Şamaxını, 125 kəndi, 80 min insanı "yer udduğu" gün - 357 il əvvəlin bu günü
Azərbaycanda güclü, necə deyərlər, yeri yerindən oynadan zəlzələlər çox olub.
Çox az məlumat olsa da Azərbaycanda yazılı mənbələrdə qeydə alınmış ilk zəlzələnin Gəncə şəhəri yaxınlığında, bizim eranın 427-ci ilində baş verdiyi deyilir. Salnamələrdə "zəlzələ bütün ölkəni alt-üst etdi, şəhərləri və kəndləri uddu, torpağın müxtəlif yerlərdə qalxıb enməsinə səbəb oldu” kimi məlumatlar fəlakətin miqyası haqqında bizdə təsəvvür yaradır. Dəqiq faktlar olmadığından bu zəlzələni fəlakət siyahısına sala bilmirik.
Azərbaycanın zəlzələ tarixində ən güclü və "yeri yerindən oynadan" zəlzələnin biri yaxud da, birincisi Gəncə yaxınlığında 1139-cu ildə 11 bal gücündə baş verib. Həmin dövrün tarixi yazılarına əsasən bu zəlzələdə 230 min insan həyatını itirib. Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Zəlzələnin şahidlərindən biri alban müəllifi Mxitar Qoş bu hadisəni belə təsvir edib: Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı. Bir çox qala və kəndlər dağıldı və saysız-hesabsız insanlar məhv edildi".
Zəlzələlərin ən intensiv və dağıdıcı olduğu şəhərlərimizdən biri isə Şamaxıdır . 1667-ci il noyabrın 25-də Şamaxıda baş verən zəlzələ Azərbaycan tarixində 2-ci ən böyük və dağıdıcı zəlzələ oldu. Zəlzələnin gücünün 6,9 bal gücündə olduğu təxmin edilir. 80000 insanın öldüyü deyilirdi. Şamaxı zəlzələsi təkcə Şamaxı şəhərini yox, onun 125 kəndini də əhatə edirdi.1667-ci il zəlzələsindən 4 il sonra ərazidə olan holland səyyah Yan Streys zəlzələ haqqında bunları yazırdı:
“Dəhşətli dağıntılarda əli silah tuta bilən 80 mindən çox kişi həlak olub. Həlak olan qadın, uşaq və qulların sayı isə məlum deyil. Fəlakət təkcə Şamaxını yox, ətraf əraziləri də əhatə edib, sərt qayalar ayrılıb, bir çox kənd əmələ gələn boşluqlara yuvarlanıb. Hətta gəliş-gediş yolları da o qədər bərbad vəziyyətə düşüb ki, karvanlar dolanbac yollarla hərəkət etməli olurlar”.
Azərbaycanda baş verən diğər güclü zəlzələlərin bir çoxunun meydanı elə Şamaxı olaraq qaldı.
2. Şamaxı - 1669-cu il 5.7 bal gücündə. 7 min insan dünyasını dəyişib.
4. Şamaxı -1828-ci il 5.7 bal gücündə. Ölən və yaralananlar haqda məlumat yoxdur.
5. Şamaxı - 1859-cu il 5.9 bal gücündə. Şamaxı şəhəri tamamilə dağılıb. Buna görə, Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb və quberniyanın özünün adı da yenilənib – Bakı quberniyası. 100 nəfər dünyasını dəyişib. Məhz bu zəlzələnin gücü o qədər böyük olub ki, həmin hadisədən sonra "Şamaxı batan kimi” ifadəsi yaranıb.
6.Şamaxı - 1872-ci il 5.7 bal gücündə. Zəlzələ şəhərdə dağıntılara səbəb olub.
6. Şamaxı 1902-ci il -6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb.
7. Ağdaş zəlzələsi ― 1999-cu il 5.4 bal gücündə. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür.
8. Bakı zəlzələsi ― 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nəfər dünyasını dəyişib. Bu zəlzələ də 25 noyabrda baş verib
9. Zaqatala zəlzələsi ― 2012-ci il 5.6 bal gücündə. Tikililərdə dağıntılar olub. İnsan tələfatı olmayıb.
Xüsusi Qeyd: Müqəddəs Qurani-Kərimdə "Zəlzələ” surəsi: Yer üzünün yükünü boşaltması. "Zəlzələ” "Quran”ın 99 - cu surəsidir və 8 ayədən ibarətdir:” Yer titrəyib lərzəyə gəldiyi zaman. Yer öz yükünü bayıra atacağı və insan: "Ona nə olub? " - deyəcəyi zaman , həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır”.
Ərəb dilində "zilzal” sözü zəlzələ, təkan, "əskələha” sözü isə "ağır yük” mənasını verir. Yuxarıdakı ayələrin ilkin mənasını düşündükdə zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyini görürük.
"Zəlzələ” surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı yerin yükünü bayıra atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində yerin mərkəzində ağır metalların olduğu və yer üzündəki təkanlarla bu metalların üzə çıxdığı məlum olub. Geoloqların fikrincə, yer soyuduqca sıxlığı çox olan ağır maddələr yerin mərkəzinə çöküb, yüngül maddələr isə yuxarı səthə qalxıb. Odur ki, yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit süxurlardan) ibarətdir, nüvədə isə ağır metallar (nikel və dəmir) var. Nəticədə, ərimiş metallardan ibarət yerin daxili təbəqəsi yerin üst təbəqəsindən daha ağır, sıx maddələrdən təşkil olunub.
Allah ölkəmizi və dünyamızı qəfil fəlakətlərdən qorusun!
Əntiqə Rəşid