Seçilmişlərdən olmaq şərəfi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1816 | 2024-06-27 15:16

Adi insanlardan fərqli olaraq dövlətdə, cəmiyyətdə müəyyən mövqe tutan, imtiyaz sahibi olan adamlar barəsində düşünəndə, danışanda həmişə qarşı tərəfdən müəyyən bir reaksiyanın olacağı qaçılmazdır. Çünki müdriklərin dediyi kimi, «beş barmağın hamısı bərabər deyil». Deməli, bu mənada  mənim, sənin, bizim öz baxış bucağımız var və biz də həmin o baxış bucağından dünyaya, ətrafımıza, yaşadığımız gerçəkliklərə baxırıq. Elə o baxış da  bizlərdə fikir formalaşdırır…

Mən onunla ilk dəfə indi tarixin arxivində   adı kiflənən Şaumyankənddə, yəni  bu  gün  gerçək  və  halal adına  qovuşmuş  indiki Ağcakənd qəsəbəsində qarşılaşmışdım.  Biz bir qrup tələbə Ağcakəndə gəzməyə getmişdik və orada öyrəndik ki, rayon komsomol komitəsinin 2-ci katibi azərbaycanlıdır. Bu bizim üçün  çox maraqlı idi, çünki sovet  hökumətinin "erməniləşdirdiyi" və   ermənilərin də  çoxluq  təşkil etdiyi  bu rayonda azərbaycanlının müəyyən mövqe qazanması həmişə problem olubdur. Elə mənim doğulduğum Hadrut rayonunda da vəziyyət belə idi. Bu ilk təəssüratdan sonra onunla qarşılaşmağımın ikinci ən böyük məqamı Dağlıq Qarabağda Xüsusi idarənin fəaliyyət dövrünə təsadüf edir. Belə ki,  həmin vaxtı İrşad müəllim artıq ləğv edilmiş və Qasım İsmayılov rayonuna birləşdirilərək yenidən formalaşdırılıb Goranboy adlandırılan rayon Partiya Komitəsinin birinci katibi  idi.

Bəli, ilk təqdimatları ona görə önə çıxartdım ki, barəsində fikirlərimi bölüşmək istədiyim  İrşad müəllimi necə, hardan tanıdığımı bir balaca sizlərin nəzərinə çatdırım. Çünki tələbəlik illərimizin gözəl anlarının şahidlərindən olan və mənə son dərəcə doğma münasibət bəsləyən ayrı-ayrı insanlar var ki, onlar əslən Goranboydan olduqları üçün söhbətlərimizdə həmişə rayonun gənc yaşlarından vəzifə kürsülərində uğurla irəliləyən İrşad müəllimdən, necə deyərlər,  ağız dolusu danışıb qürur hissi keçirirdilər. Onların hər birinin  içində eloğulları  ilə bağlı özəl istəklər, özəl düşüncələr  var idi və bu gün də var. Hətta  bəziləri bir az  da irəli  gedib,  İrşad müəllimi özlərinin  qan qohumu, əziz adam kimi də təqdim edirdilər. Təbii ki, bunlar başadüşüləndir.  Və bu da bir  həqiqətdir ki, hər kəs yaxşının, seçilənin  ona aid olmasını arzu edir. Məhz bu mənada mən Goranboydan olan tələbə yoldaşlarıma həmişə  haqq qazandırmışam. Xüsusilə, unudulmaz və söz ömürlu yazıçımız İsmayıl Qarayevin mərhum oğlu, ürək dostum Qoşqar Qarayev İrşad müəllimi «ağsaqqalım» deyə təqdim edirdi. Bizim  münasibətlərimiz  o qədər  doğma  idi ki, söhbət  düşəndə , Qoşqar həmişə İrşad Əliyevi kişiliyin, insanlığın, xeyirxahlığın və bir də diqqətin  ən yüksək mərtəbəsində görür və dəyərləndirirdi.

Bəli, adi bir kəndli ailəsində doğulub orta təhsilini  kənd məktəbində başa vuran, 17 yaşından əmək fəaliyyəti ilə məşğul olan və çox erkən gəncliyində artıq ictimai müstəvidə özünü göstərməyə başlayan İrşad Əliyev həyatının bəlkə də indi yuxu kimi gəlib-keçən o illərini düşmənimizə çevrilən ermənilərlə  çəkişmələrdə də sınaqdan keçirib. Onun bir azərbaycanlı gənci kimi ermənilər arasında öz sözü, öz mövqeyi olması və düşmənin öz dilində «dərsini verməsi» bir həyat həqiqətidir. Ona görə də İrşad Əliyev Goranboy rayonuna birinci katib təyin olunanda ermənilər vəziyyətin onlar üçün yaxşı olmayacağını artıq anlamışdılar.

Bütün həyatı boyu   Balakən, Ucar, Beyləqan, Kürdəmir rayonlarında rəhbər vəzifələrdə çalışan, Azərbaycanın kənd təsərrüfatı naziri olan, YAP-ın yaradıcıları sırasında imzası xüsusi görünən, eləcə də Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət  Komitəsinə rəhbərlik edən İrşad Əliyev bütün sahələrdə təkcə bacarıqlı kadr kimi yox, həm də o sahənin mütəxəssisi, ağsaqqalı kimi də özünü təsdiqləyirdi. Hərdən adama elə gəlirdi ki, məhz İrşad Əliyev bu rayonu tanıtmaq, bu rayonda nəyisə yenidən qurmaq üçün dünyaya gəlib. Onu tanıyanların, onunla işləyənlərin söhbətlərini dinlədikcə mən həmişə özümə bir sual verirdim. Görəsən, bu cür şəxslər, bu cür seçilmişlər olmasaydı dünyada, həyatımızda nələr  baş verərdi? Axı, ağsaqqal sözü, idarəçilik  təcrübəsi olan insanın baxışı çox şeyi dəyişir, çox şeyi yerinə qaytarır.

Mən bu yazı  üzərində işləyərkən maraqlı  iki  məqam yarandı. Belə ki,  sıx-sıx  görüşüb, məsləhətlərini  yaddaşıma  yazıb, söhbətlərini  dinlədiyim  və  İrşad müəllimlə də  birlikdə işləmiş , böyük həyat təcrübəsi olan Nəbi Muxtarovla telefonla danışdıq. Nə iş gördüyümü  soruşanda bildirdim ki, İrşad müəllimin  80 illiyi ilə bağlı ürək sözlərimi  kağıza köçürürəm. Doğrusu, ağlıma başqa bir niyyət  gətirmədən dedim bu sözləri. Dəstəyin o biri ucunda  olan Nəbi müəllim:

- Kişi adamdan yazırsan. Mənim  tanıdığım və birlikdə işlədiyim ən mükəmməl və ən kamil kişilərdən biridir  İrşad müəllim! Onun haqqında ən xoş, ən isti sözləri  mütləq yazmaq lazımdır.

İkinci  məqam isə Aqil Abbasın "Dolu" romanındakı xatırlamamdı.Həmin romanda qeyd olunur ki, Goranboyun İcra  başçısı  sovetin "doludağıdan"  toplarını   döyüşdə isdifadə etmək üçün təmir etdirib Ağdamın müdafiəsinə  göndərib...

Bəli,  əslində  Nəbi müəllimin söylədiyi bu həqiqəti təqribən bir ay bundan öncə mənə tələbəlik dostum Eyvaz Hüseynov da demişdi. O da vurğulamışdı ki, mən İrşad müəllimi Beyləqanda işlədiyi  zaman yenidən kəşf etdim, yenidən tanıdım. Və həyatımdan çox razıyam ki, bu cür bir kişinin həmsöhbəti olmuşam.

Yazının əvvəlində vurğuladım ki, hər kəsin həyata bir baxışı var. Bu gün  80 yaşı olan İrşad müəllimin də həyata, insanlara, dövlətimizə baxışı məlumdur. Amma bir  gerçəklik də  var ki, onu  danmaq mümkün deyil.Əksinə, böyük  məmnunluq hissi ilə etiraf etmək lazımdır ki, aid olduğumuz  bu böyük insan kütləsi içərisində seçilmək xoşbəxtliyi nəsib olanlardan biri də məhz  İrşad Nadir oğlu Əliyevdir. Çünki o, seçilmişlərdən olmaqla seçməyi də bacarıb. Həm sözünü, həm fəaliyyətini, həm də dəyərlənib dəyərləndirmək  imkanını  səxavətlə, həvəslə   layiqlilərdən əsirgəməyib. Ona görə də vəzifə kürsüsündə olanda da, indi təqaüdçü kimi nəvələriylə, doğmalarıyla, dostlarıyla xoş günlərini keçirəndə də daxilən rahatdır. Çünki o, seçilmişlərdəndir, xoş məramla xatırlananlardandır. Deməli,  o, özünü yaddaşlara həkk etmiş, ürəklərə köçürmüş Allah bəndəsidir. Allahın sevdiyi bəndələr içə həmişə öndə olurlar.

Mən də  tanıdığım, amma bu  günə qədər bir  dəfə də olsun həmsöhbət olmadığım, yalnız eşidib, müşahidə edib, şəxsiyyətinə rəğbət  bəslədiyim  Azərbaycanın seçilmişlərindən olan   bir  müdrik KİŞİYƏ  80 yaşınız mübarək, İrşad müəllim! - deməyi  özümə  mənəvi  borc bildim.

 

TƏQVİM / ARXİV