19 Dekabr 2024 12:13
321
ELM VƏ TƏHSİL

"Şagirdlər ixtisas seçimi zamanı əmək bazarındakı tələbatı nəzərə almırlar" - DİM-in sədri

Hər il 9-cu sinifdən kifayət qədər şagird təhsilini sona qədər davam etdirmək istəmir və təhsilini bitirmədən əmək bazarına atılır. Biz bu şagirdlərin sayını azaltmaq üçün çalışırıq.

Adalet.az xəbər verir ki, bu sözləri Karyera İnkişaf Forumunda Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə ixtisas seçimi zamanı DİM-in şagirdlərə göstərdiyi dəstəkdən danışıb: “Mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir. Testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb. Ancaq təəssüf ki, yeniyetmələr və onların valideyinləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcək yönümlü peşələri nəzərə almırlar. Əsas seçim ətrafdakı insanların düşüncələrinə uyğun müəyyənləşir”.

DİM-in sədri qeyd edib ki, ali məktəblərdə dövlət qulluğu sahəsində karyeranı qurmaq üçün gənclərlə görüşlər təşkil olunur: “Bu yaxınlarda keçirdiyimiz layihə çərçivəsində 22 yaşa qədər olan 2 mindən çox gəncə individual məsləhət verilib. Eyni zamanda, gənclər dövlət qulluğunun bələdçisi proqramından yararlana bilərlər. Bu proqram vasitəsilə hansı dövlət qulluğuna uyğun olduğun müəyyən edilir”.