03 Oktyabr 2025 14:46
70
İQTİSADİYYAT

Rusiya Ukraynaya dair üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınır

2025-ci il oktyabrın 3-də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar apardığı tədqiqatın yekun nəticələrini ictimailəşdirib. 

Təşkilatın sədri Fikrət Yusifov keçirdiyi brifinqdə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas maliyyə qaynaqlarından biri Ermənistan üzərindən apardığı idxal-ixrac əməliyyatlarıdır. Rusiyaya qarşı beynəlxalq sanksiyaların işə düşməsi və Ermənistanın xarici ticarət dövriyyəsindəki kəskin artımlar bir-biri ilə sıx bağlıdır, biri səbəb, digəri nəticədir. Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmində məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib, bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına düşür. 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdə idxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar bu ölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür. Fikrət Yusifov sual edir: “2020-ci ildə 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış, iqtisadiyyatı çökmüş bir ölkənin yoxsul əhalisi necə ola bilər ki, birdən-birə xaricdən bu qədər ləl-cəvahirat, qiymətli daşlar alsın, hansı vəsaitlə?! Bu, gülünc saxtalaşdırma, pərdələnmiş iqtisadi əməliyyatlardır, iki ölkə arasında sövdələşmənin nəticəsidir. Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları ilə qazandığı maliyyəni Ukraynada dinc əhaliyə qarşı hücumlar üçün istifadə edir. Bunu gizlətmək mümkün deyil”. Belə ki, Ermənistan Rusiyadan idxal etdiyi bu məhsulları yerli məhsullar adı altında digər ölkələrə ixrac edir. Əgər qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların Ermənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8  milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞ dollarından çox olub, 5 il ərzində 23 dəfə artıb. Beləliklə, Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir və onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimi ixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkar vasitəçilik edir.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə Rusiyanın Ermənistandan bir vasitə kimi istifadə etməsi beynəlxalq hüquqa tam zidd bir əməldir. BMT Baş Assambleyasının müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətini müəyyən edir. Başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır. Rusiya və Ermənistanın arasında baş verən bu hərəkətlərə məhz beynəlxalq hüququn müəyyən etdiyi bu prizmadan yanaşılmalıdır.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov qeyd edib ki, bu qanunsuz və beynəlxalq qaydalara zidd ticarət əlaqələri region üzrə mövcud iqtisadi vəziyyətə dair məlumatları təhrif edir və ciddi yanlışlıqlar yaradır.

Brifinqdə qeyd edilib ki, Ermənistan məsuliyyətli və cəsarətli davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz verməməlidir. Bu Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir.

Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb.  Bu çağırışlarda Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın idxal-ixrac əməliyyatlarında iqtisadi potensialına uyğun olmayan dəyişikliklərin müşahidə edildiyi faktlarla göstərilir. 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair hesabatını ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna mövzusunu araşdıran beyin mərkəzlərinə də yollayacaq.