İndiki nəsillər bilməz, keçmişdə nağıllar vardı, həvəslə oxuyardıq. Hətta nağıllara inanardıq da, amma göydən heç vaxt üç alma düşmürdü – nə biri sənin olurdu, nə biri mənim, nə də nağıl söyləyənin.
Sonra göydən bombalar töküldü, elə indi dünyanın çox yerində tökülür, həm deyənə çatır, həm dinləyənə, həm də kənardan baxana.
Deyəsən, mövzudan aralandım. Hə, yadıma düşdü, nağıllarda belə bir şey də vardı – divlər qızları oğurlayırdı, sonra bir Məlikməmməd gedirdi qızları xilas etməyə, amma divə gücü çatmırdı. Necə ki indi göydən bomba tökən divlərə heç kimin gücü çatmır. Div yatanda qızlar Məlikməmmədə deyirdi ki, onun canı şüşədədi, sən o şüşəni qırsan, div öləcək. Amma şüşəni qırmaqla iş bitmirdi, qıranda içindən bir göyərçin uçurdu, gərək üç oxla həmin göyərçini vuraydın, vurmasan daşa dönərdin. Məlikməmməd də birinci oxu atırdı dəymirdi, dizəcən daşa dönürdü, ikinci oxu atırdı dəymirdi qurşağacan daşa dönürdü. Nəhayət, üçüncü oxla vura bilirdi, div ölürdü, Məlikməmməd də daşdan xilas olurdu.
Day belə nağıllar yoxdu. Çünki indi divlərin canı şüşədə deyil, indi hamının canı uşaqlı-böyüklü əl boyda telefondadı. Hamının canı bu əl boyda telefonda, bu telefonlar da bir divin əlindədi. O div də oturub Amerikada, deyəsən, adı da Maskdı.
İndi bütün dünyanın məlikməmmədləri yığışsa, Maskın bir telinə də toxuna bilməzlər. Hətta Tramp da ondan qorxur.
Yazarın digər yazarlar
İNDİ 5 QƏPİKDƏN ÖTRÜ ÖZÜMÜ CIRIM? - Aqil ABBAS yazır
ÇAYXANADAN YIĞILMIŞ FUTBOLÇULAR - AQİL ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)


Bakı -°C
