14 Oktyabr 2025 09:13
99
ƏDƏBİYYAT

Şəfəq Vilayətqızının ŞEİRLƏRİ

KASIBIN BƏXTİNƏ

Gözlərində nur qalmayıb soğulub,
Arzuları qursağında boğulub,
Yaranandan qara günlü doğulub-
Çətin düşər "ağ" kasıbın bəxtinə.

Ömür keçər, dərdi- səri azalmaz,
Yuxuları xeyirliyə yozulmaz,
Gecə-gündüz çalış, vuruş, yazılmaz-
Rahat ömür "sağ" kasıbın bəxtinə.

Xəyalları ürəyini deşibdi,
Qışda donub, yayda isə bişibdi,
Əzəl gündən pay böləndə düşübdü-
Xəzan vurmuş "bağ" kasıbın bəxtinə.

Axar suyun üstə getsə quruyar,
Arzuları ürəyində qarıyar,
Çətin gülər, taleyindən yarıyar-
Həyat cəkər "dağ" kasıbın bəxtinə.

Bağlı olar Vətəninə, elinə,
Dünya boyda yük götürər belinə,
Yaraşmayan su tökməyə əlinə-
Baxıb edər " lağ" kasıbın bəxtinə.

Şəfəq kimi hey axtarar haqq yolu,
Hər tərəfdən bağlanıbdı əl, qolu
Quş başı qar, leysan yağış, ay dolu-
Sən də, sən də "yağ" kasıbın bəxtinə.


GÖR DARIXMAQ NECƏ OLUR...

Sən də vurul bir baxışdan dəlicə,
Könlün quşu pərvaz etsin beləcə,
Yuxun qaçsın, intizardan hər gecə-
Gör darıxmaq necə olur sevəndə...

Gözlərini o yar gedən yola dik,
Arzuları bir birinə cala, tik
Dünya olsun gözlərində bir qəpik-
Gör darıxmaq necə olur sevəndə...

Ayaqların kilidlənsin torpağa,
Həyəcandan qəlbin dönsün yarpağa,
Hey götürsün xoş xəyallar uzağa-
Gör darıxmaq necə olur sevəndə...

Fikirləri aran - dağa daşı hey,
Yanağına axsın gözün yaşı hey,
Tüstüləsin, qara bağrın başı hey-
Gör darıxmaq necə olur sevəndə...

Ara- axtar qarış- qarış, künc- bucaq
Həsrət dolu bir sevdaya aç qucaq,
Qəlbin olsun vəfasıza oyuncaq-
Gör darıxmaq necə olur sevəndə...

Dünya düşsün gözlərindən bir anda,
Sanki bir sən, bir də o var cahanda.
Hey çırpınsın iki ürək bir canda-
Gör darıxmaq necə olur sevəndə...

SÖNÜNCƏ GƏLİR

Hər şey bu aralar ruhumu yorur,
Önümə nə çıxsa "puçumu" burur,
Dərdim də hər gecə pusquda durur,
Gözləyir, çırağım sönüncə gəlir.

Həyatın şilləsi dəyibdi çox sərt,
Xəyallar mənimlə çəkir ədavət,
Vəfasız yarımla əlbirdi həsrət,
Sözündən, əhdindən dönüncə gəlir.

Dəymişim qalmayıb, kalım dəyməyib,
Çürümüşəm artıq, zaman çeynəyib,
Bəxtim qara günə xəbər eyləyib,
O da taleyimin önüncə gəlir.

Nə yaman ağırmış Şəfəqin daşı,
Dəyirman daşıyla durub yanaşı,
Bir tək sirdaşım var, gözümün yaşı,
Əhvalım dəyişib, çönüncə gəlir...!

DÜŞMÜŞƏM

Yaşamaqdan yorulanda öləsən...
Heç özünü görən varmı, görəsən?
Göydən elə göy zəmbillə diyəsən-
Bu dünyanın düz ovcuna düşmüşəm.

Qaş-qabağım açılmayır, gülmürəm,
Dərdi, qəmi toplayıram, bölmürəm,
Necə olub bu təsadüf bilmirəm, 
Bu dünyanın düz ovcuna düşmüşəm.

Yetişmədi "yel" babanın atı da,
Yerə endi göyün yeddi qatı da,
İlişmişəm, boynum qalıb çatıda,
Bu dünyanın düz ovcuna düşmüşəm.

Arzularım yumaq olub, bürüşüb,
Qismət mənlə ayaq üstü görüşüb,
Nə oyundu, nə kələkdi, sürüşüb-
Bu dünyanın düz ovcuna düşmüşəm.

Başqa gizli bir dünyadan yollanıb-
Yorulmuşam elə bil ki, danlanıb,
Görən kimin kələfindən sallanıb,
Bu dünyanın düz ovcuna düşmüşəm?

Buludların arasından sızır dan,
Qan qusduğum bir teştim var, qızıldan
Nə yoğrulub, nə yapılıb hazırdan,
Bu dünyanın düz ovcuna düşmüşəm.

Həsrət çəkdi var gücüylə hey başa,
Şəfəq, dəydi arzuların sal daşa,
Büdrəmişəm, yıxılmışam. Birbaşa-
Bu dünyanın düz ovcuna düşmüşəm...!

AXI SƏNƏ YOX ANDIM

Toz basmış xatirələr öz-özünü basdırıb,
Ayrılıq hökm verib xəyalları asdırıb,
Sevdam elə bağırıb arzuları susdurub,
Dilimə düyün düşüb adın ilişib ora.
Gözümə tor atmışam bəlkə düşəsən tora.

Üzümü cırmaqladı cahil eşqin dırnağı,
Yaxşı ki, öyrənmişəm tək yıxılıb durmağı,
Unutmuşam nə vaxtdır xoş xəyallar qurmağı,
İndi mənim dünyamda nə yağış var, nə külək.
Birgə yaşananları gəl, qarışdıraq, bölək.

Mən kiminlə küsdümsə onla barışdı dünya,
Gözümün yaşındakı duza qarışdı dünya,
Ağlına nə gəldisə onu  danışdı dünya,
"Üç alma"nın xətrinə bu nağılı dinlədim.
Saçlarımdan asdı "div" acı çəkdim, inlədim.

Neçə yuxu yatmışam yastığımla dərdləşib,
Çox bərkə boşa düşüb, yazıq ürək sərtləşib,
Keçmiş üzümə durub, keçib getmir, dirəşib
Yolumun üstündəki qanqal imiş, gül sandım.
Nə deyim inanasan..., axı sənə yox andım?

YAŞADIM

Bəzən gözüm yol çəkir, düşünürəm dərindən,
Qaçmaq olmur heç yerə dünyanın dərd, sərindən
Məsum qəlbim qırıldı ən incəlmiş yerindən,
Hər qırıldığım yerə düyün vurub yaşadım.

Mən közərdim çoxları alov alıb yandılar,
Barmağımı şam etdim şöləsini dandılar,
İpim hər kəsiləndə dağılacam sandılar-
Özümə bir dözümlü dünya qurub yaşadım.

Qurtararmı dərd, kədər sevincə qatıb yesək?
Dincələrmi duyğular qu tükünə bələsək?
Yıxıldım, ayağıma çox ilişdi daş- kəsək,
Üst- başımın tozunu çırpıb, durub yaşadım.

Keçmişi xatırlamaq ağır olurmuş yaman,
Dərd çəkməyə alışdım ötüb keçdikcə zaman,
Xatirələr yaxamı buraxmadı bircə an,
Keçmis qaçdı, mən qovdum sonda yorub yaşadım.

QARŞIMA ÇIXMA MƏNİM

Sevdamı kəndirləyib ürəyimdən asmışam,
Vüsalın yekə gəlib yanlarından qasmışam,
Həyəcanım var bir az təntimişəm, çaşmışam
Xəyalları oyadıb evimi yıxma mənim.
Bir də belə xəbərsiz qarşıma çıxma mənim.

Sevgini sancaqladım həsrətin yaxasına,
Taleyimə yazılib "bəxtini bir də sına".
Hələ bəxtim vaxt edib üzümə baxasına...
Hicranın qarasını üzümə yaxma mənim.
Bir də belə xəbərsiz qarşıma çıxma mənim.

Fikirlər pərən düşüb zülmətlərin oynunda,
Kipriklərim öldürüb yuxuları qoynunda.
Səbr elə görüşərik bu dünyanın sonunda,
Varlığınla hər dəfə canımı sıxma mənim.
Bir də belə xəbərsiz qarşıma çıxma mənim.

VİCDANINA BÜKÜLƏ

Bu dövranda insanlar bir birini didirlər,
Yaxşıya da, pisə də elə pislik edirlər,
Özləri də bilmir ki, hansı yolla gedirlər.
Belələri torpağa daha dərin əkilə-
Onlar kəfən yerinə vicdanına bükülə.

Bir düzün ətəyində neçə əyri gəzirlər,
Güclülərə əyilir, gücsüzləri əzirlər,
Yaltağlığın, kinliyin dənizində üzürlər,
O dənizin suları bir gün, birdən çəkilə-
Onlar kəfən yerinə vicdanına bükülə.

Nəfsinə qul olanlar dərk eləmir dərindən,
Ruhları kirlənibdi gözlərinin kirindən,
Əbədi sandıqları dünya qopa yerindən-
Ovxalana daş kimi başlarına tökülə-
Onlar kəfən yerinə vicdanına bükülə.

Şəfəq insanlar var ki, sahib deyil dilinə,
Günahını yükləyir günahsızın belinə,
Kitabı sol tərəfdən veriləndə əlinə-
Gözləri Mələklərin əllərinə dikilə-
Onlar kəfən yerinə vicdanına bükülə...

AYRILAQ

Gözümün üstündəki yerin indi boş qalıb,
Çıxdığın ürəyimdə tənhalıq yuva salıb,
Keçməyən keçmiş günlər lal olub, susub dalıb,
Eşqini bircə dəfə gətir dilə, ayrılaq.
Gəl, son dəfə gözünə baxım, elə ayrılaq.

Qırıq- qırıq qəlbimdə hər çatın bir izi var,
Hər görünən sevdanın görünməyən üzü var
Daha arzu tutmuram, məndən doyub arzular,
Əlini ver əlimə düşək dilə ayrılaq.
Gəl, son dəfə gözünə baxım elə ayrılaq.

Gözüm dibsiz quyudu, kipriyim dar ağacı,
Orda cəza alanın tapılmayır əlacı,
Varlığınla yoxluğun çəkdirdi eyni acı,
Ağla, gözündəki yaş dönsün selə ayrılaq.
Gəl, son dəfə gözünə baxım elə ayrılaq.

Qüruruna yenilməz bilirsən ki, sevən kəs,
Getmir qulaqlarımdan o titrəyən, həzin səs
Nə həyəcan qalıbdı, nə də əvvəlki həvəs.
Ayrılıqlar ölümdü, bilə- bilə ayrılaq.
Gəl, son dəfə gözünə baxım elə ayrılaq.

Sən gedəndən bəxtimin qarışıbdı  başı da, 
Qaralıbdı üz gözü, çatılıbdı qaşı da,
Məni nələr gözləyir bilməyirəm qarşıda?
Hamı kimi olmayaq, biz də belə ayrılaq.
Aç qəlbinin qapısın çıxım çölə, ayrılaq.
Gəl, son dəfə gözünə baxın elə ayrılaq.

MƏN XATİRƏ DƏFTƏRİYƏM

Mən xatirə dəftəriyəm
Üzərimi toz-tor basıb.
Hər vərəqdə bir arzu, kam
Edam edib, özün asıb.

Mən xatirə dəftəriyəm,
Keçmişini burda ara.
Gör yadına düşəcəkmi,
Qəlbimə vurduğun yara?

Mən xatirə dəftəriyəm,
Vərəqlərim həsrət dolu.
Heç bilmirəm necə keçdim,
Məşəqqətli, çətin yolu.

Mən xatirə dəftəriyəm,
Gözlərimin kökü sarı.
Unutduğun hər nə varsa,
Gəl, yadına salım barı.

Mən xatirə dəftəriyəm,
Qatdanıbdı özəl günlər.
Dəftərdə də çiçək açıb,
O sevincli gözəl günlər.

Mən xatirə dəftəriyəm,
Arzulara cümlələr dar.
Fikrə gedən hər sətirdə,
Dünənimin qoxusu var.

Mən xatirə dəftəriyəm,
Ürəyimdən vurulmuşam.
Adım Şəfəq, özüm zülmət,
Yorulmuşam..., yorulmuşam...!

AYRILAQ

Gözümün üstündəki yerin indi boş qalıb,
Çıxdığın ürəyimdə tənhalıq yuva salıb,
Keçməyən keçmiş günlər lal olub, susub dalıb,
Eşqini bircə dəfə gətir dilə, ayrılaq.
Hamı kimi olmayaq, biz də belə ayrılaq.

Qırıq- qırıq qəlbimdə hər çatın bir izi var,
Hər görünən sevdanın görünməyən üzü var
Daha arzu tutmuram, məndən doyub arzular,
Əlini əlimdən çək, "gedək yelə" ayrılaq.
Hamı kimi olmayaq, biz də belə ayrılaq.

Gözüm dibsiz quyudu, kipriyim dar ağacı,
Orda cəza alanın tapılmayır əlacı,
Varlığınla yoxluğun çəkdirdi eyni acı,
Ağla, gözündəki yaş dönsün selə ayrılaq.
Hamı kimi olmayaq, biz də belə ayrılaq.

Qüruruna yenilməz bilirsən ki, sevən kəs,
Getmir qulaqlarımdan o titrəyən, həzin səs
Nə həyəcan qalıbdı, nə də əvvəlki həvəs.
Ayrılıq ölüm kimi, bilə- bilə ayrılaq.
Hamı kimi olmayaq, biz də belə ayrılaq.

Sən gedəndən bəxtimin qarışıbdı  başı da, 
Qaralıbdı üz gözü, çatılıbdı qaşı da,
Məni nələr gözləyir bilməyirəm qarşıda?
Aç qəlbinin qapısın çıxım çölə, ayrılaq.
Hamı kimi olmayaq, biz də belə ayrılaq.
Gəl, son dəfə gözünə baxım, elə ayrılaq.

YAĞIŞ YAĞIR

Təbiət ata bilmir qəm çəkməyin daşını,
Göylər yerə çatıbdır elə bil ki, qaşını
Axıdır yavaş- yavaş buludlar göz yaşını,
Yağış yağır...

Ağır olur həsrətin, intizarın sınağı,
Küsdürüb ulduzları yerin göyə qınağı,
İslanıb göz yaşında buludların yanağı,
Yağış yağır ...

Damcıların ahəngi yaradır həzin bəstə
Düzülüb muncuq-muncuq parlayır yarpaq üstə,
Torpaq da su istəyir, nar istəyəntək xəstə
Yağış yağır...