29 Iyul 2025 11:13
139
ƏDƏBİYYAT

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

 ( Qafar Cəfərli və Xatirə Xatunun Lənkəran şəhidlərinə həsr olunan “Payızın 44 anı”  kitabı ətrafında düşüncələr )

 

Yeni kitab alanda çox sevinirəm, oxumağa tələsirəm. Düşünürəm ki, kitabxanam dah da zənginləşir, söz xəzinəm çoxalır, kəsə  yeni söz eşitdim,yeni fikir, yeni təfəkkür.

            Mən təzə kitablardan bahar ətirli, yaz duyğulu nəfəs alıram.Poetik dillə, publisistik ruhla, fəlsəfi dərinliklə  yazılan yazılar, istər iri həcmli olsun,  istərsə də lirik parçalar-  həssasqəlbli, incə duyğulu,  geniş təxəyüllü, istedadlı qələm sahiblərinə  məxsus olanda  qiyamət olur. Bu dəfə Qafar Cəfərlinin mənə bağışladığı iri həcmli “Payızızn  44 anı” kitabı  baharduyumlu olmasa da  oxudum, fikrə daldım, kədərli notlarla yükləndim. Altmış üç qəhrəman şəhidin şücaətinə, qeyrətinə ,vətən sevgisinə,pak düşüncəsinə,vətən torpağını azad etmək diləyinə  həsr olunmuş bu nəfis kitab  şəhidlərə deyilmiş elegiyadır və bənzərsiz bir istəkdir, şəhidlərin ömrünü yaşatmaqdır, onları əbədi olaraq  yaddaşa yazmaqdır.  Yazmaq dedik, ər biləkli, saf diləkli fədakar şəhidlərimiz  mərdlik yolu keçərək  elə bir uca  zirvəyə ucalırlar ki,  misli bərabəri yoxdur. Vətəni, xalqını, yurdunu  dərin  məhəbbətlə sevən, yurdunun qeyrətini çəkən, döyüş anında ölüm qorxusunu tərk edən qəhrəmanların  hər addımını söz-söz , sətir-sətir yazan müəlliflərdən  başqa müəlliflərə nəsib olmayan yaşantılar, duyum, təmkin, istedad, ifadə tərzi tələb olunur. Və belə keyfiyyətləri bu kitabı oxuyarkən hiss etdim.

            “Payızın 44 anı ” kitabını oxuduqca həm sevindim, həm də kədərləndim. Özümü bir anlıq ata-anaların gözləri yol çəkən uşaqlarınata-anaların yerində hiss etdim. Kitabın həmmüəllifləri Qafar Cəfərli və Xatirə Xatunun  ürək çırpıntılarını, həyacanlarını, dözümünü və iradəsuini gördüm. Otuz ilə yaxın bir dövrdə  yağı tapdağı altında qalan elləri, obaları, Qarabağın azadlığı uğrunda  can əsirgəməyən qəhrəman oğullarımızın  Vətənə, yurda  qırılmaz tellərlə bağlı olduğunu, bənzərsiz, şücaətini, onlara sevgisini gördüm.

            Kitabda 63 nəfər Lənkəranlı şəhidin  qəhrəmanlığı təsvir edilmişdir. “Şəhadətin çağırdığı ünvan” adlı ilk oçerkdə 22 yaşında  o uca zirvəyə ucalmış Murad Abbasovun  cəbhədə göstərdiyi  qəhrəmanlığa güzgü tutulur. Xatirə Xatunun şair kimi  iti qələmi, cəsarəti onun yazdığı oçerklərdə də hiss olunur.  Onun qələmə aldığı oçerkdə  Muradın yaşadığı həyat yolu ilə bizi tanış edir, vətənpərvərliyini, cəsarətini, qələbə soraqlı arzularını  diqqətə çatdırır. Yazır ki, Murad və onun kimi igidlərimiz  ona görə  vətənin səsinə səs verib ayağa qalxaraq  ölümün gözünə dik baxdılar ki,  üstümüzdən  “torpağı işğalda olan xalq” adı götürülsün.

            Murad kimi oğullar ona görə şəhid olurlar ki, bu gün ataların  beli  qəmdən bükülsə də sabah balaları alnı açıq, üzü ağ yaşasınlar. Bu amal, bu əqidə uğrunda  dünyadan gedənlər  kim deyir ki, ölə bilər.  Onlar ölmədi, yer üzündən ürəyimizə köç elədilər...

            Şəhidləri xatırladan elegiyadır kitabdakı yazılar.  Hər bir yazı onların keçdiyi döyüş yoluna, qəhrəmanlığına yazılmış kiçik dastandır,bitib tükənməyən dastandır, fədailəri yaşadan xronikalardır.

            Yazıçı dramaturq, Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri Qafar Cəfərli Qarabağın azad olunmasını  tərənnüm edən çoxlu bədii və publisistik əsərlər yazıb çap etdirmişdir.  Yazıçı Vətən müharibəsinin qəhrəmanlarının, onların Azərbaycan sevgisini, vətənpərvərliyini, torpaq uğrunda  cəsarətlə vuruşaraq  şəhadətə qovuşmasını böyük ilhamla qələmə alır.

            “Payızın 44 anı”  kitabında yazıçının bir neçə sanballı oçerki əksini tapıb. Vətənə qurban getmiş İqbal Bayramova həsr etdiyi  “Şəhid komandir” adlı oçerki  maraqlı olduğu qədər oxucuya gerçək təsir bağışlayır. 1977-ci ildə Lənkəranın Hirkan qəsəbəsində doğulmuş İqbal Azərbaycan Dövlət NeftAkademiyasını  “leytenant” hərbi rütbəsi ilə bitirdikdən sonra Ağdam, Tərtər istiqamətindəki cəbhə bölgəsində tağım komandiri kimi xidmətə başlayıb. 2001-ci ildə “baş leytenant” rütbəsi ilə ehtiyata buraxılıb. 2004-cü ildən  DİN-nin  Daxili Qoşunlarında xidmətə qəbul olunub. Hərbi hissələrdə bölük komandirinin müavini, bölük komandiri, qərargah rəisinin müavini, qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində xidmət edib.  Bir neçə medala layiq görülən İqbal Bayramov 2018-ci ilin fevral ayında  “mayor” rütbəsi ilə ehtiyata buraxılır.  Tovuz hadislərindən sonra  könüllü olaraq hərbi xidmətə keçmək istəməsi barədə müvafiqquruma müraciət edir. SHXÇ DX-nin Lənkəran Şöbəsinə ərizə yazaraq  26 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyi sistemində hərbi xidmətə qəbul olunur. 5 oktyabr 2020-ci ildə Zəngilan istiqamətində şiddətli döyüş zamanı şəhadətə yüksəlir.  Bütün bunlar İqbalın hərbi işə bağlılığını, Vətənin işğal altındakı ərazilərini azad etmək üçün canını belə  əsirgəmədiyini göstərir.

            Kitabda yer alan  digər şəhidlər:  Zaur Ağalı, Ülfət Babazadə, Hüseyn Bəşirzadə, Valeh Əkbərzadə, Ramid Əliyev, Əflatun Fərəcov  və  onlarla qeyriləri barədə Qafar Cəfərlinin yazdığı oçerklər  də məzmunu, əhatəliyi, səmimiliyi ilə oxucu  qəlbinə yol tapır, onlarda şəhidlərin ölməz ruhuna hörmət və ehtiram hisslərini daha da yüksəldir.

            Kitabda Ağamir Cavadın yazdığı”Su ömrü”, Əlisəfa Həsənovun qələmə aldığı “Murov qartalı”, Pərvanə Əliyevanın “Şəhidlik zirvəsindən Vətən görünür”, Esmira İsmayılovanın “Hay ver mənə, cənab leytenant!” və s. adlı yazılarını həyacansız oxumaq mümkün deyil.

            Kitabın  diqqət çəkən ən mühüm cəhəti, eyni məzmunlu digər kitablardan fərqləndirən  əsas fərqi ondadır ki, burada şəhidlərin   yalnız tərcümeyi-halı  deyil, onların anadan olandan  şəhid olana kimi həyatlarının ən önəmli  halların, hadisələrin, həmçinin səngər yoldaşlarının, ailə üzvlərinin, dostların da fikir və düşüncələrinin  qələmə alınmasıdır ki, bu da kitabı daha oxunaqlı, daha yaddaqalan edir.

            Kitabda əməkdar jurnalist, şair  Elçin Mirzəbəyli “Qarabağda qovuşan qan” adlı   girişdə qeyd edib ki, qəhrəman oğullarımız müqədəs savaşa getdilər və zəfərlə qayıtdılar, tarix yazdılar, tarixə  yazıldılar:

                        Keçilməz  yollardan vurub keçdilər,

                        O qaya igidlər, o dağ igidlər.

                        Üçrəngli bayrağa könül bağlayan,

                        Bayraqla ucalan bayraq igidlər.

            Mənim  şəhid  kitablarımın  birində  mərhum şair publisist  Allahverdi Məmmədli  “Ölsəm, inanma!” kitabıma son söz əvəzində  yazıb ki,  o (yəni İ.Ş) Azrbaycan adlı andımızı yaşatmaq üçün  can fəda  edən oğullara qələm kağızla  nəfəs  vermək,  onları  gələcək qəhrəmanlarımıza tanıtmaq üçün  çox gərəkli  bir missiyanı  yerinə yetirir.

            Kitabın müəllifləri  şəhidlik zirvəsinə ucalanların  yarımçıq ömrünü  tamamlamaq, sona çatdırmaq  istəmiş, bununla da  son dərəcə  əhəmiyyətli bir  vəzifəni  yerinə yetirmişlər. Qəhrəmanların  yolunu gələcək nəslə həvalə etmişlər.

            Şəhidlərimizi Qafar Cəfərlinin  və Xatirə Xatunun  kitabda  oxuculara olan müraciəti  ilə  bitirmək istəyirəm: ”-Əziz dostlar!  Inanırıq ki,  əlinizdə olan  kitabı səbirlə oxuyub şəhidlərimizin  ömür yolundan  xəbər  tutacaq, dünənə kimi  ətrafımızda  gördüyümüz, bu  gün isə  ən uca  məqamda  qərar tutan  həmyerlilərinizlə fəxr edəcəksiniz. İnanırıq ki,  şəhidlərimizin  işıqlı xatirəsinə həsr olunmuş  bu kitab  şəhid ailələrinə  bir təskinlik olacaq, övladlarının  ölməz xatirəsinin  əbədiləşdirilməsində açar  rolunu  oynayacqdır.”

 

İDRİS  ŞÜKÜRLÜ

Azərbaycanın əməkdar jurnalisti, yazıçı publisist.

                                                                                                                   10.07.2025.