Sabah oxunacaq tariximiz - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
304 | 2025-03-12 14:20

Məşhur bir ifadə var. Daha doğrusu, bu, həm də şeir misrasıdı. Vurğulanır ki, «deyilən söz yadigardır».Deməli , yazılan söz də yadigardır. Çünki yazı sənəddi, yaşayan, təqdim edən, bilgi verən sənəd. Biz tarixi həm də yazılardan öyrənirik, yazılardan bizə gəlib çatır kimliyimiz, hardan gəlib hara çatmağımız. Bax, bu mənada 1988-ci ilin fevralından başlayan və 30 ildən artıq bir zamanı əlimizdən alan, bizi qaçqın, köçkün edən, yurdsuz-yuvasız qoyan bir faciənin araşdırılması, öyrənilməsi üçün də tarixə baş vururlar. Elə indinin özündə də. bundan sonra da baş vuracaqlar. Ona görə də Qarabağ savaşının tarixini, onun qazilərini, şəhidlərini tanıtmaq, tarixiləşdirmək hər bir qələm adamının müqəddəs vəzifəsidir.

Bu mənada yanaşanda qeyd etmək yerinə düşər ki, Azərbaycanda – yəni bizim söz arenamızda şəhidlərimizlə bağlı qazilərimizlə əlaqədar bir-birindən maraqlı və bir-birindən duyğusal, həm də həqiqəti ifadə edən bədii nümunələr var. Onları yazanların bəziləri savaşın iştirakçılarıdı. Yəni bunlar şahid yazılarıdı, iştirakçı yazılarıdı. Bir qismi baş verənlərin izləyiciləri, o hadisələri doğmalarından, dostlarından bütün təfərrüatları ilə öyrənənlərdi. Üçüncü qismi isə ürəyi digər həmkarları kimi Vətənlə, şəhidlə, qazi ilə birgə döyünən qələm adamlarıdı. Ona görə də bu kitabları, bu əsərləri oxuyanda oxucu – yəni diqqətçil, duyğusal oxucu hiss edir ki, əsərlə yanaşı, onun    qarşısında  müəllifin ürəyi də dayanıb...  Həm də  o ürəyin çırpıntılarıdı oxucu ilə üz-üzə dayanan, ona səslənən ...  Bax  bu məqamda   isə  səsə səs verməmək, müəlliflə çiyin-çiyinə dayanmamaq mümkün deyil. Axı söhbət Vətəndən, onun şəhidindən, onun qazisindən gedir. Elə «Gözlərin aydın, Vətən» şeirində deyildiyi kimi:

 

Biz necə də xoşbəxtik, qələbə çalınıbdır,

Müqəddəs torpağımız yağıdan alınıbdır.

Hiyləgər düşmənimiz məzara salınıbdır,

Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Üçrəngli bayrağımız əzizdir canımızdan,

Torpağımız güc aldı tökülən qanımızdan.

Danışır cahan bizdən – yüksələn şanımızdan,

Necə bəxtiyar olur, arzuya, kama yetən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Qarabağ ki, var, bizim şanımız, şöhrətimiz,

Vətənin hər qarışı, əbədi sərvətimiz,

Necə güclüdür bu xalq, göründü qüdrətimiz,

Bundan sonra yaşayar millətimiz xoşbəxt, şən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Biz həmişə olmuşuq düz sözlü, düz ilqarlı,

Başımızı dik tutub yaşamışıq vüqarlı,

Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,

Laləzardır yurdumuz, min cür nemətlər bitən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Azadlığa qovuşub torpağımız, daşımız,

Bizə dəstək-arxadır böyük Türk qardaşımız.

Biryolluq azad olub Xankəndimiz, Şuşamız,

Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:

- Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Sizə təqdim etdiyim bu şeir Coşqun Xəliloğlunun «Vətən imtahanından «əla» alanlar» kitabındandır. Bu kitab şəhidlərimiz barəsindədi. Bundan öncə də mən Coşqun müəllimin şəhidlərimizlə bağlı yazdığı kitabından bəhs etmişdim və vurğulamışdım ki, müəllif öz qəhrəmanlarını təkcə sözlə, bədii yaradıcılıqla deyil, həm də onların fotoları ilə də oxuculara təqdim edir. Həmin özəl ənənəsinə sadiq qalan Coşqun Xəliloğlu bu kitabında da qəhrəmanları barəsində kiçik bilgi və onların fotosunu verməklə həm də onlara həsr etdiyi bir-birindən maraqlı, düşündürücü və kövrək şeirlərini  də bir araya gətiribdir.

Həmin şeirlərin qəhrəmanları əbədiyaşarlıq qazanmış şəhidlərimiz isə respublikamızın müxtəlif bölgələrinin təmsilçiləridirlər. Və bir də bu şəhidlərin arasında hərbi  baxımından müxtəlif rütbəli əsgər və zabitlərimiz yer alıbdırlar. İstər sıravi olsun, istər ən yüksək rütbəli vətən övladı. Onların hamısının yeri xalqımızın qan yaddaşında, şəhidlik zirvəsindədir. Ona görə də mən kitabdakı şeirləri oxuduqca fotolarla da həmsöhbət oluram. Üz-gözlərindən həyat eşqi tökülən, baxışları sevgi ifadə edən bu gənclər ürəyimizi nə qədər sızlatsa da, həm də ürəyimizə bir qürur hissi yaşadır. Güvənirik və sevinirik ki, onlar bizim ciyərparalarımızdı, onlar Vətəni yaşadanlar, onlar Vətənə sipər olan övladlarımızdı.

Kitabdakı «Vətən şəhidləri» şeirində deyildiyi kimi:

 

Baxın, yurdun balası, neçə igid qəhrəman

Vətənə sidq ürəklə qurban eylədilər can,

Dedilər bütöv olsun, tam olsun Azərbaycan,

Heç zaman unutmarıq biz cəsur igidləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Döyüşdülər inamla, ölümdən qorxmayaraq,

Neçə dağı, dərəni, zirvələri aşaraq,

Söylədilər, düşməndə qala bilməz Qarabağ,

Dar günündə tanınır elin əsil mərdləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Bu torpaqdan, bu yurddan, tükənməz güc aldılar,

Yağıları məhv edib, şanlı zəfər çaldılar,

Şəhidlik zirvəsinə mərdliklə ucaldılar,

Qulaqlardadır hələ Qorqudun öyüdləri,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Heç nə döndərə bilməz bizi haqq yolumuzdan,

Kafirlər məhv edibdi, qovuldu elimizdən,

Salam var ölməzlərə Xarıbülbülümüzdən,

Həmişə xatırlanıb çəkiləcək adları,

Əbədi yaşayacaq bu Vətən şəhidləri.

 

Şeirdən də göründüyü kimi, müəllif bizim hamımızın düşüncəsini, istəyini, fikrini birmənalı olaraq bəyan edibdir və vurğulayıb ki, Əbədi yaşayacaq bu Vətən şəhidləri!!!

 

Ciddi və  ağrılı axtarışların, böyük istəyin və vətəndaş yanğısının ifadəsi olan bu kitab şəhidlərimiz üçün sözün həqiqi mənasında abidədir. Özü də təkcə bu kitab yox, ümumiyyətlə, şəhidlərimizlə, qazilərimizlə, Qarabağımızla bağlı qələmə alınan nəsrlə, şeir dili ilə oxucuya çatdırılan bütün əsərlər həmin abidənin – söz abidələrinin hissələridi. Həm də bugünümüzün sabah oxunacaq tarixidir. O tarixi yazanlardan biri də Coşqun Xəliloğludur. Uğurlar olsun!

  • Mart:
  • 7

TƏQVİM / ARXİV