Saatlı – hər addımda bir gözəllik...
Artıq Azərbaycanın bütün rayonlarında 30 ilə yaxındır ki, çox böyük abadlıq-quruculuq işləri görülür. Əlbəttə, bu işləri görmək elə də asan iş deyil. Ən azından ona görə ki, düz 30 il 20 faiz torpaqlarımız erməni işğalı altında olub. Müharibə şəraitində yaşayan ölkəmiz həm öz ərazisini erməni işğalından azad etmək üçün yollar axtarıb, həm iqtisadiyyatı inkişaf etdirib, həm də paralel olaraq əyalətlərdə, rayonlarda böyük quruculuq-abadlıq işləri görüb. Bunları etmək elə də asan məsələ deyildi. Çünki müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan həm də böyük dövlətlər tərəfindən siyasi və iqtisadi təzyiqlərə məruz qalırdı. ABŞ kimi böyük dövlət ermənilərə iqtisadi sanksiya tətbiq etmək əvəzinə, ərazisi işğal olunmuş Azərbaycana 907-ci qərarı qəbul etdi. Bu qərar ona görədir ki, ölkəmizi iqtisadi sanksiyaya məruz qoysunlar və onu təzyiq altında saxlasınlar.
Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra bütün bu problemlər zaman-zaman öz həllini tapdı. Yəni müdrik siyasətçi və böyük şəxsiyyət Heydər Əliyev ən mötəbər kürsülərdə belə Azərbaycanın 20 faiz torpağının işğal olunmasının, BMT-nin dörd qətnaməsini yerinə yetirilməməsini Təhlükəsizlik Şurasının beş üzvü olan ölkələrin rəhbərlərinin diqqətinə çatdırdı. Heç kimdən və heç nədən çəkinmədən Azərbaycana qarşı olan haqsızlığa və ədalətsizliyə etiraz elədi. Ulu Öndərin bu sərt çıxışları təbii ki, kar, kor və lal ölkələri gec-tez haqqın yoluna gəlməyə məcbur etdi.
Azərbaycan belə mürəkkəb durumda həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə çox böyük uğurlara imza atdı. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin bütün rayonlarında abadlıq və quruculuq işlərinə başlanıldı. Çünki heç kimə sirr deyil ki, bir çox rayonlarda sosial obyektlər, xəstəxanalar, uşaq bağçaları bərbad gündə idi. Sovet dövründən qalmış məktəblər və digər insanlara xidmət edən ocaqlar, elə də yaxşı durumda deyildi. Bir çox infrastrukturlar lazımi tələblərə cavab vermirdi. Ölkəmizin iqtisadi cəhətdən güclənməsi məmləkətimizdə abadlıq və quruculuq işlərinə böyük vəsait ayrılmasına şərait yaratdı. Neftdən, qazdan və digər sərvətlərimizdən gələn pulun müəyyən hissəsi Azərbaycanda tikinti-quruculuq işlərinə yönəldildi.
İndi hansı rayona qədəm bassan orda çox böyük sosial-iqtisadi inkişafın, abadlıq-quruculuq işlərinin şahidi olmaq mümkündür. Aydındır ki, bu da öz başına baş verməyib. Hamısı Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin böyük səyi nəticəsində həyata keçirilib. Belə gözəl quruculuq və abadlıq işləri Saatlı rayonunda da gerçəkləşib. Bu rayona kimin yolu düşsə, şəhərin mərkəzində salınmış parklara, xiyabanlara heyran qalar. Mən inanmıram ki, belə möhtəşəm işləri görən adam təəccüblənməsin və sevinməsin. Saatlıdakı Bayraq Meydanı və Heydər Əliyev Parkı öz gözəlliyi, füsunkarlığı və ecazkarlığı ilə insanı heyran edir. Bir-birindən gözəl güllər, çiçəklər, ağaclar adama gəl-gəl deyir. İsti havalarda bu yaşıllıqlar Saatlı şəhərinə bir gözəllik və yeni bir nəfəs verir.
Bu günlərdə Saatlıda olanda Heydər Parkında istirahət edən bir neçə yaşlı sakinlə görüşdük. Gördük ki, onlar gözəl və səliqəli olan bu parkda əyləşib, söhbət edirlər. Və biz də onlardan icazə alıb yanlarında əyləşdik və söhbətə qoşulduq. Məlum oldu ki, onlardan biri - Əli Səmədov uzun müddət kənd təsərrüfatı sahəsində çalışır. 85 yaşı var, təqaüddədir. Əli müəllim deyir ki, sovet hökumətinin vaxtında belə gözəl və yaraşıqlı parklar yox idi. Elə hamıya deyidilər ki, gedin pambıq yığın. Bizim də gecəmiz, gündüzümüz yox idi. Ailə, uşaq hamısı pambıqda idi. Əziyyətin biz çəkirdik, xeyrini sovet hökuməti görürdü. Rayonda indi də pambıq əkirlər. Düzdür, pambıq çox əziyyət tələb edən bitkidir. Gərək yayın istisində ona vaxtında aqro-texniki qulluq göstərəsən, alaqdan təmizləyəsən, su verəsən. Üstəlik də yetişəndə gərək vaxtında da yığasan. Bir də görürdün soyuqlar düşdü, yağışlar yağdı, pambıq yığmaq mümkün olmadı. Amma indi hər şeyi yeni texnologiyaya uyğun həll edirlər. Yəni daha əl əməyinə pambıq yığımında o qədər ehtiyac qalmır. Gözləyirlər pambıq tam yetişir və bundan sonra maşınla yığıma başlayırlar. Mənim uşaqlarım da pambıq əkiblər, yaxşı da pul qazanırlar. Ümumiyyətlə, dolanışığımız pis deyil. Gərək əziyyət çəkəsən ki, xeyir də görəsən. Kim əziyyət çəkir, o, xeyiri görürür. Son illər rayonumuzda çox böyük abadlıq-quruculuq işləri görülüb. Bunların hamısı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləridir.
Digər bir təqaüdçü insanla da tanış oluruq. Bu, Cəfər Əhməovdur. Elə Cəfər kişi də 85-i haqlayıb. Amma yaşından daha gümrah görünür. Deyir ki, mən Saatlının kəndindənəm. Həyətyanı təsərrüfatımız və bir qədər də payı bəlli torpağımız var. Mal da saxlayırıq, qoyun-quzu da, hətta toyuq-cücə də. Payı bəlli torpağımızda isə qarpız, yemiş, pomidor, xiyar, kartof əkirik. Yediyimizi yeyirik, yemədiyimizi bazara çıxarıb satırıq. Vallah, oğul, adam gərək işləməkdən, əziyyət çəkməkdən qorxmasın. Tər tökərsən, əziyyət çəkərsən, sonra da onun bəhrəsini görərsən. Bu sözləri övladlarıma demişəm, indi də nəvələrimə deyirəm. Çox sağ olsun onlar da mən dediklərimi yerinə yetirirlər. Əıziyyət çəkirlər, bəhrəsini də görürlər. Ümumiyyətlə, kənd adamı səhərdən axşama qədər yatmalı, çayxanada domino oynamalı deyil. İşləməli, çalışmalı və çörək qazanmalıdır. Bunları əldə edəndən sonra harda istəsə gedib istirahət edə, dincələ bilər.
Saatlıda bir-birindən gözəl yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilib. Ən müasir üslubda sosial obyektlər və tikililər inşa edilib. Təkcə bu obyektlər şəhərdə deyil, ən ucqar kəndlərdə belə tikilərək əhalinin istifadəsinə verilib. Bir neçə kəndin yolları yenidən inşa edilib və asfaltlanıb. Təbii ki, müasir infrastruktur olmadan orada rahat yaşamaq və işləmək mümkün deyil. Çünki insanlar bu gün daha rahat və daha yaxşı yaşamağı arzulayır. Belə bir istəyin gerçəkləşməsi amma asan məsələ deyil. Asan məsələ olmamasına baxmayaraq, bu gün Saatlıda demək olar ki, çox böyük quruculuq və abadlıq işlərinə geniş start verilib. Bu isə o deməkdir ki, Saatlı camaatı abad və yenidən inşa edilən şəhərdə, qəsəbədə və kənddə mövcud problemlərin həll edildiyini görür, buna sevinir. Çünki abadlıq və quruculuq işlərində Saatlı camaatı da yaxından iştirak edib və edir.
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.