adalet.az header logo
  • Bakı 32°C
  • USD 1.7
14 Yanvar 2022 13:47
345
DÜNYA

Sadəcə panika, vəssalam!

KTMT qoşunlarının Qazaxıstandan10 gün ərzində çıxarılacağının ilk anonsu prezident Tokayevdən gəldi. Həmin qoşunlar ölkəyə girəndən sonra heç bir ciddi hərbi əməliyyat-zad keçirmədi. Guya Qazaxıstana qarşı səlib yürüşünə çıxmış və bir neçə günə ölkəni cənginə alacq beynəlxalq terror şəbəkəsinin bircə nəfər də olsa üzvünü tapıb zərərsizləşdirmədi. Həbsxanalardakı 10 min nəfər tutuqlunun, xəstəxanalardakı minlərlə yaralının arasından görk üçün də olsa bir terrorçu tapmadı. Yalnız bəzi dövlət idarələrini və strateji obyektləri mühafizə elməklə məşğul oldu ki, bundan ötrü bu boyda həngamə çıxarmağın adının nə olduğunu söyləmək çətindi. Hərçənd, həmin ordunun ölkəyə girişiylə aranın dərhal sakitləşdiyini, iğtişaşların yat(ırıl)dığını da unutmaq olmaz.

Əgər Qazaxıstanın güc strukturları iğtişaşları yatırda bildisə, deməli, strateji obyektləri qorumaq kimi daha asan bir işin də öhdəsindən gələ bilərdi. Bəs, onda 10 gündür ki, Qazaxıstan hadisələrini gah Qərbin, gah da Rusiyanın törətdiyini eyni canfəşanlıqla iddia eləyən dünya konspiroloqlarından, sui-qəsd nəzəriyyəçilərindən tutmuş praqmatik ekspert və siyasətçilərinə kimi hamının yuxsuna haram qatmış bu mərəkənin məqsədi nə idi? Bu sualın cavabı da heç bir kospiroloji nəzəriyyəyə-zada söykənmir. Sadəcə, prezident Tokayev situasiyanı düzgün qiymətləndirə bilməmiş və panikaya düşmüşdü. Belə bir acınacaqlı durumun yaranmasında ətrafındakı adamlara qarşı inamsızlıq da mühüm rol oynamışdı.

Ancaq Tokayev özünün qeyri-adi, heç bir məntiqə sığmayan addımlarıyla hamını təəccübləndirməkdə davam edir. KTMT-nin Qazaxıstan hadisələriylə bağlı bir neçə gün əvvəl keçirdiyi növbədənkənar onlayn müşavirənin səhərisi gün qoşunların 10 gün ərzində ölkəni tərk edəcəyi ilə bağlı verdiyi bəyanat, açığı, onun həmin qoşunları ölkəyə çağırmasından daha böyük ajiotaja səbəb oldu. “Niyə gəlmişdi, niyə gedir?” Sual beləydi, həm də məntiqliydi. Bu hərbi bölmələrin bir çoxunun, necə deyərlər, öz dislokasiya yerinə çatmamış geri dönməsini izah eləməkdə hətta fantaziyalarının hüdudsuzluğundan əziyyət çəkən konpiroloq və sui-qəsdçilər də aciz qalıblar.

Çünki cavabsız suallar həddindən artıq çoxdur. Axı, məhdud sayda bu kontinget bir neçə günə hansı mühüm problemi həll etdi ki, Qazaxıstan hökuməti bunu öz gücünə həll edə bilməzdi? Nazarbayev zərərsizləş(diril)miş, hətta konstitusiya dəyişikliyi eləmədən onun absurd olsa da belə hər halda konstitusiya ilə təsbit olunmuş “Təhlükəsizlik şurasının ömürlük sədri” vəzifəsi alınmış, hökumətin ən strateji postlarından birini tutmuş odioz tərəfdarlarından biri olan Kərim Mənsimov vəzifəsindən qovulmuş, bununla da həm etirazçıların ən əsas tələbi gerçəkləşmiş, həm də Tokayevin gizli istəyi reallaşmışdı.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözləri ciddiyə alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxmaq üçün gəldiyini düşünmək həqiqətən heç bir məntiqə sığmırdı. Hətta  Kremlin mətbuat katibi Peskovun məsələyə “KTMT qoşunlarının ölkədən çıxarılması barədə Qazaxıstanın qərarı bu ölkənin öz haqqıdı və Rusiya buna qarışmayacaq” sözlərini də ciddi qəbul eləyən olmadı. Əvəzində Putinin “qoşunlar nə qədər lazımdır o qədər də qalacaq”, müdafiə nazir S. Şoyqunun “kollektiv sülhməramlı qüvvələr Qazaxıstan Respublikasında vəziyyət tam sabirləşənə kimi öz vəzifələrini icra edəcəklər” şəklindəki ikibaşlı açıqlamalarına daha çox etimad göstərildi.

İlkin məlumata görə ölkəni birinci qırğızlar, onların ardıncasa belaruslar tərk edəcək. Qırğızlar heç əvvəldən də gəlmək istəmirdilər, üstəlik, onların bir neçə vətəndaşının terrorçu adıyla döyülməsi və həbs edilməsi bu ölkədə böyük gərginik yaratmışdı. Vaxtilə hər fürsətdə Rusiyanı şantaj eləməklə işlərini yoluna qoyan Lukaşenkosa Qərbin son sərt münasibətindən sonra Putinin böyrünə qısılmağa məhkumdu. O artıq Kremlin rəyini öyrənmədən hər hansı fikir söyləməyə risk etmir. Odur ki, onun Özbəkistana hədə qorxu gələrək KTMT-yə dəvət eləməsini də özfəaliyyət hesab etmək olmaz.

Əsası 15 may 1992-ci ildə qoyulmuş KTMT-nın Qazaxıstana girişi  təşkilatın mövcud olduğu tarixdə həyata keçirdiyi ilk hərbi əməliyyat idi ki, onun da niyə keçirildiyi, hansı missiyanı yerinə yetirdiyi hələ də sirr olaraq qalmaqdadır. Hadisələrin hətta ötəri incələnməsi belə göstərir ki, Qazaxıstanda yerli hökuməti zorla devirəcək səviyyədə mütəşəkkil bir silahlı qüvvə yox idi. Bunu Qazaxıstan hökuməti, ən əsası onun təcrübəlsiz prezidenti bilməsə də qosqocaman bir kəşfiyyat şəbəkəsinə malik Rusiya bilirdi, ən azından bilməliydi. Yoxsa, Putin də Tokayev kimi panikaya düşmüşdü?

M. Məmmədov