15 Noyabr 2021 12:46
1469
MƏMLƏKƏT

Sayrışan işıqlardan kimlər istifadə edə bilər?

Bu gün yeri gəldi, gəlmədi sükan arxasında əyləşmiş müxtəlif sürücülər sayrışan işıqlardan istifadə edirlər. Hansı ki, bu işıqlardan bəzi sürücülərin istifadə etməsi qanun pozuntusudur. Yəni, fiziki və hüquqi şəxslərin nəqliyyat vasitələrində sayrışan işıqlar quraşdırılması birmənalı olaraq qanunun pozulmasına gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli həmin sürücülərə müraciət edərək bildirib ki, bu cür göy və qırmızı işıqdan istifadə edən sürücülər yol polisi tərəfindən saxlanılacaq və həmin avtomobillər mühafizə olunan duracağa qoyulacaqdır.

T.Nəsirli onu da bildirib ki, sayrışan işıqlardan yalnız operativ nəqliyyat vasitələrində istifadə oluna bilər. Digər avtomobillərdə sayrışan işıqların quraşdırılması və istifadə edilməsi inzibati məsuliyyət daşıyır. Bu cür problemlər baş verəndə qanunu pozan sürücülər barəsində tərtib olunmuş sənədlər məhkəməyə göndərilir və məhkəmə qərarı ilə həmin sürücülər məsuliyyətə cəlb edilir. Ona görə də bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, nəqliyyat vasitələrindən bu cür işıqlar quraşdırmasınlar və ondan istifadə etməsinlər. Əgər bu baş versə, həmin şəxslərin birbaşa inzibati məsuliyyətə cəlb edilməsi deməkdir.

 

Emil FAİQOĞLU