15 Oktyabr 2024 14:16
228
DÜNYA

Salome Zurabişvili:"Ölkəm Rusiya hökuməti tərəfindən idarə olunur"

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə Rusiya hökuməti tərəfindən idarə olunur.

Adalet.az xəbər verir ki, gürcü lider  həmçinin hakim “Gürcü arzusu” partiyasını oktyabrın 26-na təyin edilmiş parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.

Məlumatı Financial Times nəşri yayıb
Zurabişvili hesab edir ki, 2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” partiyası “Rusiyadakı kimi” təbliğat, qütbləşmə və hədə-qorxu taktikası əsasında kampaniya aparır.

Bundan əlavə, o, hakim partiyanı dövlət qulluqçularına səs vermələri üçün təzyiq göstərməkdə, müxalifət fəallarına hücum etməkdə, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib.

“Bu, sıradan seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir”, - dövlət başçısı bildirib.

 Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib ki, Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin impiçmenti məsələsini noyabrın sonu və ya dekabrın əvvəlində səsverməyə çıxarmağı planlaşdırır.

 Əntiqə Rəşid