Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı və hələ nəşr olunmayan kitabının dörd nüsxəsi Niderlandda yük maşınından oğurlanıb.
Adalert.az-ın BBC-yə istinadən məlumatına görə, kitabın niderland dilindəki nüsxələri mətbəədən anbara aparılarkən yük maşınından oğurlanıb.
Hadisə ilə bağlı ölkə polisi araşdırma başladıb.
Mənbənin bildirdiyinə görə, sürücü məcburi fasilə zamanı yük maşınını dayanacaqda saxlayaraq kabinədə yatıb. Kitabların məhz həmin vaxt oğurlandığı bildirilir. Hadisənin dəqiq harada baş verdiyi açıqlanmayıb.
“Daily Mail” isə oğurluğun bu həftənin əvvəlində Niderlandda kənd ərazisində baş verdiyini yazıb.
Kitab Qraf Spenserin bacısı Şahzadə Diananın həyatına həsr olunub və onun ölümünün 30-cu ildönümündən əvvəl nəşr olunması planlaşdırılır. Kitab əsasında hazırlanan “Qu quşu mahnısı: Diana, mənim bacım” filmi isə Böyük Britaniyada və digər ölkələrdə nümayiş olunacaq. Filmdə Diananın həyatı qardaşının baxış bucağından təqdim edilir.
Qraf Spenser kitabın elanından sonra verdiyi açıqlamada Diananın ölümünün 30-cu ildönümü ərəfəsində çoxsaylı müsahibə tələbləri aldığını bildirib. O, başqalarının onun haqqında yazdıqlarına münasibət bildirmək əvəzinə, öz düşüncələrini və xatirələrini qələmə almaq istədiyini deyib. O, Diananın adından danışmaq və onun xatirəsini müsbət şəkildə yaşatmaq istədiyini bildirib.
Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında 36 yaşında həyatını itirib. Onun öümü zamanı oğulları Şahzadə Uilyamın 15, Şahzadə Harrinin isə 12 yaşı vardı.
Qraf Spenser 1997-ci ildə Vestminster abbatlığında keçirilən dəfn mərasimindəki çıxışında bacısını şəfqət, vəzifə, lütf və gözəlliyin təcəssümü kimi xarakterizə edib. O, Diananı bütün dünyada fədakar insanlığın simvolu və məzlumların hüquqlarının müdafiəçisi adlandırıb.
Spenser həmin çıxışında medianı da tənqid edərək Diananı “müasir dövrün ən çox təqib edilən insanı” kimi təsvir edib və bacısı oğulları Uilyam və Harrini qoruyacağına söz verib.
Xatırladaq ki, 2023-cü ildə Şahzadə Harrinin xatirələrindən bəhs edən “Spare” kitabının nüsxələri İspaniyada rəsmi qlobal satış tarixindən bir neçə gün əvvəl səhvən satışa çıxarılmışdı.


Bakı -°C

