Şeirlər şairin eynəyidir

(Gənc şair Rəsul Mirzənin şeirləri haqqında)
Təbiətcə sakit insanlar adətən təlatüm dolu əsərlər yaradarlar. Məsələn əsərlərinin qəhrəmanı külələr, tufanlar, baharda leysanlar olar. Zahirən sakit, daxilən təlatümlü insanları sezmək heç də asan olmur. Çox gülən insanlardan “qorxmaq lazımdır”. Çünki onların hər gülüşündə həsrət çilikləri var. Məsələn özlərini aynalardan yox, payızın pəncərəyə düşməyindən görər belə insanlar. Payız çisginlərlə gələr pəncərələrə. Pəncərələrdə donar payız, gülüşlər xatirələrdə donduğu kimi. Hələ başlanğıcı olmayan və sonu bitməyən yollarda yolçuluq etməyi də var, belə insanların. Rəsul Mirzənin haqqında yazmaq gənc olmağına baxmayaraq biraz məsuliyyətli və çətin işdir. Bu məsuliyyətin və çətinliyin səbəbi isə onun qələmindən doğulan həyat dolu şeirləridir. Rəsul Mirzə az bir zamanda yazmağına baxmayaraq kifayət qədər güclü qələm sahibidir. Şeirlərində həyatla insan arasındakı mübarizə poetik baxımdan “özünü vərəqə yetirir”.
İndi heç yuxu da görmürəm daha,
Yığışıb gəlmişəm uzaqlarımdan.
Yazın ortasında bir yarpaq kimi,
Qoyma, yıxılıram budaqlarımdan.
Yuxarıda qeyd etdiyim şeirdə Rəsul həyatın ip qədər nazik məqamlarını oxucuya çatdırmaq istəyir. Düşünürəm ki, bu şeiri onun yaradıcılığında epiqraf hesab etmək olar. Şeir ümumilikdə mənaca dolğun ifadə olunub. Bədii təyin öz yerini çox gözəl tapıb.
Səni düşünürəm gün batan kimi
Oralar necədi? Bura qış düşür
Elə getmisən ki, bu gedişinə
Nə nifrət, nə də kin, bir alqış düşür.
Şairlər adətən şeirlərində yar gedişini nifrətlə yaxud da daxili əzabla ölçərlər. Amma bu gənc şair yarın gedişini “alqışlayır”. Bu “alqış” bəlkə də min nifrətdən üstündür. Deyirlər şairlər nifrət etməyi, kin bəsləməyi bacarmazlar. Amma kim deyə bilər ki, bu “alqışın” içində kin yoxdu. Baxmayaraq ki, özü deyir ki, gedişinə kin düşümür. Rəsul Mirzə öz poeziyasında gedişi lənətləmədi , əksinə “vəsf etdi”. O vəsf ki, min lənətdən üstündür.
Bu yol da bitəcək, axır bitəcək,
Mənə bəslədiyin nifrətin kimi.
Bir az öncə yuxarıda qeyd etdiyim kimi, başlanğıcı olmayan və sonu bitməyən yollarda yolçuluq edir gənc Rəsul. Əslində bitəcək dediyi yol bəlkə də həmin şeirdən başlayır. O şeirdən ki orda sonsuzluq və başlanğıcsızlıq var…
Bu yol da bitəcək, sonu olmayan
Və heç başlamayan həsrətin kimi…
Şair yol mövzusunu birbaşa insan taleyi ilə bağlayır. Onun fərdi və poetik düşüncəsində insanlar ömürlərin yollarda yaşayar . Talelər yollarda yazılar- tale yolunda. Ayrılıqlardan ayrılmaq yollarda baş verir. İnsanlar bir ovuc xoşbəxliyin arxasınca yollarda qaçır. Əbəs yerə yox, məhz bu səbəbdən yol mövzusu gənc şairin poezoiyasında geniş yer alır.
Hər gün bir şeirim yıxılıb ölür,
Bu ağ varaqlara, qəbir kimidi.
Kim sevgi axtarır, sevinc axtarır-
taleyim hamıya ləpir kimidi.
Həmişə düşünmüşəm ki, şeirlər şairin eynəyidir. Şair şeirlərindən baxır həyata. Rəsul Mirzəyə də aid edirəm bu fikri. Çünki onun şeirləri sanki həyatın hislərdən ibarət süzgəcidir. Sevinc süzgəci, kədər süzgəci, xoşbəxlik süzgəci v.s…
Rəsulun qeyd etdiyim şeirində də bu həyat süzgəci öz rolunu oynayır. Şairin dediyi ki, sevinc axtarmaq taleyin ləpiridir.
Kim tutar o çılpaq, yavan əlləri,
Göz yaşından ötrü yuva əlləri.
O qızın əlləri... cavan əlləri
Ovcumun içində qarıdı qaldı.
Qızların özlərinin belə görə bilmədiyi sevginin acısının sözlə rəsmidir bu şeir. Hansı ki, “yavan” əllər bəlkədə çoxdan küləklərdə uçub getmişdi. Əslində qarıyan qızın arzuları və saçları ağarmış sevgisi idi. İndi o sevgini beli bükülüb, dişi tökülüb, saçı ağarıb, üzü qırışıb… Bircə o sevgini gözləri cavandı. Çünki həmişə gözləyir və gözləməkdən yorulmur.
Payızın küləkləri “soyundurub” o qızın əllərini. Min bahar o əlləri isidə bilməz. Bütün bu hekayətlərin poetik və yığcam forması Rəsul Mirzənin yuxarıda qeyd etdiyim şeirində öz əksini tapıb.
Bütün bu şeirlər haqqında yaza- yaza yalnız bunu düşündüm: şeirləri ilə insanların ürəyinə su səpməyi bacaran qələm sahibinin imzasını niyə gec- gec görürük? İşinin çətinliyindənmi? Məşiət qayğılarındanmı? Yoxsa poeziyaya küskünlüyündənmi?...
Cavabsız qalan suallarıma yəqin ki, müəllifin digər şeirlərində cavab tapacam.
Əntiqə Kərimzadə