30 Sentyabr 2024 11:01
137
ELM VƏ TƏHSİL

MDB ölkələri rusdilli məktəblərdən imtina edir, Azərbaycan isə sayını artırır:Bu bizə lazımdır?

Hələ bir neçə gün əvvəl Rusiya mediası təşvişlə yazdı ki, Özbəkistanda müəllimin rus dilində dərs keçməyi xahiş edən şagirdi döyüb. Millətinə və dilinə vurğun olan müəllimə isə məhkəmə vasitəsilə cəzalandırılıb. Güman ki, cərimələnib , eyni zamanda təhsil sahəsindən vidalaşıb.


Rusiya onun “qüruru”- dili ilə “zarafat” edənləri bağışlayarmıl? Əsla ! Təcili olaraq Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Özbəkistanın Moskvadakı diplomatik nümayəndəsinə təqdimatla müraciət edib.Bunu anladıq amma Rusiya XİN. Özbəkistanı uşaq istismarına hüquqi qiymət verməyə çağırmasını hələ də anlaya bilmirik. Bu çağırış əslində, başqa bir ölkənin daxili işlərinə qarışmaqdır.
Ötən həftənin son günü isə Özbəkistanda növbəti “rus dili” qalmaqalı baş verdi. Rusiyadan Özbəkistana köçmüş şagir özbək dilində danışa bilmədiyi üçün döyülüb. Dəqiqləşdirmək mümkün olmasa da, artıq bu hadisələr xalq arasında rusa və rus dilinə başlayan antipatiyadan xəbər verir.


Araşdırmalarımız göstərir ki, 33-34 il əvvəl müstəqillik qazanıb Rusiyadan ayrılan respublikalarda bu hal adi hal olmaqda davam edir. Məsələn hələ 2008-ci ildə Rusiya- Gürcüstan arasındakı Avqust müharibəsindən sonra Gürcüstanda rus dili ilə bağlı geniş hərəkat başladı. Hətta ölkədə vəziyyət o həddə idi ki, turistlər yerli sakinlərdə rus dilində bir söz soruşanda onu cavablamırdılar. Məlumatlarda deyilir ki, ingilis dili bu ölkənin tədris proqramında rus dilini əvəz edir.
Statistik məlumatlarda göstərilir ki, 1988-ci ildə ölkədə bütün fənlərin rusca tədris edildiyi 257 məktəb olub. Gürcüstan rəsmilərinin ötəl il verdiyi məlumatda deyilir ki, hazırda rus dilində təhsilin mümkün olduğu 54 məktəb var. Bu məktəblərdən 11-i tam rus dilindədir. Yerdə qalan 43 məktəbdə gürcü dilli bölmə ilə yanaşı, rusdilli bölmə - rus sektoru fəaliyyət göstərir. Bunlardan 36-sı dövlət, 7-si özəl məktəbdir.


Ermənistanda da sovet dönəmində 170-ə qədər rus məktəbi olduğu deyilirdi. Ermənistan müstəqilliyini qazandıqdan sonra “Ermənistanın dili haqqında” qanununa əsasən, ölkədə yeganə dil erməni dili hesab olundu və rus məktəbləri tədricən azalmağa başladı. İrəvan və regionlarda dərsləri rus dilində aparılan 45 məktəb var. Yenə də Ermənistan təhsil nazirliyinin məlumatında göstərilir ki, 2020-ci ilə qədər sayı 36 olan rus məktəblərinin 45-ə çatmasına son illər Rusiyadan, Belorusiyadan və Ukraynadan ölkəyə axın edənlər səbəb olub. Məsələn Gümrüdəki rus məktəbi orada yerləşən 102-ci bazanın hərbçilərinin uşaqlarına xidmət edir. bildirilir ki, hazırda rus dili siniflərində 6 min 740-dan çox uşaq təhsil alır, halbuki 2022-ci ilin aprel ayında bu rəqəm 3 min 380 idi.
Yəqin ki, rəqəmlərin belə yüksəlişi erməni təhsil sistemində xoşagələn haq kimi qiymətləndirilməyib. Çünki Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bu ilin sentyabrında verdiyi məlumatda rus dilinin tədricən Respublika məktəblərinin təhsil proqramından çıxarıldığı bildirilir. Materialda deyilir ki, yeni tədris ilindən etibarən "Rus dili" fənni yalnız dörd il - 4, 9, 10 və 11-ci siniflərdə tədris ediləcək. Qalan şagirdlər üçün belə bir fənn olmayacaq, yalnız "xarici dil 1" və "xarici dil 2" olacaq.
Ermənistan siyasəti gürcü qonşuların "təcrübəsini" təkrarlamaq və Avropaya inteqrasiya yoluna qədəm qoymaq qərarına gəlib. Ölkə KTMT-yə üzvlüyünü dondurub, Paşinyan isə bildirib ki, guya təşkilat milli təhlükəsizliyə təhdid daşıyır. Və nəhayət yeni bir dost olmayan jest - "fənnin adını dəyişdirmək" bəhanəsi ilə rus dilinin proqramdan tədricən çıxarılması prosesinə artıq start verilib. Güman ki, tezliklə rus məktəblərinin və erməni məktəblərindəki rus sektorlarının sayı minimum endiriləcək.


İndi isə Azərbaycanda rus dilinin “fəaliyyəti”nə baxaq. Hələ ötən il Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mediaya bildirmişdi ki, MDB məkanında ən çox rusdilli məktəbləri olan ölkələrdən biri Azərbaycandı: Azərbaycanda rus dilində tədris aparılan məktəblərdə təhsil alanların sayı 159 031 nəfərdir. 5 il əvvəl bu rəqəm 90 min idi. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. 324 orta məktəbdə təhsil rus dilindədir.

Məlumdur ki,  Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində tədrisin daha kütəvi olması icmaiyyətdə vaxtaşırı narazılıqlar yaradır. Təhsil ekspertlərinin bir çoxu hansısa mağazada və ya digər xidmət sektorunda işləmək üçün "11 il rus dilində oxumağa" ehtiyac olmadığını vurğulayır. Dövlətin  rus dilli təhsil üçünn büdcədən vəsait xərcləməsini mənasız bilirlər.   Hətta Azərbaycanda rus dilində tədrisin digər xarici dillərlə müqayisədə daha çox yayılmasını "dövlətçilik üçün təhlükə" görənlər də var.

Beləliklə, Azərbaycan ÜDM və iqtisadi artımda Ermənistan və Gürcüstandan geri qalsa da, bu sahədə, nəinki, bu ölkələri həmçinin MDB ölkələrinin bir çoxunu da  geridə qoyub.

Ötən illərdə Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov məlumat verdi ki, Qazaxıstan yeni tədris ilindən birinci sinif şagirdlərinə rus və ingilis dillərinin tədrisini ləğv edib:”Xüsusi araşdırmaların nəticələri göstərib ki, birinci sinif şagirdləri üçün eyni vaxtda üç dili öyrənmək çətindir. Ona görə də dövlət dilində təhsil alan məktəblərdə dərslərin yalnız qazax dilində aparılması, rusdilli məktəblərdə isə qazax və rus dillərinin tədrisi qərara alınıb.
Bildiyiniz kimi, rus dili Qırğızıstanda rəsmi dil olaraq qalır və əhali arasında demək olar ki, hamı rus dilində danışır. Odur ki, bu ilin fevralında respublika parlamentinin spikeri Nurlanbek Şakiyev bildirib ki, Qırğızıstan məktəblərdə də şagirdlərə ibtidai sinifdən başlayaraq rus dilində deyil, dövlət dilində dərs verilməlidir”.
Ötən il Qırğızıstanın parlamenti "Qırğızıstan Respublikasının dövlət dili haqqında” konstitusiya qanununu birinci oxunuşda qəbul etdi və rus dilinin qırğızların dilindən sızışdırıb çıxarmaq üçün məktəblərdən başlanılmasına qərar verildi.
Oxucularımız üçün bildirək ki, Rus dili beynəlxalq dildir. Dünyanın ən vacib dili olaraq qalır. UNESCO beynəlxalq təşkilatının rəsmi məlumatlarına görə, dünyada 2796 dil var və müxtəlif mənbələrə görə 2500-dən 7000-ə qədər rus dili danışanların sayına görə səkkizinci yerdədir. 258 milyondan çox insan bu dildə danışır.

P.S. Bir neçə xarici dil bilmək intellektual insan üçün  ən yüksək keyfiyyətlərdən biridir . Məsələn, 300 illik tariximizin Rusiyanın yazdığını bilirik və rus dilindəki materiallar bu dili bilənlər üçün əlçatan olur. Üstəlik rus dili ilə səyahət zamanı insanlarla rahat ünsiyyət qurmaq da mümkündür. Amma rus dilinə aludə olub, Azərbaycan dilini unutmaq, öz doğma dilində danışmağa utanmaq , yeri gəldi, gəlmədi bu dildən istifadə etməyi də düzgün hesab etmirik.  Rus dilində mükəmməl bilənlər gələcək karyerasını Rusiyadamı davam etdirəcək? Bəs onda bu can-fəşanlıq nə üçündür? Olmaz ki, ölkəmizdə də  rus dili məsələn, ingilis, alman, ərəb, fransız dili kimi xarici  dil   olaraq öyrənilsin?


Əntiqə Rəşid