adalet.az header logo
  • Bakı -°C
28 Avqust 2026 11:05
61
SİYASƏT
A- A+

“Bu sərtləşmənin Azərbaycan üçün ciddi neqativ nəticələrə gətirib çıxaracağını güman etmirəm”

“Avropa Parlamentinin üzvü və mərkəz-sol “Place publique” (İctimai meydan; Xalq meydanı; Xalq tribunası kimi də tərcümə etmək olar) partiyasının həmsədri Rafael Qluksman prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Qluksman prezident seçilə bilərmi və bu, Azərbaycanla əlaqələrə necə təsir edə bilər məsələsinə aşağıdakı kimi münasibət bildirdim; Prinsip etibarı ilə “Place publique” partiyasının həmsədri Rafael Qluksmanın prezident seçkilərində qalib gəlməsi nəzəri cəhətdən mümkündür”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O, bildirib ki, lakin bu gün üçün onun seçkilərdə qalib gəlməsi kifayət qədər uzaq ehtimal hesab oluna bilər:

“Belə ki, Qluksmanın öz namizədliyini irəli sürmək niyyətini açıqlaması onu avtomatik şəkildə prezidentliyə namizəd etmir. Qluksman namizədliyini elan etdikdən sonra Sosialist Partiyası ilə Place publique-in təşkil oktyabrda təşkil edəcəyi etdiyi seçkidə iştirakını edəcəyini təsdiqləyib. İlkin seçkidə Sosialist Partiyasının bir neçə rəsmisi də iştirak edəcəyini bildirib. Fransanın sabiq prezidenti Ollandın da ilkin seçkiyə qatılacağı ehtimalı var; Əgər Olland namizədliyini rəsmiləşdirsə, Qluksmanın qarşısında kifayət qədər ciddi, təcrübəli sosial-demokrat rəqiblə mübarizə aparmalı olacaq. Hətta bu ilkin seçkidən keçsə də seçki marafonunda ultrasağ və sağ mərkəzçi namizədlərlə yarışmaq asan olmayacaq.Rafael Qluksman hələ seçkiqabağı platformasının əsas tezislərini açıqlamadığından prezident seçiləcəyi halda onun hansı siyasət yürüdəcəyini indidən birmənalı müəyyən etmək çətindir. Lakin onun siyasi baxışları və indiyə qədərki fəaliyyəti haqqında olan məlumatlar çox şey deyə bilər. Xatırladak ki, Qluksman 2008-2013-cü illərdə Gürcüstan prezidenti Saakaşvilinin müşaviri olub. Qalan vaxtlarda əsasən jurnalist, rejissor, jurnal redaktoru, siyasi şərhçi kimi fəaliyyət göstərib. Aktiv siyasi fəaliyyətlə 2018-ci ildən “Place publique” hərəkatını təsis etməklə başlayıb, 2019-cü ildə Sosialist Partiyasının siyahısı ilə Avropa Parlamentinə seçilib”. 

Politoloqun sözlərinə görə, məhz Avropa Parlamentinin üzvü kimi onun fəaliyyəti siyasi baxışlarının cizgilərini müəyyən etmək üçün əhəmiyyətlidir:

“Bu baxımdan demək olar ki, daha mülayim, bir qədər də mərkəzə yaxın solçu siyasətçi kimi görünür (bunu sol mərkəzçi kimi adlandırmaq daha düzgün olardı). Daha çox sosial-demokratik və liberal-demokratik dəyərlərə üstünlük verir, Fransa daxili məsələlərdə Makronun iqtisadi siyasətinə qarşıdır, Lakin beynəlxalq siyasətdə onun xəttinə yaxın mövqe tutur, Avropa inteqrasiyasının gücləndirilməsinə və Avropanın strateji müstəqilliyinə tərəfdardır. Rusiyaya qarşı sərt mövqedən çıxış edir və Ukraynanı güclü şəkildə dəstəkləyir.Güney Qafqaz regionu ilə əlaqədar məsələlərdə Ermənistanı daim müdafiə etməsi (ona görə də Azərbaycanın siyasi leksikonunda “ermənipərəst” imici qazanıb) və Azərbaycan hakimiyyətinə qarşı sərt mövqeyi ilə fərqlənir. Burada maraqlı cəhət ondan ibarətdir ki, Qluksman Rusiya, Türkiyə və Azərbaycanı eyni müstəvidə görür, bu 3 dövləti Ermənistana qarşı fəaliyyət göstərən avtoritar qüvvələr kimi təqdim edir.2020-ci ildən sonra Qluksman Avropa parlamentində Azərbaycana qarşı bir sıra tədbirlərin və qətnamələrin təşkilatçıları və iştirakçıları sırasında yer alıb. 2022-ci ilin fevralında Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində “Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi” mövzusunda, xaricdəki söyüş müxalifətinin bir neçə nümayəndəsinin iştirakı ilə müzakirə keçirir. Mart ayında isə "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamənin təşkilatçılarından biri olur.Onun Azərbaycana qarşı daha sərt çıxışı 2024-cü ilin fevralında Avropa Parlamentində “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” mövzusunda debatlar zamanı olub”. 

Q.Əlibəyli deyib ki, bu çıxışda Qluksman Qarabağda ermənilərin “etnik təmizlənmə”sindən, təhlükənin artıq bütün Ermənistana, onun azadlığına və suverenliyinə yönəlməsindən, Azərbaycan hakimiyyətinin guya Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi və Ermənistanı hücumla hədələməsindən, Ermənistan ərazisinin bir hissəsinin artıq Azərbaycan ordusunun nəzarətində olmasından və Azərbaycanın Ermənistanın cənubunu işğal etmək təhlükəsi yaratmasından, Azərbaycan, Rusiya və Türkiyənin guya Ermənistan sabitliyi pozmağa çalışmasaından danışır, Laçın dəhlizində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasını “bəşəriyyətə qarşı cinayət” kimi xarakterizə edir:
“Mahiyyət etibarilə hadisələrin erməni interperasiyasına uyğun olan bu çıxış Qluksmanın gələcəkdə prezident seçilərsə, Güney Qafqaz siyasətinin əsas istiqamətlərinin necə olacağı haqqında təsəvvür yaradır. Bir məsələni də qeyd etmək yerinə düşər ki, ümumilikdə Fransanın dövlət maşını ənənəvi olaraq Ermənistanla daha da yaxınlaşmaq, Türkiyəyə və Azərbaycana münasibətdə isə daha sərt və təzyiq mövqeyindən çıxış edir.Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Qluksmanın prezident seçkilərində namizəd kimi iştirak etmək və qalib gəlmək ehtimalı nəzəri cəhətdən var, praktiki cəhətdən də mümkün ola bilər. Prezident seçiləcəyi halda Fransa daxili siyasətdə, xüsusən dövlətin iqtisadi siyasətində ciddi dəyişikliklərin olacağını gözləmək olar. Lakin xarici siyasətdə, o cümlədən Fransanın Güney Qafqaz siyasətində əsaslı dəyişikliklərin olacağı ehtimalı azdır. Əksinə, Qluksmanın prezident seçilməsi Azərbaycan üçün müəyyən risklər daşıyır: siyasi ritorika və diplomatik təzyiq daha da sərtləşə bilər.Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Qluksmanın ən mühüm siyasi xüsusiyyətlərindən biri Rusiyaya qarşı çox sərt mövqeyidir. Bu baxımdan, Rusiya ilə qarşıdurmanın davam etdiyi dövrdə Fransa üçün bütövlükdə Güney Qafqazın, xüsusən də Azərbaycanın geosiyasi çəkisi azalmaq əvəzinə artır.Ona görə də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu, ölkəmizin Avropaya gedən nəqliyyat kommunikasıya xətlərinin qovşağında yerləşməsini və geosiyasi çəkisini getdikcə artırmasını nəzərə alsaq, bu sərtləşmənin Azərbaycan üçün ciddi neqativ nəticələrə gətirib çıxaracağını güman etmirəm”.

Vasif ƏLİHÜSEYN