adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 09:11
193
ƏDƏBİYYAT
A- A+

Cavabı özündə suallar - Pərvanə BAYRAMQIZI yazır

Poeziyaya mövzu məhdudiyyəti qoyulmalıdırmı? Şairi "filan mövzuya şeir yazıb" deyə qınamaq düzgündürmü? 
Ədəbiyyat həyatın gözəl imitasiyasıdır, ədəbiyyatın vasitəsilə sözdən insan, müxtəlif fərdi üslubun sayəsində isə yeni ədəbi həyat tərzi yaradılırsa, nə üçün mövzu seçimlə olmalıdır? 

İstənilən nəsnədən yazmaq nə üçün qəbahət sayılmalıdır?

 Müəllif narahat olduğu hər mövzuda yaza bilməzmi? Niyə yazmamalıdır? İstedad hər mövzuda yazmağa imkan verirsə, şair o mövzunu diqqətə poetik şəkildə çatdıra bilirsə, burda tənqid ediləsi nə var? 

Etiraz etmək fikriniz varsa, istedadın zəifliyini, yaxud şeirin gözəl alınmamasını vurğulayın, ta "filan şeyə şeir həsr edib ha ha ha" eləyib özünüzü haqlı saymayın. Əməlli-başlı ədəbi hakimlər peyda olub, ədəbiyyat, poeziya barəsində qərar çıxarırlar.  Mövzu isə onların sayından da çoxdur. Baş verən irili-xırdalı, mənalı-mənasız, əhəmiyyətli-əhəmiyyətsiz hadisələrin hamısı adama təsir edir, hərəsi hərədə bir cür hiss oyadır. Hər şeyi sözə çevirmək mümkündür, sadəcə, hamı yaza bilmir. Yazanı da qınayırlar. 

Hər kəs öz xüsusiyyətinə, ədəbi zövqünə uyğun yazı tələb edir. 

Şeir xoşlamırsan, oxuma, yaddaşın zəifdir, əzbərləmə, ta boş vaxtında əyləşib şeir kitablarını qarşına qoyub "bu nədir?", "bunu niyə yazıb?", "bunu mən də yazaram" deyib şairləri gözdən salmağa çalışma. Bu cür rəftar etik deyil. Şeir sevmirsən sevmə, sevənləri ələ salma. Tənqid edəndə ədalətli ol, "mırta" şeir təhlil eləmə. Bu nə məqsəddir, anlamıram. 
Oturasan bir-bir ruh oxşayan, oxuyanda xatirələrini, həyatını, hisslərini güzgü kimi sənə göstərən şeirləri gülünc kimi təqdim edəsən və bundan zövq alasan. Qəribə xüsusiyyətdir. 

Məncə, duyğu adına qəlbində qara-qura, hisli-paslı hisslər daşıyanlar bu cür olurlar. İncə ruhla yaşayan adam hər şeyi qərəzli halda, yersiz şəkildə tənqid etməz. Tənqidin, təhlilin, etirazın, müzakirənin, mübahisənin ədəb çərçivəsi, səmərəsi olmalıdır. Bunlardan uzaq olan yanaşma artıq xoruzun quyruğunu göstərir. Quyruq rəngbərəngdir, hərəsi bir niyyət deməkdir. Məsələn, millətinə, onun ədəbiyyatına, adətinə arxa çevirmək, hansısa ədəbi tapşırığa əməl etmək. (Müstəqil şəkildə asıb-kəsən nihilistlər də var.)

Tənqid sağlam deyilsə, əsl məqsəd öz-özünə üzə çıxır. Lazım olanı qoyub olmayanı rişxəndlə qabartmaq tənqid edənin daxili boşluğunun ifadəsidir. 

Hər adam romantik olub poeziyanı duya bilmir, burda qəbahət yoxdur, pis olan budur ki, adam duymadığı, anlamadığı mövzu haqqında kobud fikir söyləyir. 

Bir hərbçi hansısa bir şairin təxminən "sözümlə çəpər çəkib düşməni sərhədi aşmağa qoymaram" mənasını verən misrasını (nümunəni özümdən uydurdum) əhəmiyyətsiz saya bilər, çünki o real hadisələrin içindədir, bilir ki, düşmənin qarşısını hərbi qüvvə ilə almaq mümkündür, amma ədəbiyyatın gücü başqa yöndə özünü göstərir. Mübariz ruhlu vətəndaşları meydanlara çoxunun pafoslu saydığı vətənpərvər mövzulu şeirlərin təsiri atdı. İnsan robot deyil, şeir birinin ürəyindən qidalanıb mininin mənəvi qidasına çevrilir. Ona daima ehtiyacımız var. 

Daxili təlatümünü ifadə edə bilməyən bir şəxs hansısa şeirdə qəlbindən keçənlərə bənzəyən misralar oxuyanda sakitləşir. Bu cür dincliyi insanlara niyə çox görək?

Tərbiyənin bir forması da ədəbiyyatdır, ordan gözəl keyfiyyətlər mənimsənilir. Həyatdan gələn ədəbiyyatda hər cür mövzuya rast gəlmək olar. Əsas mövzuya nəfəs, can verib onu diriltməkdir, ta öldürüb ölüsünü ortada qoymayalar.