adalet.az header logo
  • Bakı -°C
13 Fevral 2026 08:14
21
ANALİZ
A- A+

Rəqəmsal gələcəyə hesablanmış strateji addım

“Biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var.

Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür”. 

Dövlət başçısının sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Azərbaycanın rəqəmsal inkişafında yeni mərhələyə keçidin əsas konturları müəyyənləşdirildi.

Cənab Prezidentin vurğuladığı kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatları ölkələrin gələcək taleyini müəyyən edən əsas amillərə çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, beynəlxalq layihələrdə qazandığı zəngin təcrübə və mövcud infrastruktur ölkəmiz üçün mühüm üstünlüklər yaradır. Müvafiq sahədə kadr hazırlığına diqqətin artırılması və süni intellektin geniş tətbiqi Azərbaycanın rəqəmsal gələcəyinə hesablanmış strateji addımlar kimi qiymətləndirilməlidir. Bu yanaşma ölkənin uzunmüddətli, innovativ və dayanıqlı inkişaf kursunu daha da gücləndirir. 

Elnur Allahverdiyev
VI cağırış Milli Məclisin deputatı