adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 12:08
60
İDMAN
A- A+

Qəbələ–Xankəndi III Beynəlxalq ultramarafonu başa çatıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ–Xankəndi III Beynəlxalq ultramarafonuna yekun vurulub.

Yarışda 6 ölkədən 97 atlet iştirak edib. İştirakçılar arasında SOCAR-ın əməkdaşı və “Zirvə Running Club”un rəhbəri Rauf Qürbətov, klubun üzvləri — SOCAR-ın əməkdaşı Fərhad Ələkbərov, “Premium Bank”ın əməkdaşı Elşən Səfərov, eləcə də Fitness Running Festivalının qalibi, Shotokan karate üzrə I Dan qara kəmər ustası, natural bodibildinq üzrə dəfələrlə Respublika və Avrasiya çempionu olmuş peşəkar idmançı Qalib Mirzəyev də yer alıblar.

Ultramarafon dörd mərhələdən ibarət olub. İştirakçılar ilk mərhələdə Qəbələ–Ağdaş marşrutu üzrə 52,5 kilometr, ikinci mərhələdə Ağdaş–Bərdə marşrutu üzrə 63,5 kilometr, üçüncü mərhələdə Bərdə–Ağdam marşrutu üzrə 46,8 kilometr, son mərhələdə isə Ağdam–Xankəndi marşrutu üzrə 29,2 kilometr məsafə qət ediblər.

Beləliklə, atletlər dörd gün ərzində ümumilikdə 192 kilometr məsafəyə qaçıblar. Yarışın üçüncü günü müəyyən zədələr səbəbindən Fərhad Ələkbərov və Elşən Səfərov mübarizəni dayandırmaq məcburiyyətində qalıblar.

Buna baxmayaraq, Rauf Qürbətov və Qalib Mirzəyev yüksək əzmkarlıq, iradə və dözümlülük nümayiş etdirərək mübarizələrini davam etdirib və Xankəndidə finiş xəttini uğurla keçiblər. Bu nəticə idmana bağlılığın, iradənin və əzmkarlığın parlaq nümunəsidir. “Zirvə Running Club”un təmsilçilərinə gələcək yarışlarda yeni uğurlar və qələbələr arzulayırıq!