21 Oktyabr 2024 18:25
551
HADİSƏ

Sakinlər evdə ola-ola aparılan söküntü işləri dayandırıldı - VİDEO

Cari ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakının Yasamal rayonunun Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasında müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə aşkar edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Adalet.az-a bildirilib ki, özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.