz yolu üstə.

 

 

Göylərdə uçmağı bacarmadıqsa...

 

Bəzən günəş kimi güldün üzümə,

Bəzən də yolumda duman,çən oldun.

Bu uzun illərin sevda nurundan,

Od alan mən oldum, donan sən oldun.

 

Bəzən düşündüm ki, bu qız görəsən,

Niyə razı qalmır saf diləyimdən.

Qəlbimi açmağa yollar aradım,

Yol açdı dilimə söz ürəyimdən.

 

Göylər od tutmuşdu, yanırdı qürub,

Ruhumsa əsirdi o an təlaşdan.

Bax o qürub çağı qarşında durub,

“Qız sənə aşiqəm”- dedim yavaşdan

 

Soyuq baxışların bağrımı dəldi,

Söndü ümidlərim, söndü büsbütün.

Yaxşı ki, bir azca insafa gəldin,

“Elçi göndərərsən, baxarıq”- dedin.

 

Elə bil unutdun,dandın bu zaman,

Eşqin od çağını, alov cağını...

Sən necə üzümə söylədin,gülüm,

Mənə yox,elçiyə inandığını.

 

Bilmədin içimdə dolaşır nələr,

Varmı iç dünyamı ölçən ölçülər?!

Sənli ürəyimdə bir sevda mələr,

Necə deyəcəkdi bunu elçilər.

 

Elçi nə biləydi,mən nə çəkirəm.

Bu iş belə getməz,yox belə qalmaz.

O vaxt dəniz idi qəlbim səninlə,

İndi ümmanlarla heç belə dolmaz.

 

Elə bil göylərdə uçurdu ruhum,

Ən uca göylərdən bir sözlə düşdüm.

Səndən çox əzablar görsəm də ancaq,

Bu ağır cavabı gözləməmişdim.

 

Gözümdə kainat talandı yenə,

Daha mənim deyil oulduz,oay.

Göydəki qapılar bağlandı mənə,

Yer öz qapısını açdı taybatay.

 

Elçilər söyləsin sözünü qısa,

Elçilər danışsın,biz səssiz qalaq.

Göylərdə uçmağı bacarmadıqsa,

Bir cüt çiçək kimi yerlərdə solaq.

 

 

Şair ruhdur, gözəl mələk

 

Şair ruhdur, gözəl mələk, əzizim,

Cənnət üçün yaranmışlar tək-təkdi.

Bu dünyada şair dərddən üzülər,

Bu dünyada mələk elə mələkdi.

 

Şair-gözəl qohumdular əzəldən,

Hansı dünya, hansı məkan fərqi yox.

Bu dünyada şairləri üzənlər,

O, dünyada ruhlarını qoruyur.

 

Şair təbi, gözəl nuru həyatdı,

Kainatda xoşbəxtliyin açarı.

Tanrım, niyə Sən bəndələr yaratdın,

Gözəlləri şairlərdən qaçırır.

 

Şair Tanrı sevgisindən doğulub,

Gözəl-mələk lap Tanrının yanında.

Ey gözəllər şairlərdən qaçmayın,

Qoy birləşək lap Tanrının yanında.

 

Şair ruhdur, gözəl mələk,dərd-qəmi,

Hamı bilir bir-birindən çəkər kim.

            Ey şairlər six cənnətə getməyin,

            Cənnətdə də ruha mələkdi hakim.

 

 

 

Özünü sevdirə bilmirsən mənə

 

Özünü sevdirə bilmirsən mənə,

Sən özün gedirsən qəmin üstünə.

Guya ki, günahkar mənəm həmişə,

Hər şeyi yıxırsan mənim üstümə.

 

Guya gözəlliyi duymuram, məncə

Bu  hissi  öncədən qəlb etməliydi.

Razı olmasaydım özümdən-dedin,

Gözəlliyin məni cəlb etməliydi.

 

Sən mənim içimi duymalısan, qız,

Səni uzaq edən içimdir mənim.

Gözəlsən ölçüyə sığışmalısan,

Şairəm sonsuzluq ölçümdür mənim.

 

Eşq də tarazlığı sevir əzizim,

Çalış tikanı da gülə döndərək.

İçim okeandır, ümmandır mənim,

Deyirsən, gəl onu gölə döndərək.

 

Məndən sevgi payı istəyirsənsə,

Onu xırdalama, etmə heç xırda.

Okeana çaylar, dənizlər sığar,

Göllər bataqlıq da olar axırda.

 

Həyatda yarıyıb kimlər sevgidən,

O, bəzən şirindir, bəzən acıdır.

Sevilməmək sənə dərddirsə mənə,

Eşqlər həyatımın taxtı-tacıdır.

 

Gözəlliyi duymaq şairə nədir,

Şair gözəlliyi tora salır bil.

Şairin içində nurdandır o, tor,

Hörümçək toruna düşən tək deyil.

 

Deyirəm sevilsin, sevsin insanlar,

Hamı sadiq olsun öz aşiqinə.

Gözələ vurular minlər, milyonlar,

Yenə möhtacdırlar şair eşqinə.

 

Şairlər sevərlər bəni-insanı,

Şairlər göyləri yerlərə qatar.

İnsan yox şairdən eşq umursansa,

Ondan bir damla pay sənə də çatar.

 

Tükənməz  oyundur sevgi həyatda,

Uduzdun nəmləmə qəmdən gözünü.

Niyə sevilmirsən günahkar tapma,

Çalış sevdirməyə bacar özünü.

 

 

 

GÖYLƏR QİSMƏTİMDİR

 

Yenə üz tutmuşam kədər dağına,

Dağ saxlamaz dərdi, əlacı göydə.

Ömrüm sanki dönüb göy qurşağına,

Bir ucu yerdədir, bir ucu göydə.

 

Yaşamaq özü də zülümdür, Allah,

Hələ dayanmıram, hələ gedirəm.

Ömrün son mənzili ölümdür, Allah,

Mən oraya gülə-gülə gedirəm.

 

Göy imiş bəlkə də əzəl qismətim,

Günəşə baxıram, Aya baxıram.

Bu yer qurtaracaq günahdan çətin,

Günahı olmayan Göyə baxıram.

 

Bəlkə də arıya bənzəyək bir az,

Günah əməllərin onda sonu var.

Arı pətəyində ilahi nizam,

Arı dünyasının öz qanunu var.

 

Tanrı göy üzünü qorumaq üçün,

Təmizlik bəxş etdi ançaq göylərə.

İlahi mələklər göylərdə sakin,

Öz şər mələyini göndərdi yerə.

 

Pozulur dünyada haqqın gərdişi,

Bu dünya fırlanır, çox nəhs fırlanır.

Qiyamətə qalıb dünyanın işi.

Çünki dünyamızda İblis fırlanır.

 

Göydə ulduz payım, göydə bürc payım,

Taleyim, qismətim göylərə bağlı.

Ruhuma Tanrıdan gələn güc payı,

Mütləq Yaradanı dərk edən ağlım.

 

Nədən sıxılıram, İlahi, nədən,

Deyəsən cismimə bu dünya evdir.

Tapmıram bu sirrin izahın nədən,

Yerdə yaşasam da, göyləri sevdim.

 

 

Yenə üz tutmuşam kədər dağına,

Dağ saxlamaz dərdi əlacı göydə.

Ömrüm sanki dönüb göy qurşağına,

Bir ucu yerdədir,bir ucu göydə.

 

 

Domino daşı

 

Gördük həyatımız rəvan getməyir,

Nə dodaq çatladaq, nə ağız büzək.

Varsa qarşımızda domino daşları,

Götürüb qaydayla sıraya düzək.

 

Dominoya baxmayaq qumar daşıtək,

Onun öz sirri var, öz qaydası var.

Kiməsə bu daşlar hikmət dərsidir,

Kiməsə hardasa bir faydası var.

 

Əgər dominodasan, oyna sonacan,

Kiçikdir, böyükdür, atma daşını.

Ağqoşa düşəndə heyfislənməyin,

Heç də reklam etmə altıqoşanı.

 

Sən nə oynayırsan oyna sonacan,

Özünlə bir çilingağacı daşı.

Daş üstə daş qoymaq hünərdir indi,

Bir şansdır bu, olsa lap domino daşı.

 

Görərsən bu daşlar nədən düzəlib?

Bəlkə də təsəlli vermək üçündü.

Bütün qoşaları atdım qırağa,

Mənə uyğun gələn dördün üçüdü.

 

Hələlik tənhayam bu həyatda mən,

Hələlik seçirəm ağın birini.

Domino daşında bir nizam vardır,

Hər daş tamamlayır ancaq yerini,

 

Ağ yolun yolçusu ağqoşa deyil,

O, bir heçlik kimi sənə həmlədir.

Bir az qəribədir həyat oyunu,

Onun gedişləri kədər, qəmlədir.

 

 

Dünya qərar tutub qoşalar üstə

Yoxsa ilişərdi tində, dalanda.

Tək övlad sonsuzluq sayılır bəzən,

Yaxşıdır övlad da qoşa olanda.

 

Bir də görürsən ki, ötdü cavanlıq,

Ömrün axırına, başa gedirik.

Hərdən ömrümüzü yelə tapşırıb,

Hərdən bu dünyayla qoşa gedirik.

 

Dünya qoşalara görə yaşayır,

Olsun gündüz-gecə, ya axşam-səhər.

Qoşalar olmasa, dünya olmazdı,

Ömrünü vurardı ya da bir təhər.

 

Dominodan ev tikib sevinmək üçün,

Onun daşlarını düzdük sıraya.

Oyunda ən böyük məqamdır bəlkə,

Ən böyük qoşalar çıxsa araya.

 

Dominoya kökləyək arzuları biz,

Çıxaq bir qabıqdan, çıxaq dəridən.

Bəlkə qarşımıza qoşalar çıxdı.

Canımız qurtardı ağın birindən.

 

 

 

Ürəyimdən çıxmısan

 

Ürəyim çırpınür “yar” deyə-deyə,
Ürək nə deyirsə yara yazıram.
Səni düşünəndə çox zaman gülüm,
Qəlbimin səsinə qulaq asıram.

 

Sevgi okeandır ucsuz-bucaqsız,
Onun dalğaları ömrə yığışır.
Eşqin sərhədləri hüdudsuzdursa
Bəs nədən bir kiçik qəlbə sığışır?

 

Bizi bağlayan çox tellər yoxsa da,
Sənə ürəyimlə bağlanmışam mən.
Vətən fədaisi cənnətə gedər,
Eşqin fədaisi dönər dinindən.

 

Ləpəli dənizdir ürəyim yəqin,
Çaytək ürəyimə axmısan mənim.
Bilmirəm dünyaya insan tək gəldin,
Yoxsa ürəyimdən çıxmısan mənim.

 

 

Tələsmə hələlik adi olmağa

 

Sən öz vücudunu kətandan örtmə,

Əncir yarpağından ilmələr elə.

Necə də sirlisən, sirlisən gülüm,

Sən öz yaxandakı düymələr ilə.

 

Belə sirli olmaq, qapalı olmaq,

Sanki dağ başına ucaldır səni.

Səndə xəzinə var, necə xəzinə,

Düymələr gizlədir o, xəzinəni.

 

Tələsmə hələlik adam olmağa,

Yoxsa  mənim kimi yetim qalarsan.

Yaxanda düymələr açılar birdən,

Birdən səndən iraq insan olarsan.

 

Qadına mələk sirli qalmağa,

Tanrı özü verər macal həmişə.

Tanrının sevimli bəndəsi olub,

Sən də sirli qalıb ucal həmişə.

 

Düymədə sirr vardır, ilahi bir sirr,

Bu sirdən ruhuna şəfəq saçılar.

Tanrı sınağıdır qadın sirləri

Düymə boşalarsa sirlər açılar.

 

Gizlət xəzinəni, əzizim gizlət,

Bir az da möhkəmlət qapantıları.

Xəzinə taparlar yerin altından,

Sonda gizlədərlər tapıntıları.

 

Tələsmə hələlik adi olmağa,

Sən də mənim kimi yetim qalarsan.

Yaxanda düymələr açılar birdən,

Qorxuram ki, birdən  insan olarsan.

 

 

 

 

 

 

O QIZIN GÖZLƏRİ YOL ÇƏKİR HƏLƏ

 

Belə tənhalığa yovuşa bilmir,

İçindəki qəmdən sovuşa bilmir.

O qız sevdiyinə qovuşa bilmir

O qızın gözləri yol çəkir hələ.

 

Hələ boynu bükük gülə bənzəyir,

Sözünün üstündə durub gözləyir.

Ürək üsyan edir, ağıl “döz” deyir,

O qızın gözləri yol çəkir hələ.

 

Sevənlər son məktub yazıb gedirlər,

Bəxtdən gileylənib, susub gedirlər.

Qapıdan elçilər küsüb gedirlər,

O qızın gözləri yol çəkir hələ.

 

Eşqin atəşində yanıb bişəcək,

Üç il belə getdi, gözlər beşəcən,

Bəxti göy zənbillə göydən düşəcək,

O qızın göləri yol çəkir hələ.

 

 

 

 

TƏNDİR

 

Niyə həyətlərdə təndir azalır,

Bəlkə od payımız yaddan çıxıbdır?

Bizim yurdumuzun od ürəyi var,

Bizim çörəyimiz oddan çıxıbdır.

 

Tanri bu torpağa od ruhu verib,

Odlar diyarını odla yaşadar.

Tanrı yaradıbsa ruh verib demək,

Hətta torpağa da, hətta daşa da.

 

Müqəddəs təndirdə odla oynamaq,

Hörmüzə, Odərə hörmət işidir.

Həyətdə tikilən təndir, qardaşım,

Yurdun oda olan sitayişidir.

 

Təndirdən od çıxır, oddan tullanım,

Onda itəcəkdir hər ağrı-acım.

Kündəni təndirə yapdığı anda,

Oda, bərəkətə əyilir bacım.

 

Tanrı bu torpağa od ruhu verib,

Bəxtini yazmaqsa yaddan çıxıbdır.

Təndirdə həm od var, həm də bərəkət,

Bizim çörəyimiz oddan çıxıbdır.

 

 

 

 

Qapı ağzında

 

Sizin evinizə behişt deyərəm,

Məndən soruşsalar behiştin hanı?

Yolüstü bir dəstə gül alım sənə,

Bəlkə də telinlə dəyişdim onu.

 

Bu şəhər nə bilir, kimik, nəçiyik,

Bir  dost  kimi  sizə gedirik qoşa.

Çatdıqsa, qoy durum  qapı ağzında,

Özünsə addımla yuxarı başa.

 

Yolu da yüz dəfə ölçüb biçirəm,

Ya yolu genəltdim, ya da ki, yoldum.

Bilirəm xeyri də olmadı bunun,

Nə irəli düşdüm, nə geri qaldım.

 

Qapının ağzını xoşlayıram mən,

Evdə tam başqadır yerişin sənin.

Qapını açım ki, çölə rahat çıx,

Qapını örtəndə soyuq dəyməsin.

 

Açılmaz, örtülsə bəxtin qapısı,

Bəxtin gül açarsa dili qapıdır...

Sirləri kilidlər qapılar çox vaxt,

Bütün sevdaların həlli qapıdır.

 

Qapılar hamıya ümid yeridir,

Qapıdan asılıb yellənən də var.

Qapı-qapı gəzib qız axtaran kim,

Qapı-qapı gəzib dilənən də var.

 

Bütün duyğularım  qapı ağzında,

Bəlkə burda çatdım  mən  kamil yaşa.

Hələlik  gözləym qapı ağzında,

Hələ haqq etmirəm yuxarı başa...

 

 

 

Söz qabığıdır

 

Üzündən tökülən kədər, qaşqabaq,

Əsl üzün deyil, üz qabığıdır.

Kimisə seyr etsə qəmli gözlərin,

O, gözdən ayrlan göz qabığıdır.

 

Göydən salam alıb, bir öyüd versən,

Onda sən içində nə böyüdərsən.

Dəyirman daşında söz üyüdürsən,

Bəlkə o, söz deyil, söz qabığıdır?

 

Nədənsə sevməyir əfəli dünya,

Toxumtək çücərdir cəfanı dünya.

Deyəsən, geyinib kəfəni dünya,

O ki kəfən deyil, öz qabığıdır...

 

 

Sən mənim sözümü tutmursan axı

 

Bu sevda yarımçıq qalmamalıydı,

Ona qəm şərabı dolmamalıydı.

Niyə belə oldu, olmamalıydı,

Sən mənim sözümü tutmursan axı.

 

Dedim ki, qoymayaq eşqimiz sönə,

Təəssüf edirəm hər ötən günə.

Hətta qisasla da qorxutdum, yenə,

Ətəyindən daşı atmırsan axı.

 

Dənizdən buluda yığılıram mən,

Sonra yağış kimi dağılıram mən.

Elə bil təzədən doğuluram mən,

Mənimtək dənizdə batmırsan axı.     

 

 

Otuz il sonra

 

Bu, tale yazısı, yoxsa təsadüf...

Nədirsə, şükürlər olsun bu günə.

Son görüş yerində - bax elə burda,

Düz otuz il sonra rastlaşdıq yenə.

 

Buradan ayrıldı bizim yolumuz,

Zorla tərpənirdik öz yerimizdən.

Sən mənə, mən sənə - əlvida - dedik,

Halallıq istədik bir-birimizdən.

 

Çöhrəndən oxudum həyat yolunu,

Çöhrənə illərdən qəm qarışmışdı.

Gözlərin yenə də işıq saçırdı,

Azca saç ağarmış, üz qırışmışdı.

 

Döğma insanlartək salamlaşdıq biz,

Elə sakit-sakit nəsə danışdın.

Bir az ürkək-ürkək, bir az mənalı,

Həyat tarixçəni qısa danışdın.

 

Bir onu qabartdın, xoşbəxtsən guya,

O başda görünən - evindir, - dedin.

Artıq ailəlidir oğlun, qızın da,

Qolundan tutduğun - nəvəndir, - dedin.

 

Nəvəni görürəm, heç soruşmuram,

Bu gözəl uşağın neçə yaşı var?

Nəvənin alnından öpürəm indi,

Belə öpüşlərin iki başı var.

 

Bəlkə ayırmayıb bu yer bizi heç,

Vida anlarını il ilə verib?!

Burada təzədən görüşməyə də,

Bizə otuz illik fasilə verib.

 

Bəlkə də Tanrının lütfüdür bizə,

Yəqin çəkməyibdir bizdən əlini.

Vüsala çatmadıq, bəlkə qeyd edək,

Burda ayrılığın otuz ilini?!

 

Necə də dəyişir taleyin hökmü,

Düşər-düşməzi var xeyrin-şərin də.

Qolundan tutduğun nəvənə baxdım,

Mən idim bir zaman onun yerində.

 

Bir qutsal məkandır bu yer bəlkə də,

Burada tapırlar sevən-sevəni.

Deyirəm, nə yaxşı yanında gördüm,

Özgə bir şəxsi yox, doğma nəvəni...